Yaponiyada heyvanxanada koronavirusa yoluxan aslanlar ölüb
Yaponiyanın Şirahama şəhərindəki "Macəra Dünyası" heyvanxanasında iki aslan COVID-19-a yoluxaraq ölüb.
AFN.az xəbər verir ki, bu barədə "The Japan News" heyvanxana rəhbərliyinə istinadən xəbər verir.
Bildirilir ki, bu hadisə Yaponiyada zoopark heyvanlarının koronavirusa yoluxduğu ilk hadisə hesab olunur.
"The Japan News"un məlumatına görə, hər iki aslan yanvarın əvvəlində xəstələnib. 19 yaşlı erkək aslan yanvarın 9-da, 21 yaşlı dişi aslan isə üç gün sonra dünyasını dəyişib. Heyvanların ölümünün birbaşa səbəbinin sətəlcəm olduğu aydınlaşdırılıb. Bundan sonra Yoluxucu Xəstəliklər İnstitutuna göndərilən nümunələr COVID-19 üçün müsbət nəticə verib.
Yanvarın 3-dən şirlərdə burun axması, öskürək və iştahsızlıq müşahidə olunub. Bundan əvvəl iki zoopark işçisi COVID-19-a yoluxub. Güman edilir ki, heyvanlar virusu onlardan götürüblər.
Heyvanxanadakı digər səkkiz aslanda da oxşar simptomlar özünü büruzə verib. Onlar hazırda müalicə olunurlar.