Böyük Britaniya Azərbaycanda ən böyük investordur


Böyük Britaniya Azərbaycanda ən böyük investordur


İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.



Görüşdən əvvəl Baronessa Rona Ferhedin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. Böyük Britaniyanın nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verdiyini, ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. Azəri-Çıraq-Günəşli layihəsinin bu ilin sentyabrında 2050-ci ilədək uzadılmasının tarixi əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Azərbaycanın Britaniyanın BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirib. BP şirkəti ölkəmizdə neft-qaz sahəsində 7 layihədə iştirak edir, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP layihələrində paya malikdir. Azərbaycana yatırılan investisiyaların həcminə görə Böyük Britaniya ilk yerdədir. İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində, eləcə də Böyük Britaniyada təhsil alırlar. Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Baronessa Rona Ferhedin Bakıya səfərinin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, əməkdaşlığın genişləndirilıməsi istiqamətləri barədə fikirlərini bildirib. Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər. Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inklişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Nazir Şahin Mustafayev həmçinin, Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, ölkəmizdən Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib. Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizdə aparılan islahatlar barədə də danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb. Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın Britaniya tərəfdən həmsədri Baronessa Rona Ferhed Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, Böyük Britaniya şirkətləri, o cümlədən BP ilə əməkdaşlığı xüsusilə qeyd edib. İqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayan Baronessa Rona Ferhed bu baxımdan Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin önəmini vurğulayıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu