Yaponlar iki erkək siçandan bala almağa müvəffəq olublar
Yapon alimləri iki erkək siçandan nəsil yetişdirməyi bacarıblar. Tədqiqatçılar siçanların genetik modifikasiyası ilə dəri hüceyrələrini yumurtaya çeviriblər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, elm adamları bu texnologiyanı insanlarda da istifadə etməyi hədəfləyiblər. Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları genetika qaydalarını pozaraq, erkək hüceyrələrdən yumurta, sonra isə körpə siçanlar istehsal ediblər. Tədqiqatçılar geni dəyişdirilmiş erkək siçanların dəri hüceyrələrini kök hüceyrələrə çeviriblər.
Alimlər hüceyrələrdə cinsi təyin edən Y xromosomunu silməklə, onu qadın X xromosomu ilə cütləşdirdilər. Yumurta uğurla yetişdirildikdən sonra isə erkək siçanın yumurtası başqa bir erkək siçanın sperması ilə mayalandırılıb. Mütəxəssislər kök hüceyrə üsulu ilə 7 sağlam körpə siçan əldə etdiklərini bildiriblər. Beləliklə, "dişisi olmayan iki erkək siçan"dan nəsil artımı əldə edilib.
Araşdırmanın nəticələri Londondakı Crick İnstitutunda keçirilən “gen redaktə sammiti”ndə açıqlanıb.
Komanda indi bu texnikanı insanlar üzərində sınaqdan keçirməyə hazırlaşır. Metodun 10 ildən sonra daha da inkişaf etdirilə biləcəyi və sonsuzluğun müalicəsində istifadə oluna biləcəyi bildirilir. Bu şəkildə X xromosom çatışmazlığından qaynaqlanan "Turner sindromu" da müalicə edilə bilər.
Lakin yapon alimləri insan hüceyrələrində uğur qazanmağın qat-qat çətin olduğunu vurğulayırlar.