Azərbaycan hazırda Türkiyə, dolayısı ilə NATO modelinə keçid istiqamətində səylərini artırır - ekspert


“Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib".



AFN xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev deyib. O bildirib ki, müharibədən sonra da danışıqlarımız davam edir, artıq yeni müqavilələr imzalanıb: “Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir”.
Prezidentin bu açıqlamasını Türkiyə ordusu modelinə keçidin anonsu saymaq olarmı? Azərbaycan ordusu Türkiyə modelinə keçə bilərmi və bu meyllər, imkanlar nə dərəcədədir?

Bu suallara cavab almaq üçün hərbi ekspert Ədalət Verdiyevə müraciət etdik. AFN-ə açıqlamasında “Azərbaycan ordusu Qarabağ münaqişəsi həll olunmadığı müddətdə daim ehtiyac duyulduğundan daha artıq sayda silahlı qüvvələr saxlamağa məcbur idi” deyən ekspertin sözlərinə görə, Vətən Müharibəsi başlayanda səfərbərlik elan olunması ilə ölkəmiz əlavə resurslarını da silahlı qüvvələrə cəlb edərək bu sayı maksimuma çatdırdı: “Hazırda münaqişə demək olar ki, həll edilib. Ermənistan ordusu da müqavimət göstərə biləcək potensiala qəti sahib deyil. Belə olan halda ilkin mərhələdə Azərbaycan səfərbərliyə cəlb olunan heyəti tərxis etdi, önümüzdəki bir-iki ay ərzində isə xidmət müddəti başa çatan heyəti də ordudan tərxis edəcək. Bundan sonrakı mərhələdə isə dövlətimizin daha kompakt, lakin daha üstün, daha peşəkar, geniş imkanlara malik ordu yaradacağı ehtimal olunur. Təbii ki, biz burada Türkiyə modelindən istifadənin üstünlüklərini artıq müşahidə etmişik. Vətən Müharibəsi onu göstərdi ki, artıq keçmiş sovet doktrinası üzərində qurulan ordular müasir müharibələrdə effekt vermir. Buna görə də Azərbaycan hazırda Türkiyə, dolayısı ilə NATO modelinə keçməyə, həm də ordunun silahlanmasında daha çox təmassız müharibə vasitələrini əldə etməyə səylərini artıracaq”. Mütəxəssis bunun çox doğru yanaşma olduğunu qeyd etdi. Həmçinin bildirdi ki, yaxın 1-2 il ərzində bu reformaların həyata keçəcəyini düşünür: “Bu reformalarla əlaqədar Azərbaycanın hərbi doktrinası da mövcud vəziyyətə və ordunun imkanlarına uyğunlaşdırılacaq”.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu