Şimali Afrika ölkələri və Fələstində həddindən artıq istilər olacağı ilə bağlı xəbərdarlıq edilib


Əlcəzair, Mərakeş, Tunis və Misirdə hava istiliyinin tədricən artacağı bəzi bölgələrdə 50 dərəcəyə çata biləcəyi ilə bağlı xəbərdarlıqlar edilir.


AFN.az xəbər verir ki, Əlcəzairin Meteorologiya Baş İdarəsi tərəfindən verilən açıqlamada iyulun 11-də paytaxt Əlcəzairdə kölgədə hava istiliyinin 47,9 dərəcə olduğu, ölkə daxilində isə temperaturun 50 dərəcəyə çatdığı bildirilib.

Ölkədəki Elektrik və Təbii Qaz İdarəsi "Sonelgaz"ın açıqlamasında ölkə tarixində ən yüksək elektrik istehlakının isti dalğası ilə qeydə alındığı bildirilib.

Əlcəzair Energetika Nazirliyinin məlumatlarına görə, ölkənin elektrik enerjisi istehsalı 24 min meqavattı ötüb, ötən gecə ölkənin bəzi bölgələrində 5 saatdan çox davam edən elektrik kəsilməsi yaşanıb.

Meteorologiya Baş İdarəsi isə ölkədə isti dalğasının davam edəcəyini, lakin bəzi sahilyanı şəhərlərdə temperaturun bir qədər aşağı düşəcəyini bildirib.

Açıqlamada ölkənin şərqində, mərkəzi və qərbində bir çox bölgədə havanın temperaturunun 40-dan yuxarı qalacağına diqqət çəkilib və vətəndaşlara lazımi tədbirləri görmələri barədə xəbərdarlıq edilib.

Tunis Milli Meteorologiya İnstitutundan verilən məlumatda, iyulun 9-da ölkənin cənubunda yerləşən Tüzer şəhərində hava istiliyinin kölgədə 48,9, günəşdə isə 57,3 dərəcəyə çatdığı qeyd edilib.

Görünməmiş isti dalğasının olduğu vurğulanan açıqlamada iyulun ilk günlərində orta temperaturun 50 dərəcəni keçdiyi bildirilib.

Mərakeş Meteorologiya Baş İdarəsi ölkənin bəzi bölgələrində temperaturun 48 dərəcəyə yüksəldiyini açıqlayıb. Bəzi bölgələrdə havanın temperaturunun 37-48 dərəcə arasında dəyişəcəyini qeyd edən Meteorologiya Baş İdarəsi vətəndaşlara isti havalara qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.

Misir Meteorologiya İdarəsi istilərin 19 iyula qədər davam edəcəyini açıqlayıb. Bildirilib ki, ölkə ərazisində isti və rütubətli hava şəraiti hökm sürəcək, ən yüksək temperatur 44 dərəcəyə çatacaq.

Fələstin Mülki Müdafiə Baş İdarəsi isti dalğasının səbəb ola biləcəyi yanğın kimi fəlakətlərə qarşı xəbərdarlıq edib.

Departament yüksək temperaturdan qaynaqlanan yanğınların və qəzaların qarşısını almaq üçün evin daxilində və xaricində, restoranlarda və ictimai obyektlərdə rəftarla bağlı ümumi təhlükəsizlik təlimatlarını dərc edib.

Direktivdə açıq rəngli pambıq paltar geyilməli və bol maye qəbul edilərək bədənin nəm saxlanması vurğulanıb.

Fələstin Meteorologiya İdarəsi tərəfindən edilən yazılı açıqlamada vətəndaşlara uzun müddət günəş altında qalmamaq xəbərdarlığı edilib.

Açıqlamada sabah havanın temperaturunun 33 dərəcəyə çata biləcəyi qeyd edilib və yaxın günlərdə istilərin artacağı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi də xüsusilə uşaqların günəş işığına uzun müddət məruz qalmasının qarşısını almaq lazım olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu