Azərbaycanda qış turizm mövsümünə hansı yeniliklərlə start verildi?


“Bu gün “Şahdağ” Turizm Mərkəzinin qarşıya qoyduğu əsas hədəf mərkəzin xidmətlərindən istifadə edən yerli və əcnəbi turistlərin sayını artırmaq, istirahət üçün bizi seçənlərin məmnunluğunu artırmaqdır. Əsas məqsədimiz həmçinin “Şahdağ”ı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm məkanı kimi dünyaya açmaqdır”.


Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə təşkil edilmiş iki günlük mediatur zamanı mərkəzin direktoru Rüstəm Nəcəfov jurnalistlərə açıqlamasında bildirib.
2023-cü il ərzində “Şahdağ” Turizm Mərkəzinin bir çox yeniliklərə imza atdığını deyən mərkəz direktoru qeyd edib ki, bu qış mövsümündə xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadə verilib, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılıb.

Rüstəm Nəcəfov media nümayəndələrinin diqqətinə çatdırıb ki, 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışı keçiriləcək: “Bu il “Şahdağ”da həyata keçirilən daha bir yenilik təmizlik və təhlükəsizlik amillərinə xüsusi diqqət yetirilərək hazırlanan gölün istifadəyə verilməsidir. Bir hissəsi üzgüçülük, digər hissəsi isə katamaranla gəzinti üçün nəzərdə tutulan göl yay mövsümündən qonaqların xidmətindədir”.
Qeyd edək ki, iki günlük infotur zamanı media nümayəndələri mərkəz ərzisində tətbiq edilən mövcud xidmətlərlə və yeniliklərlə yerindəcə tanış oldular. Hazırda qonaqların kompleksdə gecələmələri üçün iki 5 ulduzlu, bir 4 ulduzlu, bir 3 ulduzlu,1 apartament tipli hotel və spa mərkəzləri, xizək icarəsi fəaliyyət göstərir.

Mərkəzin ərazisində əyləncə vasitələrinin və əlavə xidmətlərin sayı ildən-ilə artırılır. Təkcə başa çatmaqda olan il ərzində kompleks ərazisində icarəyə veriləcək obyektlərin sayının artırılması məqsədilə 9 yeni icarədar cəlb edilib. Bu isə mərkəzdə müştərilərə xidmət uğrunda rəqabəti artırır, nəticədə isə qiymətlərin ucuzlaşmasına səbəb olur.
İnfotur zamanı jurnalistlərə o da bildirilib ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-nə kimi olan müddətdə “Şahdağ” Turizm Mərkəzində hotellerdə gecələyənlərin sayı 67.821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158.506 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda qış mövsümünün açılışı münasibətilə Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən də 90-a yaxın turizm sektoru nümayəndəsi, blogerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü də “Şahdağ”a səfər edib.

Fəxriyyə ABDULLAYEVA
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu