Ermənistanın yaşayış məntəqələrimizə raket hücumu beynəlxalq hümanitar hüquq normalarının kobud pozuntusudur FOTOLAR


Səbuhi ABBASOV,
Ombudsman Aparatının Gəncə regional mərkəzinin rəhbəri


Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozulmaqla cəbhə bölgəsindən uzaq, mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulur.



Düşmən dövlət məqsədli şəkildə Mingəçevir, Beyləqan, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Cəbrayıl, Xızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur. Hərbi əməliyyatların getdiyi zonadan uzaqda yerləşən müxtəlif rayonları və şəhərləri hədəf almaqla Ermənistan hərbi-siyasi rəhbərliyi öz mənfur niyyətini ifşa edərək onların əsas niyyətinin azərbaycanlılara qarşı soyqırım törətmək olduğunu göstərdi. Bu baxımdan xüsusilə də Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirərək münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutması beynəlxalq hüquq normalarına aşkar hörmətsizliyin ən bariz nümunəsidir.
Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumu 04 oktyabr 2020-ci il tarixində edilmiş, bunun ardınca 05 oktyabr, 08 oktyabr və 11 oktyabr 2020-ci il tarixlərində yüksək dağıdıcılıq qabiliyyətinə malik raketlərlə şəhərə hücumlar davam etdirilib. Qeyd edilən raket hücumları nəticəsində mülki evlərə, tarixi-mədəni abidələrinə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəymiş, şəhər sakinləri arasında çoxsaylı ölənlər və yaralananlar olmuşdur. Həmin hücumlardan ən faciəlisi isə 11 oktyabr 2020-ci il tarixində gecə saat 02 radələrində atılmış raketin Gəncədə çoxmənzilli binaları hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralanmaları ilə nəticələnmiş hücum oldu. 11 oktyabr hücumu nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Evlərində yatan mülki sakinlər mənfurcasına, heç bir insanlığa və etik dəyərlərə sığmayan ölçüdə gecə saat 02 radəsində faciə və dəhşət yaşayaraq, həyatlarından, sağlamlıqlarından, əmlaklarından məhrum oldular. Müasir dövrün ən qanlı və dəhşətli cinayətlərindən biri olan 11 oktyabr Gəncə faciəsi əslində Ermənistanın silahlı qüvvələrinin 1992-ci il 26 fevral tarixində Xocalıda törətdikləri soyqırım cinayətinin, qəddar, cəllad erməni zehniyyətinin davamıdır. Bu baxımdan ermənilərin mülki yaşayış məntəqələrimizi ağır artilleriya və raket atəşinə məruz qoymasına beynəlxalq hüququn münasibətinin müəyyən edilməsi haqq işimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyət kəsb edir.
Ermənistanın mülki və hərbi obyektlər arasında heç bir seçim etmədən xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçməsi 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 1977-ci il tarixli Əlavə protokollarını, xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozmuşdur.
Qeyd edək ki, beynəlxalq humanitar hüququn tələblərinə əsaəsn silahlı münaqişə tərəfləri rəqiblərinin statusunu dəqiqliklə müəyyən etməli və hərbi əməliyyatları bu kriteriyalara riayət edərək, həyata keçirməlidir. Sırf bütün bunlara görə beynəlxalq humanitar hüquqda “kombatant” anlayışı yer alır ki, bu da döyüşdə bilavasitə iştirak edən silahlı şəxslərdir. Yəni silahlı münaqişə zamanı hədəf kimi yalnız kombatantlar seçilə bilər. Bunun əksinə olaraq mülki şəxslər silahlı qüvvələrin heyətinə daxil olmayan şəxslərdir (Cenevrə konvensiyalarına Əlavə I Protokol, 50-ci maddə, 1-ci bənd). Beynəlxalq humanitar hüququn əsas vəzifəsi də bu mülki şəxsləri, yaralıları və hərbi əsirləri qorumaqdır.
Beynəlxalq hümanitar hüququn tələbinə və əsasə fəlsəfəsinə görə silahlı qüvvələrin müharibə aparmasının metodlarını seçmək hüququ sərhədsiz deyil. Lazımsız itkilərin və ya həddən artıq əzab-əziyyətlərin səbəbi ola biləcək müharibə üsullarının və ya silahların istifadəsi qadağandır. Mülki obyektlər həmlə və ya qisas obyekti olmamalıdır.”( Cenevrə konvensiyalarına Əlavə I Protokol, 52-ci maddə). “Hər hansı bir hərbi obyektin vurulması anında mülki obyektlərə zərər dəymə təhlükəsi varsa, bu hücumdan imtina edilməlidir”( Cenevrə konvensiyalarına Əlavə I Protokol, 51-ci maddə, 5-ci b bəndi).
Göstərilən beynəlxalq norma və prinsiplərə əsaslanaraq əminliklə söyləyə bilərik ki, Ermənistan tərəfinin humanitar hüquq normalarına əsasən hərbi hədəf olmayan, hərbi əməliyyatların gedişatında hərbçilərə, yəni kombatantlara aid olmayan mülki əhaliyə, qadınlara, qocalara, uşaqlara atəş açmaqla hərbi həmlə etməsi beynəlxalq hüququn ən ciddi hesab edilən pozuntusu sayılır.
“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 147-ci maddəsində aşkar şəkildə göstərilir ki, mülki şəxslərə qarşı törədilmiş aşağıdakı hərəkətlər ciddi pozuntu hesab edilir: qəsdən adamöldürmə, işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlərin aparılması, qəsdən ağır əzab vermə, yaxud həyat və sağlamlıq üçün təhlükəli olan xəsarət yetirilməsi, himayədə olan şəxsin qanunsuz deportasiya olunması və ya köçürülməsi və qanunsuz həbsə alınması, himayədə olan şəxsin düşmən dövlətin silahlı qüvvələrində xidmət etməyə məcbur edilməsi və ya himayədə olan şəxsin bu Konvensiyada nəzərdə tutulan ədalətli və qərəzsiz mühakimə hüquqlarından məhrum edilməsi, girov götürmə, hərbi zərurət olmadan, qeyri-qanuni və mənasız yerə böyük miqyasda dağıntılar törədilməsi və əmlakın ələ keçirilməsi. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə və digər yaşayış rayonlarımıza ağır artilleriya və uzaqmənzilli raket hücumu nəticəsində mülki sakinlər qəsdən öldürülmüş, həyat və sağlamlıqları üçün təhlükəli olan xəsarətlərə məruz qalmış, həmçinin yaşayış məntəqələrində hərbi zərurət olmadan böyük miqyasda dağıntılar törədilmişdir ki, bununla da qeyd edilən konvensiyanın 147-ci maddəsi kobud şəkildə pozulmuşdur.
Təbii ki, düşmənin Gəncə şəhərinə raket hücumunun əsas məqsədlərindən biri də əhali arasında vahimə yaratmaq, və mülki sakinləri hədələməkdir ki, bu əməllər də Cenevrə konvensiyalarına Əlavə I Protokol 51-ci maddəsinə əsasən qadağandır. Həmin maddədə göstərilir: "Başlıca məqsədi mülki əhali arasında qorxu yaymaq olan zorakılıq hərəkətləri və zorakılıqla hədələmə qadağandır".
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün Azərbaycan əsgərinin şanlı tarix yazdığı bu günlərdə digər qurumlar kimi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı da haqq işimizə dəstək vermək istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Müvəkkil xanım Səbinə Əliyeva müntəzəm olaraq cəbhə bölgəsində yerləşən rayonlara səfərlər etməklə Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə tutması nəticəsində həlak olan, yaralanan, habelə mülkiyyətlərində olan əmlakın dağıdılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktları yerində araşdırır. Bu barədə həqiqətlərin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman tərəfindən bəyanatlar verilərək, hesabatlar hazırlanır, beynəlxalq ictimaiyyətin, nüfuzlu qurumların diqqətinə çatdırılır və həmin təşkilatlardan beynəlxalq hüququn norma və prinsiplərinin kütləvi və kobud şəkildə pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağı tələb edilir.
Sonda bir Gəncə sakini kimi demək istəyirəm ki, Gəncə şəhərinin raket atəşinə tutulması yerli əhali arasında zərrə qədər də vahimə yaratmayıb, əksinə biz gəncəlilər bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşmişik və hər bir Gəncə sakini özünü Ali Baş Komandanın müsəlləh əsgəri hesab edir! Bu gün Gəncədə əhali arasında ruh yüksəkliyi, həmrəylik və qardaşlıq hissləri ən yüksək səviyyədədir. Biz inanırıq ki, cənab Prezidentin rəhbərliyi ilə haqq yolunda olan ölkəmiz qalib gələcək, işğal altında olan torpaqlarımızn azad olunacaq və şanlı Azərbaycan bayrağı həmin torpaqlarda qürurla dalğalanacaq!










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu