İki ayağı buddan yox idi, atası ilə danışanda "Bomba kimiyəm" dedi - İş adamı qazi Camaldan yazdı-FOTO
"Hünər Group" şirkətinin rəhbəri Ehtiram Quliyev müharibədə tanıdığı, həyatda qalması üçün əlindən gələni etdiyi qazi Camal haqqında xatirəsini paylaşıb. AFN mövzuya olan marağı nəzərə alıb 44 günlük Vətən Müharibəsində həm maddi, həm fiziki ordumuzun yanında olan, təcili yardım maşını sürücüsü kimi ön cəbhədə aktiv fəaliyyət göstərən iş adamının yazısını təqdim edir:
Müharibənin ən qızğın günlərindən biri idi. Qubadlı şəhər və Laçın istiqamətində gərgin döyüşlər gedirdi. Heç şişirtmədən onu deyə bilərəm ki, Qubadlıda qurduğumuz tibb məntəqəmiz yaralı ilə dolub daşırdı. Nəinki çadırlarımız, ətrafımda gördüyüm ərazinin hamısı, daşın təpənin üstü yaralılarla dolu idi.Sən demə, filmlərdə gördüyümüz bu cür səhnələr heç də rejissor təxəyyülü deyilmiş. Qısası, döyüşdə igidlərimiz necə qəhrəmancasına vuruşmuşdusa, elə həmin qəhrəmanlıqla da həkimlərimiz və tibb heyətimiz onların həyatı üçün döyüşürdü... Durmadan gələn yaralıların içində gözüm birinə sataşdı. Gözləri ürəyimin dərinliklərinə işlədi.
Həyatının bahar çağında idi.
Çox gənc idi.
Yaşı yaşımın yarısı qədər olardı.
Elə özü də...
Özünün də yarısı yox idi...
Qısa bir göz təmasından sonra bir neçə saniyə içində doğmalaşmışdı mənə. Dünya başıma fırlanmışdı. İnsan öz övladını o vəziyyətdə görəndə hansı duyğuları yaşayarsa bax o duyğularlı yaşamışdım. Minamyot deyilən zillət canını tamamilə almamışdısa da, əlindən gələni etmişdi. 2 ayaq buddan, barmaqlar, qolunun bir hissəsi yox idi, bədəninin qalan hissələri isə qəlpələrlə dolu idi...
Vəziyyəti heç ümidverici olmasa da, Roman (Çobanov) həkim onu əməliyyata götürdü. Əgər möcüzə baş verib həyatda qalsa idi, onu Horadizə aparacağımı mənə tapşırdılar.
Horadiz hospitalı onsuz da yaralı ilə dolu idi. "İcazə verin Bakıya aparım" dedim. "Yox" dedilər. İndiki təlimat yalnız Horadizədir. Bir də ki, yaşamaq faizi çox aşağıdır, Bakıya qədər dözməz dedilər.
Qəfəsə salınmış aslan kimi idim, çöldə vurnuxurdum və əlimdən bir şey də gəlmirdi. Ambulans sürücüsü Quliyev Ehtiram ən uzağı xahiş edə, yalvara bilərdi .Fikirləşdim ki, yenə rica edim,əgər yenə də yox eşitsəm o zaman Horadiz adı ilə burdan çıxıb düz Bakıya sürərəm maşını. Bundan sonra ola biləcəkləri də gözə almışdim. Komandir əmrə tabesizlikdən istədiyi cəzanı verdirə bilərdi mənə. Ona da olsun dedim. Nəhayət ki, xeyli söhbətdən sonra bizimkiləri razı sala bilmışdim ki, daha bir problem çıxdı. Gəncin vəziyyəti çox kritik olduğundan yanında həkim getməlidir dedilər. Həkim isə yox idi, onsuzda kifayət qədər çox yaralımız var idi. Bütün vasitə və kanalları işə saldıqdan sonra Fizuli xəstəxanasından bizimlə getməyə razılıq verən bir həkim tapdıq. O, uzun illərdir İstanbulda yaşayan və çalışan, vətəndəki müharibə xəbərini eşidən kimi Azərbaycana dönüb könüllü yaralılarımıza xidmət edən əslən Laçınlı Faxri dr. idi. Canla-başla gələrəm dedi. Amma yenə də bir problem çıxmışdı, bu həkimin bizim yanımıza gəlməyə, yəni döyüş bölgəsinə girməyə icazəsi yox idi. Sağ olsun komandirimiz onu da birtəhər həll etdi. Beləliklə biz bu problemləri həll edənə kimi Roman dr. 7 saatdan çox davam edən çox çətin və gərgin ilk müdaxiləni uğurla başa çatdıra bilmişdi. Balamız yaşayırdı. Qalmışdı indi onu Bakıya çatdıra bilmək. Gecə idi, yolların vəziyyətindən isə heç söz açmasam yaxşıdır. Yola çıxanda Bakıya çatmaq şansının yarı-yarıya olduğunu dedilər həkimlərimiz. Çox həyəcanlı idim. Sanki onun taleyini digər yaralılarımızla da bağlamışdım, elə bilirdim o xilas olsa digərləri də olacaq. O mənim içimdəki xeyirlə şərin qəhrəmanına, simvoluna çevrilmişdi.
Az yol getmişdik ki, oyandı. Evləri ilə danışmaq istədi. Atasına zəng etdim, Bakıya gəlirəm dedi. Atasının “Necəsən balam?”sualına cavabı ”Bomba kimi”oldu. Cavab məni yerdən yerə vurmuşdu. Cavab mənim öz həyatımı tamaşaya qoymuşdu. Tamaşadakı baş rolda da isə gün ərzində həyatımdakı xırda problemlər üçün şikayətlənən mən idim. O vəziyyətində belə atasına "Bomba kimiyəm" demişdi bu 19 yaşlı gənc.
Həyatımın ən çətin gecəsini keçirirdim bəlkə də. Bir tərəfdə uşağın dözülməz səsləri, bağırtıları. Digər tərəfdən də dayanmadan atası “Ogluma nə olub?” deyə zəng edirdi. Bu suala necə cavab verəsən axı? Axı məndə bomba kimi deyən bu gəncdəki iradədən yox idi! Sonunda atası mənə “Sənə Allaha and verirəm mənə düzünü de, oğlumu yarımçıqmı gətirirsən Bakıya?” dedi. Uzun susqunluqdan sonra göz yaşları içində ”Bağışla, hə” dedim.
Çətinliklə də olsa Bakıya çata bildik. Çətinliyin dərəcəsini anlamaq üçün onu deyə bilərəm ki, səhəri günü avtoyuyucuda ambulansın içinin qanını şlanqla yumuşdular. Bakıya çatanda bir neçə yaş qocalmışdım elə bil.
Təhvil verdik burdakı həkimlərə və 3 aya yaxın xəstəxanada qaldı, dəfələrlə əməliyyat olundu. Özünün də xəbəri olmadan bu 3 ay ərzində qiyabi olaraq hər gün evimizin qonağı oldu. Bu vaxt ərzində onun üçün hər gün dua etdik, planlar qurduq, hətta evləndirdik də. Onunla tez-tez telefonlaşırdıq, 2 gün əvvəl (yazı 27 yanvarda yazılıb-red.) isə nəhayət evinə gəldi və görüşdük. Gələcəyə gözəl, özü demişkən “Bomba kimi”planlar qurduq.
Tanış olun mənə həyat dərsi keçən – Camal.