Adil Şükürovun istefasının ŞOK SİRRİ

Xəbərin çap versiyası
Tarix: 9-01-2017, 20:15    |    Xəbər oxunub: 163 dəfə
Adil Şükürovun istefasının "Neftçi"ylə ölkə kuboku çərçivəsində keçirilən qarşılaşmalar Adil Şükürov üçün "Zirə"nin baş məşqçi postunda sonuncu oldu.

İlk görüşdə gözlənilmədən 0:3 hesabıyla uduzan "Zirə" cavab oyununda 2:1 hesablı qələbəyə sevinsə də, kubokla vidalaşdı. Maraqlıdı ki, "Zirə"ylə "Neftçi"nin dueli iki komandanın baş məşqçisinin qarşılıqlı atmacalarıyla da zəngin idi.

Əvvəlcə Adil Şükürov səfərdə "Neftçi"yə 4 cavabsız qol vuracaqlarını iddia etmişdi. Cavab görüşündən sonra Elxan Abdullayev "Zirə" kimə 4 qol vurub ki, bizə də vursun" deməklə Şükürovun "bostanına daş atmışdı".

Əldə etdiyimiz məlumatlara görə, Adil bəyin ilk görüşdən sonrakı açıqlamaları heç də səbəbsiz deyilmiş. Çalışdırıcı komandasının "Neftçi"dən açıq-aşkar üstün olduğuna əmin olub. İlk oyundakı 0:3 hesablı məğlubiyyətdə kənar qüvvələrin təsirinin olmasından şübhələnirmiş. Təsadüfi deyil ki, səfər oyununda "Zirə" həm hesabı açan, həm də qələbə qazanan tərəf oldu. Amma "Neftçi"yə 4 cavabsız qol vurmaq arzusu gerçəkləşmədi. Şükürov həmin qarşılaşmadan dərhal sonra istefasını açıqlamasa da, təxminən bir həftə sonra postundan ayrıldı. Ən qəribəsi odu ki, onun əvəzləyicisi daha təcrübəli və iddialı mütəxəssis yox, elə öz köməkçisi Ayxan Abbasov oldu.

Təəccüblü deyilmi? "Zirə" rəhbərliyi iddialarını artırmaq fikrində idisə, Şükürovu daha güclü məşqçiylə niyə əvəzləmədilər? Ayxan Abbasov kubokdan əlini üzmüş komandanı avrokuboklara vəsiqə verən pilləyə yüksəldə biləcəkmi?

Mənbələrimiz bu müəmmanın səbəbini də izah ediblər. "Zirə"dən "Neftçi"nin yolunu açmaq, kubokdan könüllü əlini üzmək tələb olunub. "Ağ-qaralar"ın hazırkı vəziyyəti faciəvidi və klubun himayədarlarını heç cür razı salmır. 80 illiyində "Neftçi"nin avrokuboklardan kənar qalması isə onların planlarına daxil deyil. Göründüyü kimi, sponsorların səxavətindən yetərincə yararlanan həmin qüvvələr hazırda klubdan yerliləri göndərib, legioner gətirməklə məşğuldular. Məqsəd isə "Neftçi"nin gücləndiyi, avrokuboklara iddialı heyət formalaşdırıldığı görüntüsü yaratmaqdı. "Pərdə arxası" oyunlar isə 80 yaşlı yubilyarın Avropaya yolunu qısaltmağa hesablanıb.

Adil Şükürov bu ssenariyə razılıq vermədiyi üçün bəzi futbolçular məsələni onsuz "həll ediblər". Bu isə Şükürovla kollektiv arasındakı münasibətləri pozub. Rəhbərlik isə daha "yuxarıda" yazılan ssenariyə əngəl ola bilmədikləri üçün Şükürovu müdafiə etməyib. Belədə çıxış yolu kimi Adil bəyin akademiyada formal bir işlə təmin olunması, komandanın Ayxan Abbasova tapşırılması seçilib. 8 komandalı çempionatda "Zirə" bu mövsüm elitadakı yerini qorumaq üçün mübarizə aparacaq, avrokuboklara iddialıların mübarizəsinə müdaxilə etməyəcək.

Təbii ki, məsələ ilə bağlı "Zirə"nin sabiq çalışdırıcısı Adil bəylə danışdıq. Mütəxəssis bizə bunları söylədi:

"Bu absurddu, ağıla gəlməyən bir şeydi. İnanın, hələ ömrümdə belə bir şey eşitməmişdim. Bunu necə fikirləşib deyiblər mənə çox maraqlıdı. Qətiyyən baş məşqçi vəzifəmdən buna görə ayrılmamışam. Heç ağlımıza gəlməz ki, biz belə bir şey edək. Bizim rəhbərlik və futbolçularla ağıla gələsi bir şey deyil. Komandamızı istəməyən insanlar belə bir şey deyə bilər.

Düşünmürəm ki, "Neftçi"yə qara qüvvələrin "sayəsində" uduzmuşuq. Sadəcə futboldu, qol imkanlarından istifadə edə bilməyəndə nəsə dəyişiklik olmalıdı. Ağlıma da gətirmirəm rəhbərlik məni nəyəsə görə baş məşqçi postundan çıxarıb başqa iş versin. Keçənilki nailiyyətlərdə də hər birimizin əməyi var. İşimizi düzgün qurmağa çalışdıq. Mən belə şeylərə inanmıram. Özümə yaxın buraxmamışam. Kubok oyununda görünürdü ki, futbolçular əzmlə çalışır. Sadəcə belə şeylər olur. Komanda istəməsəydi, "Neftçi"nin qapısı qarşısında bu qədər qol vəziyyətləri yaratmazdı. Yəni, bu qədər imkan yaxalayırlarsa deməli istək, əzm var. Sadəcə, ən böyük problemimiz hücumçu ilə bağlı idi. Qol vuran hücumçumuz yox idi. Bu il ötən mövsümdən fərqli olaraq rəqib qapıları qarşısında daha çox qol vəziyyətləri yaratmışıq. Sadəcə, reallaşdırmaqda problem vardı. Fikrimcə komandanı qışdan sonra gücləndirib daha yaxşı nəticələr qazanmaq olar. Deyə bilmərəm "Neftçi" haqda nə düşünürlər, neyləyirlər. Amma bu məsələlərdə diqqətli olmaq lazımdı. Siz də bilirsiz ki, mən bu kimi şeyləri yaxına buraxmaram. Hamımız bir məqsəd üçün çalışırıq. Xahiş edirəm ki, ağlınızdan belə bir şeylər keçirməyəsiz. Bizim üçün düzgünlük, halallıq daha vacibdi".

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur