Türkiyə səfirliyinin ikinci katibi Bakıdan hara qaçdı...




Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin Bakıdakı səfirlikdə işləyən oğlu naməlum istiqamətə qaçıb.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə Ankara prokurorluğu tərəfindən hazırlanan FETÖ iddianaməsində yer alır. Həmin iddianamə hərbi çevriliş cəhdinə rəhbərlik edən 38 nəfər “FETÖ mənsubu” barədədir.

İddianamədə deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə “FETÖ mənsubu” kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.

General Mehmet Dişli istintaqa verdiyi ifadəsində Bakıda işləyən oğlu və üzərindən çıxan 1 dollarlıq banknot barədə bunları demişdi: “Həmin 1 dollar oğlum Dişlinin diplomat kimi ilk təyinat yeri olan Azərbaycanda aldığı maaşdan qalan dollarlardan biridir”.

Məlum olduğu kimi Türkiyə hüquq-mühafizə orqanları hərb çevriliş cəhdini həyata keçirən fətullahçı zabitlərin şifrəli 1 dollarlıq banknotlar gəzdirdiyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu