İlham Əliyev Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 16:38    |    Xəbər oxunub: 664 dəfə
İlham Əliyev Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb


Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin Teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.



Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Anar Rzayev

Eldar Quliyev

Azər Paşa Neymətov

Rasim Balayev

Şəfiqə Məmmədova

Hacı İsmayılov

Nurəddin Quliyev.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Leyla Ramazanlıdan İçərişəhər

Leyla Ramazanlıdan İçərişəhər FOTOSESSİYASI

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib-

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib- FOTOLAR

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur