Tesla işçilərinin 10 faizindən çoxunu ixtisar edəcək


Teslanın 140 min nəfərlik qlobal personalının 10 faizindən çoxunu işdən çıxaracağı açıqlanıb.

2020-ci ilin sonundan etibarən işçilərin ümumi sayını təxminən iki dəfə artıran şirkətin ixtisarları elektromobil sənayesində daha çox rəqabətin və daha az tələbatın təsirlərinin nümunələrindən biri hesab olunur.

"Reuters"in hesabatına görə, həftə sonu Teslanın CEO-su Elon Mask işçilərə göndərdiyi e-poçtda planlaşdırılan işdən çıxarmaları xərcləri azaltmaq və məhsuldarlığı artırmaq ehtiyacı ilə əlaqələndirib.

Elektrikli avtomobillərə tələbin və ya Tesla satışlarının azalması ilə bağlı heç bir açıqlama verilməyib.

“Biz təşkilata hərtərəfli nəzər saldıq və dünya üzrə işçilərin sayını 10 faizdən çox azaltmaq üçün çətin qərar verdik” deyə Tesla işçilərə e-poçt ünvanında yazıb.

Qeyd edək ki, Tesla bu ilin ilk üç ayında satışların illik azaldığını açıqlayıb.

General Motors və Ford da daxil olmaqla digər avtomobil istehsalçıları da bu məhsullara tələbatın gözləniləndən zəif olması səbəbindən elektrik avtomobillərinin istehsalını azaldıblar.

Ümumilikdə elektrik avtomobil satışları sənayedə böyüməyə davam etsə də, lakin proses gözlənildiyi qədər sürətlə getmir.

Xatırladaq ki, ABŞ-da elektrikli avtomobil satışları keçən il 40 faiz artaraq ilk dəfə 1 milyonu keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu