XİN Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun görüşü barədə məlumat yayıb - YENİLƏNİB


Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşü barədə məlumat yayıb.


XİN-dən AFN.az-a bildirilib ki, C.Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

M.Çavuşoğlu cari səfərin ikitərəfli yüksək səviyyədə inkişaf edən əlaqələr, Şuşa bəyannaməsinin icrası istiqamətində görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Nazir, Xocalı qətliamının 30-cu ildönümündə Şəhidlərin xatirəsini hörmətlə anıb.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və Azərbaycanın bu xüsusda atdığı addımlar, delimitasiya prosesi, o cümlədən kommunikasiya və nəqliyyat xəttlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən quruculuq işləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal iştirakı yüksək qiymətləndirilib.

Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başa çatıb.


AFN.az xəbər verir ki, daha sonra nazirlərin birgə mətbuat konfransı başlayıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş başa çatıb.


AFN.az xəbər verir ki, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilir.


AFN.az xəbər verir ki, C.Bayramov türkiyəli həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.

XİN başçıları regional məsələləri, həmçinin Ukrayna ətrafındakı vəziyyəti müzakirə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu