Polşa Səfirliyinin "qara cümə"si




Bu mövzuda çox yazmaqdan özüm də yorulmuşam. Lakin mən yazdıqca, “viza sektoru” deyilən cameədə daha çox ədavət və kinayə ilə qarşılaşıram. Sanki hansısa şəxsi məqsədim var.



Bəli, məqsədim var. Lakin bu məqsəd Polşa Səfirliyinin qarşısındakı izdihamı, yanvarın 14-də paylaşılan video və fotoşəkilləri bizimlə və digər yerli şirkətlərlə əlaqələndirən, “günah keçisi” axtaran insanların yekun məqsədindən fərqlənir. Mən kimlərisə dar ağacına çəkdirmək əvəzinə, problemin həllinin tərəfindəyəm. Çünki yanvarın 14-də mən səhhətimlə bağlı problemləri bir kənara qoydum, fizioterapiyaya getmək yerinə, öz dostlarımla birlikdə səfirliyin qarşısında növbə gözlədim. Yəni, o izdihamda mən də var idim, mənim dostlarım, qohumlarım, yaxın adamlarım da. Yüzlərlə insan “Açıq qapı günü”ndən faydalanmağa çalışırdı. Lakin yanvarın 14-də cəmi 20 nəfərə yerlər təyin olundu. Onların bir qismi yanvarın 28-də, bir qismi isə yanvarın 31-də səfirliyə müraciət edə biləcəklər. Mənim rayondan gələn bir yaxınım isə 3 gün səfirliyin qarşısında növbə tutdu, lakin o da “görüş günü” ala bilmədi.

Beləliklə, yüzlərlə insan sadəcə “viza üçün müraciət hüququ” deyilən bir hüquqdan faydalana bilmir. Konsul imtina cavabı verəcək, ya da verməyəcək – o konsulun işidir. Lakin vətəndaşların elementar müraciət hüququ var. Buna nə mane olur? Biz yerli şirkətlər?

Yaxşı, tutaq ki, elədir. Bəs Polşa Səfirliyinin “Qara cümə”si? Yəqin ki, oxucularımız “Qara cümə” (“Black Friday”) nədir, məlumatlıdırlar. Müxtəlif ticarət mərkəzləri vaxtaşırı 2-3 saatlıq endirim kampaniyası elan edir, müştərilər isə bir-birini əzərək, vitrinlərə hücum çəkirlər.

Polşa Səfirliyi, hətta ümumilikdə Polşa Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsi bu cür metodla qeydiyyat aparır. Ayda 3 dəfə yerlər açılır, 2-3 saat içində isə saytda kim yer tuta bildisə, o da “qabağa düşür”. Nəzərə alaq ki, bu sayta onlarla ölkədən minlərlə insan daxil olur. Təkcə, Rusiya, Hindistan, Ukrayna və Belarusdan eyni gündə minlərlə, hətta on minlərlə insan qeydiyyatdan keçmək üçün “mübarizə aparır”. Bu qeydiyyat saatları bəzən bir neçə ölkə üzrə eyni vaxta düşür. O zaman isə əməlli başlı “Qara cümə” fəlakəti yaşanır. Nəticədə sayt çökür...

Amma yenə də vəziyyətdən çıxış yolu tapmağa ehtiyac var. Odur ki, Polşayla bağlı çalışan bütün həmkar və həmvətənlərimə səslənirəm. Bəsdir bir-birimizlə ədavət apardıq. Aylıq yer limitini 500-600 nəfərdən 130-160 nəfərə endirən və saytını qoruya bilməyən Polşa XİN-in üzərinə heçmi məsuliyyət düşmür? Yer tuta bilməyənlər məcburən başqa yollar axtarırlar...

E-konsulat.gov.pl saytı səfirliyin yox, Polşanın bütün dünya üçün açdığı saytdır. Məsələn, bizdə də, Hindistanda da, Ukraynada da yerlər eyni vaxtda açılsa.. Yenə yer tutmaq çətin olacaq, sayt çökəcək. Gəlin, Azərbaycan üçün nəsə etməyə çalışaq, səfirliyə təkliflər yazaq, "screenshot"lar və başqa adla şikayətlər göndərməyək. Azərbaycan üçün ayrıca mexanizm yaradılmalıdır! Gəlin, bu istiqamətdə nəsə etməyə çalışaq!


Rüfət Əhmədzadə, Polyakşünas-publisist



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu