Multukultralizm bizim həyat tərzimizdir- Mehriban Əliyeva

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 11:23    |    Xəbər oxunub: 689 dəfə
Multukultralizm bizim həyat tərzimizdir-


“Azərbaycan hökuməti adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük şərəfdir”.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə keçirilən qəbulda deyib.

Mehriban Əliyeva deyib: “Bu axşam aramızda olduğu üçün Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzesə təşəkkürümü bildirmək istəyirəm. Bu fürsətdən istifadə edib Beynəlxalq Sərgilər Bürosunun rəhbərliyinə və onların fədakar komandasına Azərbaycan hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür. Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq. Ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.

Birinci vitse-prezident bildirib ki, əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. İki min il ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”.

Mehriban Əliyeva qeyd edib ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur: “Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir. Münaqişəyə, yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çağırışlara baxmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq edərək, zəruri siyasi və iqtisadi islahatları həyata keçirə bilmişdir. Bu, bizə müstəqilliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmağa və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməyə imkan vermişdir. Siyasi, iqtisadi və sosial sabitlik uğurlu inkişafımızın möhkəm təməlini təşkil edir.

Nəticədə, 2004-cü ildən 2014-cü ilədək ümumi daxili məhsulumuzun həcmi üç dəfə artdı və Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrildi. Bu müddətdə 1 milyon 600 mindən çox iş yeri yaradıldı. İşsizliyin səviyyəsi 5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini 40 faizdən 5 faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana və 50-dən artıq idman kompleksi inşa edildi. 2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirildi. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq gördü”.

Mehriban Əliyeva əlavə edib ki, Azərbaycan öz nadir geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrildi və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri oldu. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib. Uzunluğu 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur.

“Bu gün biz, həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı rol oynayırıq. Bu nümunələrin hər zaman ən böyük dəyəri - müxtəlif qitələr, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin mübadiləsini təşviq edən qədim İpək Yolunun bərpasına Azərbaycanın verdiyi əməli töhfəni sübuta yetirir. Hörmətli qonaqlar, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır.

Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq.

Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək. Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq. Sonda, əziz dostlar, mən Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:

1. Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var.
2. Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır.
3. Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik.
4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.
5. Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.
6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür.

Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq. Mən hamınıza gözəl axşam arzu edirəm və diqqətinizə görə sağ olun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur