OBA marketdən alınan içkidən uşaq zəhərləndi - Müddəti bitibmiş


Bakıda OBA marketdən alınan sərinləşdirici içki uşağın zəhərlənməsinə səbəb olub. Məlum olub ki, alınan içkinin istifadə müddəti bitibmiş.

Bu barədə zəhərlənən uşağın babası Zərdabi Abbasov məlumat verib.

Bildirib ki, bayram günü "Avropa məktəbi"nin yaxınlığında yerləşən OBA marketdən "FRUTO COLA" içkisi alıb.

Evdə bayram süfrəsində həmin içkidən təkcə 4 yaşlı nəvəsi içib:

"Bir də gördük uşağın halı pisləşdi. Əlamətləri zəhərlənməyə oxşayırdı. Gecə təcili yardım çağırdıq. Təcili yardım uşağı zəhərlənmə diaqnozu ilə Qarayev uşaq xəstəxanasına götürdü. Uzun sözün qısası, həkimlərin və tibb bacıların səyləri nəticəsində körpəni ölümün caynağından qurtara bildik.

Sonra məlum oldu ki, zəhərlənməyə səbəb OBA marketdən aldığım içki olub. Belə ki, həmin içkinin üzərində göstərilən tarixə əsasən onun istifadə müddəti 2 ay öncə bitibmiş".

Zərdabi Abbasov söyləyib ki, içkini və qəbzi götürüb marketə gedib: "Eyni vaxtda istifadə müddəti bitmiş içkidən hələ 4 ədəd "vitrində" qalmışdı. Marketin müdirini tələb etdim. Bir gənc oğlan yaxınlaşdı. Mən olanları ona danışdım və iradımı bildirdim. O, bilirsiniz mənə nə dedi? Dedi ki, dayı, mənə və işçilərə 270 manat maaş verirlər, ona görə biz də belə işləyirik. Mən bayramdan öncə ərizə yazıb işdən azad olmağımı xahiş etmişəm. Heç kim gəlib mağazanı təhvil götürmür.

Mən isə öz növbəmdə Qida Təhlükəsizliyi Agentliyinə zəng vurub, şikayət etdim. Mənə bildirdilər ki, "şikayətiniz qeydə alındı, 15 iş günü ərzində sizə cavab veriləcək". (Musavat.com)












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu