“Heydər Əliyev soruşdu ki, elə bilirsən rəhbərlərin bu xəbəri buraxacaqlar?”


Xəbər verdiyimiz kimi, bu gün AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun 70 yaşı tamam olur. Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən sədr peşə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb.


A.Aslanov bildirib ki, 1993-cü il iyunun 10-da onları AZƏRTAC-ın rəhbərinin yanında iclasa dəvət ediblər:

“O vaxt mən işə təzəcə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum olmuşdu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirəcək. Qərara alındı ki, həmin görüşə fotomüxbir Oqtay Məmmədov və mən gedəcəyik. İyunun 11-də Heydər Əliyev məşhur İsmailiyyə binasının qarşısında maşından çıxdı. Həmin günlərdə yəqin ki, Azərbaycanın taleyi həll olunurdu. Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi.

Sonra ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmək üçün Türkiyə səfirliyinə yollandı. Heydər Əliyev səfirliyə gələndən sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən məndən soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Bu anda səfir foyeyə çıxdı və Heydər Əliyevi öz kabinetinə dəvət etdi.

Onun sözlərinə görə, o gündən 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi görüş, qəbul və iclasların əksəriyyətini işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı agentliyin müxbiri kimi ulu öndəri müşayiət etməyi ona tapşırırdılar: “Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə bəzən iki-üç saat davam edən görüşlərinin demək olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim”.

A. Aslanov Heydər Əliyevlə bu barədə etdiyi söhbətlərdən birini belə xatırlayır: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA-nın) üzvü olmalıdır. O dövrdə Azərbaycanda media sahəsində belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və vacibliyini müdrikcəsinə görürdü. 2004-ci ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu