Kanada İrana qarşı daha çox sanksiya tətbiqi üçün müttəfiqləri ilə koordinasiyanı artıracaq
Kanada hökuməti İrana qarşı təzyiqləri davam etdirmək və daha çox sanksiya tətbiq etmək üçün beynəlxalq müttəfiqləri ilə koordinasiyanı artıracağını açıqlayıb.
AFN.az xəbər verir ki, Kanada Xarici İşlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan Kanada hökumətinin internet saytında birgə açıqlama yayıblar.
Açıqlamada nazirlər İranın Hörmüz boğazından keçmək istəyən gəmilərə yönəltdiyi təhdidlərə və qanunsuz nüvə fəaliyyətlərinə diqqət çəkiblər.
Hörmüz boğazının yenidən açılması üçün ABŞ-ın rəhbərlik etdiyi səylərin əhəmiyyətinə diqqət çəkən nazirlər İrana qarşı təzyiqləri davam etdirmək və daha çox sanksiya tətbiq etmək məqsədilə beynəlxalq müttəfiqləri ilə koordinasiyanı artıracaqlarını bildiriblər.
Nazirlər İranın “Yaxın Şərqdəki sabitliyi pozan fəaliyyətlərinə dərhal son qoyması” lazım olduğunu ifadə edib, İranın terror fəaliyyətlərini maliyyələşdirmək imkanını pozmağa yönəlmiş bütün səylərə dəstəklərini davam etdirdiklərini açıqlayıblar.


