Terrorçuluq niyə məğlubedilməzdir?




Əkrəm Həsənov



Bilmədiklərinizi bilin və sadəlövh olmayın!

Hazırda Kürdüstan dövləti yaranmaq üzrədir. Bəli, müxtəlif yollarla, o cümlədən terrorçuluqla kürd xalqı öz dövlətinin yaranmasına nail olmağa çox yaxındır. Faktiki olaraq kürdlər yəhudilərin yolunu gedir. Niyə? Çünki İsrail də məhz belə yaranıb. İsrailin hazırda terrorçuluğun əleyhinə danışmağına baxmayın, özü də terrorçuluq fəaliyyəti nəticəsində yaranıb. Elə bilirsiz ki, İsraili ABŞ yaradıb? Xeyr, ABŞ və İngiltərə bu dövlətin yaranmasını istəmirdi. İsrail sırf Stalinin istəyi nəticəsində yaranıb. Keçmiş terrorçu Stalinin.
Ötən əsrin əvvəlində Fələstində ərəb yəhudilərdən xeyli çox idi. Yəhudilər yavaş-yavaş başladı ora köçməyə. II Dünya Müharibəsindən sonra Fələstin ingilislərin hakimiyyəti altında idi. Buna görə də yəhudilər başladı ingilislərə qarşı terror aktları törətməyə. Belə ki, məsələn, 22 iyul 1946-cı ildə “Çar Davud” mehmanxanasını partlatmışdılar, xeyli ingilis və ərəb ölmüşdü. 2006-cı ildə İsrail həmin terror aktını təntənəli qeyd etmişdi və indiki baş naziri Binyamin Netanyahu da orada iştirak etmişdi. Təbii, yəhudiləri bunu terror aktı hesab etmir!
Buna görə də Fələstin müsəlmanları da indi eyni yolla öz dövlətlərini yaratmaq istəyirlər. Məntiq sadədir: axı niyə yəhudilər gəlib bizim ərazidə terror yolu ilə dövlət yarada bilər, biz isə yox? Kürdlər də eyni məntiqdən çıxış edir! Buna görə də hətta ABŞ da onları silahlandırır. Ona görə ki, onları terrorçu hesab etmir. Terrorçuluğun universal tərifi yoxdur. "Terrorçuluq" sadəcə sizin dəstəkləmədiyiniz zorakılıqdır, vəssalam! Hərənin öz baxışı ola bilər burada. Kimə necə sərf edir, elə də istifadə edir bu termindən. Siyasət çirkin şeydir, biz isə siyasətçilərin təlqin obyekti. Xüsusilə Qərb siyasətçilərinin, riyakarlıqda onların tayı yoxdur! Eyni əməlləri törədənlərin birinə terrorçu deyirlər, amma digərinə yox. İsveçrəli tarixçi Daniele Ganser sual verir: axı niyə II Dünya Müharibəsi zamanı Fransanı istila etmiş almanlara qarşı olan zorakılıq qəhrəmanlıq, amma hazırda müsəlmanların öz azadlığı uğrunda törətdiyi zorakılıq terrorçuluqdur?..
Buradan bir nəticə çıxır: güclü olmaq lazımdır! Beynəlxalq hüquq, ümumbəşəri dəyərlər, insan haqları və s. yaxşı şeylərdir, amma reallıqda əsasən işləmir. Əksinə, bütün bunlardan gözdən pərdə asmaq üçün istifadə edirlər. Məsələn, bu yazını oxuyanların əksəriyyəti hesab edirdi ki, Fələstin ərəbləri “terrorçu”, yəhudilər isə “sivil” insanlardır, elə deyilmi? Sizin təqsiriniz yoxdur: sadəcə təbliğatın qurbanısız. Təbliğatın qurbanı olmayın! İnsanları ilk növbədə maddi durumları maraqlandırır. Dövlətləri də həmçinin. Buna görə də dünyada maddi resurslar uğrunda amansız savaş gedir. Burada haqlı-haqsız axtarmaq əbəsdir. Sadəcə güclü olmaq lazımdır. Tarix sübut edir ki, meydanda güclü qalır. Nə bilim, indi XXI əsrdir, elm belə gəldi, mədəniyyət elə getdi – boş söhbətlərdir. İnsan elə həmin insandır, dəyişməyib. Ona görə də heç kəsin şirin dilinə və təbliğatına aldanmayaq...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu