Azərbaycanda parlamentin orduya nəzarəti məsələsi gündəmdə - rəylər


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc ordu quruculuğu və Silahlı Qüvvələrə nəzarət mexanizmləri ilə bağlı bir sıra təkliflər irəli sürüb. Ümumi fikir belədir ki, parlament orduya nəzarət etməlidir. Bəs mütəxəssislər bu təklifi necə dəyərləndirirlər, parlament orduya nəzarət etməlidirmi? Belə bir dəyişiklik reallaşarsa effektiv olacaqmı?




Qarabağ qazisi, “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu AFN-ə açıqlamasında millət vəkilinin bu mövzuda açıqlaması ilə tanış olduğunu bildirdi: “Əslində o, bu proseslərdən xəbərdardır, eyni zamanda orduda son zamanlar baş verən narazılıqlarla bağlı informasiyaya malikdir. Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzində, 30-a yaxın müxtəlif dövrün qaziləri, şəhid ailələri, müharibə iştirakçılarının, mənim də iştirak etdiyim bir toplantı oldu. Bu qurumun bir funksiyası da ondan ibarətdir ki, ictimaiyyətdə baş verən həqiqəti öyrənib ölkə başçısına çatdırsın. Həmin görüş çox faydalı oldu. Ümid edirəm bu görüşlər davam edəcək. Çünki müzakirə olunan məsələlər bütövlükdə cəmiyyətimizə, ordumuza, dövlətimizə, xalqımıza vacib olan məsələdir”. R.Kərimoğlunun fikrincə, ordu xalqın ən həssas yeridir, orduda baş verən ən adi hadisə, proses də gizli qala bilmir: “Zaman-zaman Azərbaycan ordusunun içərisində neqativ hallarla bağlı mətbuatda informasiyalar yayılıb, dövlət başçısına müraciətlər olub. Hətta müraciətlər əsasında ötən ilin iyul ayında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə yönəlik cinayət işi başlanmışdı. Bununla bağlı mənim əlimdə iki rəsmi sənəd var. Bu proseslər ölkə başçısının diqqətindədir, məlumatlıdırlar. Z.Orucun da qaldırdığı məsələ, narahatlıq da buradan yaranır. Ən düzgün yol nədir? Orduya ictimai, o cümlədən parlament nəzarəti təmin edilməlidir. Əgər bu gün ölkənin hakimiyyətinin bir qolu orduya nəzarət edə bilmirsə, bu yaxşı hal deyil. Çünki ölkənin seçkili orqanı parlamentdir və bu qurum orduya nəzarəti həyata keçirməlidir. İstədikləri sorğuya cavab almalıdırlar, istədikləri vaxt ordu rəhbərlərini parlamentə dəvət edib hesabatlarını dinləməlidirlər. Bunların heç biri baş vermir. Uzun illər Azərbaycan ordusunda korrupsiya və rüşvət faktları hər gün mediada yayılıb. Prokurorluq orqanları müvafiq tədbirlər görüb. Ordu rəhbərliyində təmsil olunan şəxslər, konkret olaraq, Nəcməddin Sadıqov 25 il ordunu məhv edib, onun kökünü qazıyıb. Bu adamlar cəzasız qalıb. Təkcə Nəcməddin Sadıqov deyil, onun general rütbəsi verdirdiyi adamlar var, o cümlədən bacısı oğluna general-mayor, əlaltılarına rütbələr verdirmişdi. Bunlar hamısı araşdırılmalıdır, müvafiq tədbirlər görülməlidir”. Nəticə olaraq Z.Orucun fikrini dəstəklədiyini deyən R.Kərimoğlunun sözlərinə görə, bunlar hamısı Ali baş komandana, dövlətimizə, millətimizə xeyirlidir, vacibdir: “O cümlədən, ordumuzun inkişafına böyük təkan verəcək. Əgər bu deyilən məsələlər, ictimai, parlament nəzarəti həyata keçirilməyə başlasa, çox gözəl olar. Sonda bir məsələni də vurğulayım ki, ölkə başçısının nazirliklərdə ictimai şuranın yaradılması ilə bağlı sərəncamı var. Müdafiə Nazirliyində niyə ictimai şura yaradılmır? Bu sırf qanunsuzluqdur”.



Hərbi ekspert Ədalət Verdiyev də açıqlamasında bu fikirlə razılaşdığını bildirdi: “Zahid Orucun nəzarətlə bağlı səsləndirdiyi təkliflər ola bilər ki, effektiv bir nəticəyə gətirib çıxarsın. İstənilən qurum, o cümlədən Silahlı Qüvvələrin bütün növləri, həm də çağırış komissiyası necə ki, digər mülki qurumlar yoxlamaya, nəzarətə məruz qalır, bunların da yoxlanması, nəzarət altında olması müsbət bir nəticə verə bilər. Burada nənfi heç nə görmürəm. İstənilən quruma parlament, yaxud digər üst qurum tərəfindən nəzarət edilməsi müsbət bir təklifdir. Düşünürən ki, bu, ölkə rəhbərliyi və parlament səviyyəsində müzakirə olunub qərar veriləsi bir məsəslədir. İstənilən halda bu təklifi müsbət dəyərləndirirəm”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu