Xarici işlər naziri İranın müharibəyə qoşula biləcəyini istisna etməyib
Qarşıdakı saatlarda müqavimət cəbhəsindən qabaqlayıcı tədbirlərin görülməsi mümkündür.
İRNA xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Abdollahian İsraillə Qəzza zolağı arasında müharibə haqqında danışarkən deyib. O, müqavimət liderləri, o cümlədən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşdüklərini bildirib.
“Hizbullah üçün bütün mümkün variantlar və ssenarilər var. Onların hesablamalarında hər şey düzgün nəzərə alınıb və müqavimət liderləri sionist rejimin (İsrail - red.) bölgədə hər hansı bir addım atmasına imkan verməyəcəklər. Yaxın saatlarda istənilən proaktiv tədbirin görülməsi mümkündür”, - deyə Abdollahian bildirib.
Onun sözlərinə görə, bütün müqavimət liderləri siyasi həll şansı verəcəkləri fikrindədirlər, lakin İsrail dinc əhaliyə qarşı hərbi cinayətlərini davam etdirərsə, hər hansı bir hərəkət mümkündür. İranın xarici işlər naziri əmin edib ki, müqavimət cəbhəsi düşmənlə uzunmüddətli müharibələr aparmağa qadirdir və davam edən münaqişənin genişlənməsi İsrailin xəritəsini dəyişəcək.
O bildirib ki, İslam ölkələrindən olan həmkarları ilə söhbətlər zamanı belə qənaətə gəliblər ki, əgər Birləşmiş Millətlər Təşkilatının malik olduğu məhdud imkanlardan istifadə edilməsə, İsrailə qarşı yeni cəbhələrin açılması ehtimalı qaçılmazdır.
"İran münaqişənin genişlənməsini dəstəkləmir, lakin ölkənin müharibəyə girməsi mümkündür, çünki mövcud vəziyyətə heç bir tərəf biganə qala bilməz. Bu gün Qəzzanı müdafiə etməsək, sabah şəhərlərimizi müdafiə etməli olacağıq. Qabaqlayıcı tədbirlər görülməsə, Beyrutda sionist qüvvələrlə vuruşmalı olacağıq" - deyə Abdullahian bildirib.
İranın xarici işlər naziri həmçinin xəbərdarlıq edib ki, vaxt daralır: "Vəziyyət qaynama nöqtəsinə çatana qədər BMT və beynəlxalq ictimaiyyət tez bir zamanda siyasi həll yolu tapmalıdır".
İranın diplomatik rəhbəri həmçinin ABŞ-ı İsraili "mülki insanlara qarşı cinayətləri"nə görə dəstəkləməyi dayandırması haqda xəbərdar edib və deyib ki, ABŞ tərəfləri təmkinli olmağa, eyni zamanda "sionist cinayətkarları" dəstəkləməyə çağıra bilməz.