Suriyada qarşıdurmalarda ölənlərin sayı 1119 nəfərə çatdı

İyulun 13-dən Suriyanın cənubundakı Əs-Suveyda əyalətində davam edən silahlı toqquşmalarda 298 dinc sakin həlak olub, icmalararası qarşıdurmada ölənlərin ümumi sayı isı 1119 nəfərə çatıb.
AFN.az xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən "Sky News Arabia" məlumat yayıb. Nəşr daha əvvəl 940 nəfərin öldüyü barədə məlumat vermişdi.
Telekanalın verdiyi xəbərə görə, druzların özünümüdafiə dəstələrinin sıralarında 427 döyüşçü öldürülüb. Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrinə göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlıları 354, hökumətyönlü ərəb tayfa birləşmələri isə 21 milis itki verib. İsrailin hava hücumları nəticəsində daxili təhlükəsizlik qüvvələrinin daha 19 əməkdaşı həlak olub.