Bakı meri qar sınağından çıxa bilmədi: bircə gün...


Yol polisinin "qarlı havada avtomobillə yola çıxmayın” xəbərdarlığına ən birinci Bakı Şəhər İcra Hakimiyyəti "əməl etdi”



Bakıya bu il ilk dəfə güclü qar yağsa da, yaratdığı problemlərdən min dəfə danışıldı. Ən əsası da Bakıda yollar keçilməz, səkilər düşülməz oldu. Buz bağlayan yollarda yüzlərlə insan qaldı, onlarla maşın bir-birinə çırpıldı. Olan yenə də vətəndaşa oldu. Halbuki qarın yağacağını hamı bilirdi, amma görünür ki, Bakı Şəhər İcra Hakimiyyətindən başqa...

Bu kimi problemləri biz elə Bakı meriyasının sabiq rəhbəri Hacıbala Abutalıbovun vaxtında da yaşayırdıq. Ekstremal vəziyyətlərdən çıxa bilməyən Bakı bu dəfə də qara təslim oldu. Bu dəfə dəyişən başçının Hacıbala Abutalıbov yox, Eldar Əzizov olması idi.

Görünür ki, Hacıbala Abutalıbov kimi Eldar Əzizov üçün də Bakı Milli Məclisin yanından başlayıb Şah İsmayıl Xətainin heykəlinin yanında bitir. Çünki paytaxtdan kənar ərazilərdə vətəndaşlar çörək tapa bilmirdi. Qəsəbələrin buz bağlayan yolları bağlı olduğu üçün çörək maşınları yollarda qalmışdı.

Milli Hidrometeorologiya Xidməti Bakıya qarın yağacağını hələ fevralın 21-də demişdi. Qar isə 2 gün sonra - fevralın 23-də gecə yağdı. Qarın yağması ilə məlum oldu ki, Eldar Əzizovun rəhbərlik etdiyi şəhər hökuməti ekstremal vəziyyəti hazır deyilmiş.

Yalnız Bakının bir neçə mərkəzi küçələrində gözə dəyən texnikalardan başqa yolların qarını təmizləyən olmadı. Təsəvvür edirsiniz ki, paytaxtda qarı traktorla təmizləyirdilər? Traktor kimi nəhəng texnikanın Bakıda təyinatı qar təmizləmək imiş...

5-6 ədəd zibil daşıyan maşın gətirəndə belə uzun-uzun reklamını aparan Bakı Şəhər İcra Hakimiyyətinin qarlı havadakı fəaliyyətini görmədik. Bakı meriyası gördüyü işlə özünü reklam edə bilmədi. Belə çıxdı ki, yol polisinin "qarlı havada avtomobillə yola çıxmayın” xəbərdarlığını özünə sərf elədiyi üçün ən birinci Bakı Şəhər İcra Hakimiyyəti üzərinə götürdü. Yollarda texnikalar görmədik. Belə bir sual da yaranır: Bakı meriyasının dövlət büdcəsindən ayrılan vəsaitlə aldığı texnikalar hanı? Yollara qum və duzu da qar yağandan, yerdə donub buz qatı əmələ gətirəndən sonra səpdilər. Onu da necə deyərlər, qaşıqla. Səkiləri isə yenə də 50-60 yaşlı sarı və göy jiletli süpürgəçi qadınlar təmizlədi. Əlləri ilə... Dünən onlar yenə də fasilə vermədən yol kənarlarında, səkilərdə buza dönən qarı təmizləyirdilər...

Yolların buz bağlaması həm piyadaların, həm də avtomobillərin hərəkətini məhdudlaşdırdığı kimi onlara həm maddi, həm fiziki ciddi ziyan da vurdu. Son statistikaya görə, 65 nəfər buzlu yollarda yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlarla avtomobil qəzaları baş verib. Qəzaların əksəriyyəti də Bakı meriyasının gözündən uzaq yerlərdə - Yasamal rayonunda, Günəşli qəsəbəsi ərazilərində olub. Çünki bu ərazilər Bakının ən hündür və ən çox diqqətdən kənarda qalan əraziləridir. Əgər Bakı küçələrində maşınlar buzda sürüşərək bir-birinə çırpılırsa, deməli, lazım olan qabaqlayıcı tədbirlər görülməyib. Qara görə ölkədə yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, ötən gündən indiyədək ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. O qeyd edib ki, qəzalar nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb...

Bakıda yaşayan hər kəs başa düşür ki, paytaxta qar yaraşmır. Bu fikirləri Bakı meriyası bir daha təsdiqlədi. Bakının iflic olmasından sonra konkret olaraq bunu deyə bilərik ki, Bakı qara hazırdır, amma Bakıya nəzarət edən məmurlar buna hazır deyil.

Görünür ki, 50 metr uzunluğunda tort bişirmək asandır, amma 50 metr yoldan qarı təmizləmək çox çətin...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu