Haitidə fövqəladə vəziyyət bir ay uzadılıb


Haitidə həbsxanadan qaçan məhbusların tutulması üçün martın 4-də elan edilən 72 saatlıq fövqəladə vəziyyət 1 ay uzadılıb.



Nazirlər Şurasının iclasından sonra dərc edilən fərmanda ictimai asayişin yenidən yaradılması məqsədilə fövqəladə vəziyyətin müddətinin 1 ay uzadıldığı bildirilib.

Paytaxt Port-au-Prinsin küçələrində geniş təhlükəsizlik tədbirləri görən polis dəstə üzvlərinin olduğu yerlərə basqın edib.

Toqquşmalara görə şəhərin bir çox yerindən atəş səsləri eşidilib.

Digər tərəfdən ölkədə davam edən dəstə zorakılığı səbəbindən 5 martdan bəri Puerto Rikoda gözləyən Haiti Baş naziri Henrinin dönüş tarixi hələ dəqiqləşməyib.

Minlərlə məhbusun həbsxanadan qaçmasına səbəb olan dəstə liderlərindən biri olan “Barbekü” ləqəbli Cimmi Çerizier dünən verdiyi açıqlamada Baş nazir Henrinin istefa vermədiyi təqdirdə “Haiti ya hamı üçün cənnət, ya da hamı üçün cəhənnəm olacaq" sözlərini demişdi.

Henrinin istefasını tələb edən silahlı dəstələr martın 2-də və 3-də Port-au Prince və Croix des Bouquets bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücum edərək təhlükəsizlik qüvvələri ilə toqquşub. Qarşıdurmalar zamanı 4 minə yaxın məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

Hökumət martın 4-də həbsxanadan qaçan cinayətkarların tutulması üçün 72 saatlıq fövqəladə vəziyyət elan edildiyini və müəyyən saatlarda komendant saatı tətbiq ediləcəyini açıqlayıb.

Çerizierin dəstəsi baş nazir Henrinin ölkəyə qayıtmasının qarşısını almaq üçün dəfələrlə paytaxt hava limanını ələ keçirməyə cəhd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu