Cey Di Vens: Danışıqlarda İranla razılığa çox yaxınıq



ABŞ-ın Vitse-prezidenti Cey Di Vens İranla aparılan danışıqlarda nüvə proqramı ilə bağlı bəzi fikir ayrılıqlarının davam etdiyini, lakin tərəflərin razılığa gəlməyə çox yaxın olduğunu ifadə edib.

AFN.az xəbər verir ki, "The Hill" qəzetinin yaydığı məlumata görə, Vens Merilend ştatındakı "Joint Base Andrews" hava limanında İranla aparılan danışıqlarla bağlı jurnalistlərə bəyanat verib.

Vens ABŞ və İran arasındakı müzakirələrdə rəsmi Tehranın nüvə proqramına dair bəzi çətinliklərin qaldığını, buna baxmayaraq tərəflərin kompromisə olduqca yaxınlaşdığını söyləyib.

Danışıqlarda İranın nüvə potensialı da daxil olmaqla bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirən Vens nüvə mövzusu ilə bağlı yüksək dərəcədə zənginləşdirilmiş ehtiyatlar və zənginləşdirmə problemi kimi bir neçə məsələnin olduğunu qeyd edib.

O, İran tərəfinin ən azı indiyə qədər xoş niyyətlə danışıqlar apardığını düşündüklərini və müəyyən irəliləyişlər əldə etdiklərini vurğulayıb.

ABŞ-ın Vitse-prezidenti müzakirələrdə daha çox irəliləyişə nail olmağa ümid etdiklərini bildirərək, ABŞ Prezidenti Donald Trampın sazişi təsdiqləyəcək nöqtəyə gəlməsinin mümkün olduğunu, lakin bunun hələlik tam dəqiqləşmədiyini ifadə edib.

İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılıb-çıxarılmayacağı ilə bağlı suallara birbaşa cavab verməkdən yayınan Vens bu istiqamətdə bəzi detalların həll edilməli olduğunu və bunun zaman aparacağını diqqətə çatdırıb.

Yaxın gələcəkdə sazişin imzalanıb-imzalanmayacağı barədə danışan Vens bu problemləri masa arxasında həll edə biləcəkləri bir mərhələyə yaxınlaşdıqlarını, lakin bunun üçün bir az da irəliləməyə ehtiyac olduğunu vurğulayıb.

O, buna nail olunacağına zəmanət verə bilməsə də, hazırda məsələyə kifayət qədər nikbin yanaşdığını qeyd edib.

Digər tərəfdən, Amerikanın "Axios" xəbər platformasının adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən yaydığı məlumatda iddia edilib ki, ABŞ və İranın danışıqlar qrupu atəşkəsin uzadılması və İranın nüvə proqramına dair müzakirələrin aparılması üçün 60 günlük razılıq əldə ediblər.

Sözügedən razılaşmanın rəsmiləşməsi üçün Prezident Trampın təsdiqinin gözlənildiyi bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, razılaşma mətninə əsasən, ilk mərhələdə Hörmüz boğazı heç bir məhdudiyyət qoyulmadan kommersiya gəmilərinin keçidi üçün açılacaq, bunun müqabilində isə ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldıracaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu