ABŞ: Livana qarşı hücumlar İranla əldə olunan atəşkəsə daxil deyil
ABŞ vitse-prezidenti Cey Di Vens İsrailin Livana qarşı hücumlarının İranla bağlanan müvəqqəti atəşkəsin tərkib hissəsi olmadığını bildirərək, "Biz heç vaxt belə bir vəd verməmişik" deyib.
AFN.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Vens İsrailin Livan əməliyyatlarını davam etdirməsinin sazişi pozub-pozmadığı ilə bağlı iddiaları rədd edib. O, israillilərin danışıqların uğurlu keçməsini təmin etmək üçün Livanda bəzi addımlarını məhdudlaşdırmağı təklif etdiklərini, lakin bunun atəşkəs şərtlərindən qaynaqlanmadığını vurğulayıb.
Vens ABŞ-ın bu mövzuda heç bir öhdəlik götürmədiyini, buna baxmayaraq İranın Livan səbəbiylə prosesi pozmaq istəyəcəyi təqdirdə bunun Tehranın "axmaqca" seçimi olacağını qeyd edib. Vitse-prezident həmçinin Hörmüz boğazında gəmi hərəkətinin artdığını və neft qiymətlərinin düşdüyünü xatırladaraq, Donald Trampın Amerika xalqı üçün sərfəli bir sövdələşməyə imza atdığını bildirib.
İranın əlindəki zənginləşdirilmiş uran ehtiyatının müzakirələrin əsas mövzusu olduğunu bildirən Vens Tehranın nüvə silahı istehsal etməsini istəmədiklərini bəyan edib. O, Trampın sanksiyaların qaldırılması və iqtisadi tərəfdaşlıq kimi vədlərinin yalnız İranın nüvə fəaliyyətlərini dayandıracağı təqdirdə mümkün olacağını vurğulayıb.
Mətbuatda yayılan 10 maddəlik təklif planlarına da aydınlıq gətirən Vens ilk təklifin "ChatGPT tərəfindən yazıldığını düşündükləri" qeyri-ciddi bir sənəd olduğunu və dərhal rədd edildiyini açıqlayıb. İran Parlamenti sədri Məhəmməd Baqir Qalibafın tənqidlərinə cavab verən Vens heç bir atəşkəsin müəyyən fasilələr və gərginliklər olmadan baş tutmadığını sözlərinə əlavə edib.
