Naxçıvanda baş verən hadisələr korrupsiya məsələsi deyil - EKSPERT

"Naxçıvanda Bakıya və ölkənin digər bölgələrinə nisbətən bəzi hallarda spirtli içkilərin və tütün məmulatlarının qiymətində ucuzluq olması haqda zaman-zaman deyilirdi. Hamıya da təəccüblü gəlirdi ki, niyə belədir. İndi məlum olur ki, həmin o 30-40 faiz gömrük rüsumudur – 15 faiz gömrük, aksiz, 18 faiz ƏDV və s. Bunlar büdcəyə daxil olmalı olan vəsaitin alınmaması səbəbinə olub. Həmin o 132 milyon manat bu vergilərdir, əvəzində 50 milyon alıblar, 20 milyon alıblar, bilinmir. Rüşvət müqabilində büdcəyə çatacaq məbləğ çatmayıb. Məsələn, sadə dillə desək, tutaq ki, 10 yeşik spirtli içki gətirilib, bunun 10-nu da rəsmiləşdirsən 100 manat verməlisən büdcəyə, birini rəsmiləşdirsən 10 manat. Görünür, orda hər zaman biri rəsmiləşdirilib".
AFN.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bütün bunların üstünün açılması isə görünür, qara mühasibatlıq vasitəsilə olub: “O, özbaşına deyil, kimlərəsə hesabat verir və aldığı rüşvətlər hardasa qeyd edilir. DTX əməliyyatı həyata keçirdi və xornoloji ardıcıllığa baxsaq, görəcəyik ki, birinci məhz bu qurumun Naxçıvan qolu ləğv edildi, rəsmi olaraq Bakıya tabe etdirildi, sonra bu əməliyyatlara start verildi. Çünki orda yerli məmurlar Ali Məclisin sədrinin birbaşa ya özünün təyinatıdır, yaxud təqdimatı ilə təyin olunmuş şəxslər idi. Ona tabe olan insanların bilgisi çərçivəsində əməliyyat keçirmək mümkün deyildi. Onlar kənarlaşdırıldı, sonra əməliyyatlar başladı. Əks halda, çox güman ki, o qara mühasibatlıq da ələ keçməzdi, hansısa formada bu məlumatların ört-basdır edilməsinə çalışılardı. Görünən odur ki, Naxçıvanın siyasi elitası, indiyə qədərki muxtar fəaliyyəti artıq rəsmi Bakını qane etmir. Bunun əvəzinə hansısa yeni sistem fikirləşirlər”.
N.Cəfərlinin sözlərinə görə, Naxçıvan Konstitusiyası ilə MR Ali Məclisinin sədrinə müstəsna səlahiyyətlər verib. Nəticədə də bu cür problemlər meydana çıxıb: “Təbii ki, şəxslərin xarakterinə görə yaranan problemlər də var. Bəlkə də Vasif Talıbov daha yumşaq siyasət yürüdə bilərdi. Amma əsas problem qanundadır, çünki istənilən şəxs bu qədər səlahiyyətlərlə bir vəzifədə illərlə oturarsa, orda hakimi-mütləq olacaq”.
Ekspert qeyd edib ki, bütün proseslərin səbəbi Naxçıvanın statusu ilə bağlı dəyişikliyə hazırlıqdır: “Mən belə düşünürəm. Bu, Qarabağ məsələsində də bizim karımıza gələcək. Çox güman ki, danışıqlar trafikində Naxçıvan örnək kimi göstərilir, deyirlər ki, sizdə Naxçıvan MR var, gəlin Qarabağda da buna bənzər bir sistem yaradaq. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti bu presedenti aradan qaldırmaq üçün təməl hazırlayır. Bunun üçün də Naxçıvanın hər şeyə hakimi-mütləq olan 30 illik siyasi elitasının dayaqlarının kəsilməsinə başlayıb. Vəziyyət elədir ki, hətta Naxçıvan MR Kpnstitusiyasını əsas tutub etiraz edə bilərlər. Baxmayaraq ki, Azərbaycanda hakimiyyətdə olan siyasi elita ilə Naxçıvandakı siyasi elita eyni kökənlidir, eyni idarəçilik olub. Amma bu, bu günün mənzərəsidir. Siz təsəvvür edin ki, bir neçə il sonra demokratik seçkilər keçirilir, Azərbaycanda bir siyasi partiya qalib gəlir, Naxçıvanda başqa. Və Naxçıvan Konstitusiyasının verdiyi səlahiyyətlə Bakını tanımır. Ona görə biz bu məsələlərə tarixi perspektivlərlə baxmalıyıq. Azərbaycan unitar dövlət məntiqi ilə idarə olunacaqsa, həm Qarabağı, həm Naxçıvanı ölkənin digər bölgələrilə eyni statusa gətirmək lazımdır. Prezident il yarım əvvəl 14 iqtisadi rayon yaradılması ilə bağlı bir sərəncam imzaladı, orada Şərqi Zəngəzur və Naxçıvan var. İqtisadi rayon anlayışı bizim Konstitusiyamızda da, qanunlarımızda da altı doldurulmamış sözdür. Amma bu iqtisadi rayonlar inzibati ərazi vahidinə də çevrilməlidir ki, bunun altı doldurulsun, səlahiyyət, məsuliyyət bölgüsü olsun, yeni sistem olsun. Prezicdent bir neçə dəfə qeyd edib ki, Qarabağda eksperiment gedir, yaxşı olsa bütün Azərbaycana yayılacaq. Bəlkə də buna hazırlıq gedir. Naxçıvanda baş verən hadisələr sırf korrupsiya məsələsi deyil. Bundan istifadə edərək, siyasi elita dəyişikliklərinə və sonradan sistemin və idarəetmə formasının dəyişilməsinə hazırlıq gedir. Mənim müşahidələrim bundan ibarətdir”.
FAMİL