Rusiya: NATO Ukrayna ilə sülh danışıqlarını əngəlləməyə çalışır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Mark Ruttenin Ukrayna məsələsində sülh danışıqları prosesinə mane olmağa çalışdığını bildirərək, "Bəzi NATO üzvləri Ruttenin yanaşmasını bölüşmür və Ukraynanı silahlandırmaq üçün pul xərcləməyə davam etmək niyyətində deyil" deyib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov G20 toplantısının nəticələrindən razı qaldıqlarını qeyd edərək, "Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar oldu" deyib.
Ehtiyacı olan ölkələrə dəstək verilməsinin vacibliyinə diqqət çəkən Lavrov, Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verildiyini bildirib. "Bunlar bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi", - deyə Lavrov qeyd edib.
Lavrov NATO-nun baş katibi Mark Ruttenin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən məsləhətləşmələrə münasibəti ilə bağlı bunları qeyd edib:
"Rutte bütün alyans üzvlərinin konsensusunu əks etdirməli olan dövlət qulluqçusu kimi deyil, qüdrətli dövlətin başçısı kimi çıxış edir. O, NATO ölkələrinə səfər edir və Rusiyanın xeyir əldə etməməsi üçün sülh danışıqlarının qarşısının alınmasını tələb edir. Bizdə olan məlumata görə, Rutte Zelenskiyə müzakirələrə qədər dik durmasını, zəiflik nümayiş etdirməməsini, mövqeyini yumşatmamasını deyib".
“Lakin bəzi NATO üzvləri Ruttenin yanaşmasını bölüşmür və Ukraynanı silahlandırmaq üçün pul xərcləməyə davam etmək niyyətində deyil”, - deyən Sergey Lavrov, “Rutte öz səlahiyyətlərindən sui-istifadə edir” ifadəsini işlədib.
Lavrov Rusiyanın dost ölkələrdən olan həmkarlarının Rusiya-ABŞ məsləhətləşmələrini alqışladıqlarını bildirib və "Bu, Rusiya ilə Qərb arasında fikir ayrılıqlarının sona çatması demək deyil. Məsləhətləşmələrin başlanması özlüyündə normal proseslərə qayıtmaqdır. Hər kəs bunu qəbul edir və alqışlayır" ifadələrini əlavə edib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ABŞ-ın Rusiyaya qarşı Ukrayna ilə bağlı qətnamə layihəsinin hazırlanması prosesinə qatılmaması ilə bağlı sualı cavablandıran Lavrov, “Bu, Donald Tramp administrasiyasının siyasətlərinin mahiyyətini təşkil edən praqmatizmi ortaya qoyur” qiymətləndirməsini edib.
Lavrov "Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşündə hansı mövzular müzakirə edilə bilər?" sualına, "Məsələlər üzərində işləyirik. Məxfilik istənilən diplomatik hazırlıq prosesinin tərkib hissəsidir" deyə cavab verib.
Lavrov Qərbin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini, Ukrayna probleminin həlli ilə bağlı ABŞ-la məsləhətləşmələr zamanı bu sanksiyaların ləğvi məsələsini gündəmə gətirmədiklərini də qeyd edib.
Qərb şirkətlərinin Rusiyaya qayıtma ehtimalı ilə bağlı nazir Lavrov “Bu şirkətlərə ancaq Rusiya iqtisadiyyatı üçün risk yaratmayacaq sektorlara girməyə icazə verilə bilər” deyib.