Milli Məclisdə peşəkar şəxslərin təmsil olunması siyasi zərurətdir – Emin Əliyev




125 saylı Zəngilan-Qubadlı seçkçi dairəsindən gənc namizəd Emin Əliyevin müsahibəsini təqdim edirik:



- Seçki təbliğatı dövründə ümumi vəziyyəti necə dəyərləndirirsiz?

- Hesab edirəm ki, 09 fevral 2020-ci il tarixdə baş tutacaq növbədənkənar parlament seçkiləri yeni bir mərhələnin başlanğıcı olacaq. Bu mərhələdə siyasi arenada olan şəxslər özlərini yeni mərhələnin tələblərinə müvafiq aparmalı və yeni mərhələ üçün praktikanın yaradılmasında iştirak etdiyinin fərqinə varmalıdır. Bu isə məsuliyyətli və şərəfli bir yoldur. Mən təbliğat və təşviqat prosesində pozitiv və müasir yanaşmaların tətbiq edilməsinə çalışmışam və bunu da uğurla etdiyimizi düşünürəm. Artıq köhnəlmiş, aqressiv, intriqalı ənənələri rədd etmək, onlardan yaxa qurtarmaq lazımdır. Cəmiyyəti ideya və xidmətlər ətrafında birləşdirmək və seçki təbliğatını da bunun üzərində qurmaq lazımdır.

- Emin müəllim, bəs namizədi olduğunuz 125 saylı dairənin seçiciləri hansı əhval-ruhiyyədədirlər? Onların bu növbədənkənar seçkilərdən hansısa xüsusi gözləntiləri varmı?

- Doğrusu, tək 125 saylı deyil, bir çox seçki dairələrində insanların ümidləri ölüb və seçici yeni nələrinsə baş verməsinə inanmır. Mən bütün ölkə ərazisinə yayılmış Zəngilan-Qubadlı seçiciləri ilə - Sabirabad, Şirvan, Hacıqabul, Sumqayıt şəhərləri, Masazır qəsəbəsi, Bakının müxtəlif yerlərində məskunlaşmış yerlilərimizlə görüşlərdə səmimi ünsiyyət yaratmağa çalışmışam və buna nail olmuşam. Seçkilər zamanı elektorat iki hissədən ibarət olur: qərar vermiş seçicilər və qərarsız seçicilər. Əsasən bütün seçki yarışı məhz bu qərarsız seçicilərin namizədin tərəfinə çəkilməsi üzərində gedir. Bizim 125 saylı dairənin seçiciləri də iki hissəyə bölünüb: qərar vermişlər və ümidsizlər. Bizim ilk işimiz ümidsiz seçiciləri gələcəyə, yeni tendensiyalara inandırmaq, onların dəyişikliklərə ümidini özünə qaytarmaq, daha sonra isə seçki platformamız üzərindən təbliğat işinin aparılması olur. Əminəm ki, Seçki 2020 bundan sonra olacaq bütün seçkilərin ümid nöqtəsi olacaq, seçki mədəniyyəti və ənənələri sürətlə inkişaf edəcək. Bizim təbliğat komandamız sadəcə 125 saylı seçki dairəsindən olan namizədləri deyil, digər aktiv namizədlərin də təbliğat kampaniyalarını diqqətlə izləyir. Müşahidə edirik ki, artıq millət vəkili olmaq istəyən namizədlər insanlarımız ilə səmimi ünsiyyət qurmağa cəhd edirlər. Bu bəzilərində yaxşı alınır. Səmimiyyətini seçiciyə bildirə bilməyən, inandırıcı görsənməyənlər də olur. Hal-hazırda trenddə yaşlı nənələrin əllərini öpmək, insanları qucaqlamaq və bunu mətbuat və sosial mediada paylaşmaq tendensiyaları hökm sürür. Bizim adətdə yaddan çıxmış, unudulmuş bir elementdir böyüklərin əllərindən öpmək. Bu qəbahət deyil, əksinə onu edənləri gülüş obyektinə çevirmək istəyənlərə qəbahətdir ki, belə bir adətin yenidən canlanmasına bu cür yanaşırlar. Bir daha deyirəm ki, səmimiyyəti göstərə bilənlər və bilməyənlər var. Onsuz da səmimi olmayan şəxslərin, namizədlərin uğur əldə etməsi qeyri-mümkündür. Mən düşünürəm ki, bu elementlər daha çox yayılmalı və başqa səmimi elementlərin də artmasına əsas olmalıdır. Ümumi ölkə üzrə vəziyyətə nəzər saldıqda görürük ki, bu seçki yarışına kifayət qədər güclü namizədlər qatılıb. Bu isə parlamentimizə həqiqətən də hərtərəfli islahat prosesində müstəsna rol almaq imkanları yaradacaq. Lakin bir çox hallarda diqqətimizi bəzi yaşlı nəslin nümayəndələri çəkir. Hansı ki, ümumiyyətlə parlamentdə fəaliyyət təcrübəsi yoxdur və bundan sonra da həmin şəxslərin belə bir perspektivi görsənmir. Milli Məclisdə peşəkar şəxslərin, millət vəkillərinin olması siyasi bir zərurətdir və cənab Prezident gənclərə çağırış edərək “XX əsr şüurunda olan şəxslərlə XXI əsrdə inkişaf edə bilmərik” deyərkən bu qəbildən olan peşəkarları istisna etmişdir. Milli Məclisə düşəcək gənclərimiz məhz bu ağsaqqal millət vəkillərindən çox şeylər öyrənəcəklər və öz yeni yanaşmaları ilə gözəl bir inkişaf ənənəsi yaradacaqlar. Buna əminəm!

- Dünyanın əksər ölkələrində seçkilər ərəfəsinin və təbliğat dövrünün çox coşğulu keçdiyini görürük. Lakin bizdə insanlar bu prosesə sanki daha sönük və həvəssiz yanaşırlar. Siz bu haqda nə düşünürsüz və belə bir vəziyyətdə təbliğat üçün hansı strategiyanı uyğun bildiniz?

- Seçki təbliğatı meydanlarda, insanların arasında olmalıdır. Lakin hələ ki, bu siyasi mədəniyyət formasını tətbiq etmək imkanlarımız o qədər də geniş deyil. Əsasən ev-ev gəzərək namizədlər öz təbliğat kampaniyalarını aparırlar. Təəssüf ki, ölkəmizdə siyasi mədəniyyət çox zəif inkişaf etmişdir. Belə ki, hələ də ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində olan siyasi mübarizə abu-havasında olanlar var. Məni ən çox bu narahat edir ki, bu abu-hava gənc namizədlərin də kampaniyalarında sezilir. İlk başdan təşviqat komandamızla qarşımıza məqsəd qoyduq ki, heç bir namizədlə kəsişən nöqtələrimiz olmasın, yalnız və yalnız öncədən müəyyən etdiyimiz prinsip və metodlarla təbliğatımızı aparaq. Hesab edirəm ki, buna nail olmuşuq. Mən öz üzərimdə belə bir məsuliyyətin olduğunu düşünürəm ki, biz yeni bir mərhələnin ilkləriyik və bu mərhələdə buraxılacaq ən kiçik səhv gələcəkdə böyük fəsadlar verə bilər və arzuolunmaz siyasi presedent yaradar. Bu məqsədlə həm sosial mediada, həm milli mətbuatda, seçicilərlə görüşlərdə olduqca təmkinli və yüz ölçüb-biçərək fikir səsləndirmiş, addımlar atmışıq və uğurumuzun əsas səbəbi də məhz məsləhətli addımların atılması və qərarların verilməsidir. Bu günədək provakativ dialoqlara cəlb edilməyə çalışılsaq da buna getməmişik. Lakin cəsarətli addımların atılmasından da geri qalmamışıq. Siyasət meydanında xalqın dəyər verdiyi əsas iki xarakter vardır: səmimiyyət və cəsarət. Bu iki elementi bütün kampaniya dövründə göstərmişik və bundan sonra da göstərəcəyik. Bununla bərabər biz insanlarımızın sevgisini də qazanmağı qarşımıza əsas məqsəd olaraq qoymuşuq. Düşünürük ki, biz yerlilərimizin hörmətini, məhəbbətini və sevgisini qazanacağıqsa, seçkini də qazanacağıq. Mən parlament seçkilərində iştirak etməklə bağlı qərar verdikdən sonra mənim əzizlərim, qohumlarım ənənəvi üsullara əl atdılar, yəni telefonlara. Hər biri ən yaxın dost, qohum, tanışlara mənimlə bağlı imza və səs toplamaq istədiklərini və bu metodla mənə kömək edə biləcəklərini bildirdilər. Mən onlara qəti etiraz etdim və dedim ki, bu olduqca köhnəlmiş və uğursuz üsuldur. Mən insanların sevgisini qazanmaq üçün bu yolda varam, bu sevgi mənə səs də gətirəcək, qələbə də! Gedişat göstərdi ki, düzgün qərar vermişik. Daha sonra köhnəlmiş seçki texnologiyalarından olan bir təklif də oldu ki, özümə vəkillər təyin edim və kampaniyada onlardan istifadə edim. Mənim babalarımın hər ikisi-Ramazan Əliyev və İdris Şixəliyev Zəngilan rayonunda hörmətli şəxslər olublar və bu adlar mənə kifayət edirdi ki, rayonun istənilən hörmətli şəxslərini vəkil olaraq təyin edim. Eyni zamanda mənim üçün əziz olan Qubadlıdan da çox hörmət və izzət sahibi olan qohumlarımız var idi ki, onları da bu prosesə cəlb edə bilərdik. Bu barədə çox düşündük. Sonunda qərar verdik ki, Emin Əliyev özü millətin vəkili olmaq istəyir, ona xalqla ünsiyyət qurmaq üçün vəkil-vəzirə ehtiyacı yoxdur. Çünki biz xalqın içərisindən özümüzə güc qazanaraq qələbəni bayram etmək istəyirik. Bu qərar böyük bir cəsarət tələb edirdi və biz bu addımı da atdıq. İnsanlar mənim bu səmimiyyətimi və cəsarətimi artıq bilir. Mən hələ 2017-ci ildə həmtəsisçisi olduğum turizm şirkətinin fəaliyyəti ilə daha intensiv məşğul olarkən dəfələrlə xarici ölkələrdə səfərdə olmuşam və ölkəmizin təbliğatını Belorusiyadan tutmuş İndoneziyaya qədər şəxsən özüm etmişəm. Bunun üçün də əldə etdiyim təcrübə mənə bunu etməyə əsas verdi ki, birbaşa insanlarla ünsiyyətdə olaraq təbliğat kampaniyası aparılmalıdır. Biz ilk gündən özümüzün iş və mobil telefon nömrələrimizi açıq olaraq paylaşdıq və bu günədək yerlilərim mənə zəng edərək öz sevgilərini bildirir, təkliflərini verir, dərdlərini paylaşır. Biz seçki strategiyamızı dəyişməmək şərti ilə taktik gedişatla bağlı verilmiş təklifləri də tətbiq etmişik, edirik və yerlilərimin bundan sonra da təklifləri olsa, tətbiq edəcəyik.

- Hər birimiz bilirik ki, təbliğatı qaydalara uyğun aparmayan, insanların ümidsizliyindən istifadə edən namizədlər də az deyil. Siz öz dairənizdə belə hallar müşahidə etmisinizmi və sizcə bu hallar seçki prosesinə necə təsir edir?

- Seçki təbliğatı başlamamışdan müşahidə edirdik ki, bir çox namizədlər hələ təsdiq edilməsələr də, təbliğat-təşviqat işlərinə başlamışdılar. Hətta onlardan bəziləri ümumiyyətlə namizəd kimi təsdiq edilmədilər də. Qaydaları pozaraq qanundan danışan insanların səmimiyyətinə seçici necə inansın?! Seçki təbliğatı üçün iyirmi gün vaxt verilib. Bu müddət bizim kimi seçki dairələrindən olan namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaq üçün azdır. Çünki yuxarıda qeyd etdiyim kimi yerlilərimiz bütün ölkə üzrə məskunlaşıblar və onların hər biri ilə ünsiyyət qurmaq imkanımız məhduddur. Bundan başqa hələ də ciddi rəy sorğuları keçirən şirkətlərin olmaması və bəzi hallarda da qeyri-ciddi şəxs və şirkətlərin əsassız seçki proqnozları verməsi ümumi abu-havanın korlanmasına səbəb olur. Təbliğat zamanı hətta eşidirik ki, seçicilərlə görüşlərə adam toplamaq üçün namizədlər 20 manat paylayır və ya restoranlarda yemək ismarlayır. Bunun qanun pozuntusu olduğu aydındır və bu məsələ ilə məşğul olmaq bizim işimiz deyil. Onsuz da 9 fevral növbədənkənar parlament seçkiləri elan edilən gündən bir çox namizdələr qanunvericiliyin tələblərini pozurdular və onlara güzəştlər edildi. MSK-nın güzəştlərini alqışlayırıq, çünki yeni tendensiyaların yaranmağa başladığı dövrdə qanunun sərt üzünü göstərmək əvəzinə güzəşt etmək yolunun tutulması seçki mühitini zənginləşdirdi. Amma məni başqa bir məsələ narahat edir. Bu da seçicinin beş illik dəyəri olan bir səsini bu cür ucuza satmasıdır. Bu isə hələ də siyasi mədəniyyətin zəifliyinin göstəricisidir. Biz bu məqama xüsusilə diqqət etmişik və seçicilərlə görüşümüz zamanı bunu onlara izah etmişik. Bir daha qeyd edirəm ki, biz yeni bir siyasi inkişaf mərhələsinin kandarındayıq və biz bu işdə ilklərik. Bu məqamda qətiyyən səhv buraxmamalıyıq. Biz dövlət, millət qarşısında məsuliyyət daşıyırıq və bunun cəzası ağır olar! Ən böyük cəza da çəkiləcək vicdan əzabıdır ki, bundan qurtulmaq mümkün olmaz!

- Bu qədər rəsmi və siyasi danışırsınız, bəs sadə seçici sizi başa düşməkdə çətinlik çəkmir ki?

- Mən 6 il universitet auditoriyalarında müxtəlif intellektual səviyyəli tələbələrə mühazirə oxumuşam, seminar aparmışam. İnsan resurslarının idarəedilməsi sahəsində uzun illər çalışmışam, beynəlxalq kurslar, təlimlər keçmişəm. Hüquq-mühafizə, dövlət orqanlarında, kommersiya strukturlarında çalışmışam, eyni zamanda sahibkarlarla, kənd adamları ilə sıx ünsiyyətdə olmuşam. Bu çoxşaxəli fəaliyyətim mənə hər kateqoriyadan olan insanlarla danışmaq, əlaqədə olmaq təcrübəsi qazandırmışdır. Ən əsası isə mən yerlilərimlə öz ləhcəmizdə danışıram. Mənə əziz və şirin olan ləhcəmdə. Bakıda doğulsam, böyüsəm də bu ləhcə mənim üçün əvəzedilməz qalıb və qalacaq da!



















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu