“Bu, fürsətçilik və vətəndaşın cibinə girməkdir” - iqtisadçıdan "Ajda Cafe"yə etiraz
Bakıda fəaliyyət göstərən“Ajda Cafe” adlı ailəvi restoranın müştəriyə təqdim etdiyi ödəniş qəbzində obyektdə səsləndirilən musiqiyə haqq tutulması müzakirə mövzusudur. AFN xəbər verir ki, sosial şəbəkələrdə də yayılan qəbzdə müştəridən "müzik" üçün 5 manat ödəniş qeyd edilib. Bu durumla üzləşən müştəri təəcüblənsə də, restoran əməkdaşları bunun normal olduğunu və fevralın 1-dən belə bir qanunun qüvvəyə mindiyini bildiriblər.
“Ajda Cafe” adlı ailəvi restoranın işçilərindən olan xanım əməkdaş saytımıza açıqlamasında məlumatı təsdiqlədi: “Müştəri iki saatdan artıq əyləşəndə biz servis haqqı və ya musiqi haqqı qoyuruq. Bu da digər müştərilərimizi qarşılamaq üçün qoyulmuş bir şərtdir. Bundan da istər daimi, istərsə də digər müştərilərimizin xəbəri var. Bizim müştərilərimizə qarşı heç vaxt hörmətsizliyimiz olmayıb. Ancaq müştəri çox az hesab ödəməklə gəlib 2-3 saat canlı musiqi dinləyərək digər müştərilərin haqqına girirsə, biz digər müştəriləri qapıdan qaytarmağa məcbur oluruqsa, o zaman biz ona servis haqqı vura bilərik. Hətta “Torqovıy”da yerləşən istənilən restoranda 15-20 faiz serviz haqqı var və biz də 2 saatdan artıq əyləşən müştərilərə bunu tətbiq edirik. Bəli, belə bir qanun var, 1,5-2 saatdan artıq əyləşən müştərilərə musiqi haqqı təqdim edilir. Bu, saat limitini aşanlara aiddir və elə bir problem deyil”.
İqtisadçı- ekspert Nazim Bəydəmirli isə AFN-ə açıqlamasında bildirdi ki, belə bir qanunun olması qeyri-mümkündür: “İstehlakçılara xidmət göstərənlər xidmətin nə ilə bağlı olduğunu özləri müəyyənləşdirirlər. Mən də sosial şəbəkədə paylaşılan, musiqinin də daxil edildiyi belə bir qəbzi gördüm. Tövsiyə edərdim ki, müştərilər restoranlarda olarkən öncə menyü ilə tanış olsunlar ki, sonra belə problemlərlə qarşılaşmasınlar. Bazar iqtisadiyyatıdır, tələb-təklifdir, hansı xidməti neçəyə təqdim etmək sahibkarın öz işidir. Ancaq belə bir qanun ola bilməz. Çünki dövlət ticarət və xidmət obyektlərinin tariflərini müəyyən etmir. Mən təəssüf hissi keçirirəm ki, bu fürsətçilikdir və vətəndaşların ciblərinə girməkdir. Bu onu göstərir ki, hökumətin uzun müddət pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər, obyekt sahiblərinin imkanlarını çox daraldıb və ona görə də onlar belə bir addım atırlar”.
NİGAR