Dövlət qurumları niyə “kotirovka” xəstəliyinə tutulub? - MÜZAKİRƏ


Bu gün bir sıra qurumlar satınalmaları kotirovka sorğusu ilə həyata keçirir. Halbuki kotirovka sorğusu rəqabətsiz satınalma metodlarından biri hesab olunur və daim Hesablama Palatasının dövlət qurumlarına tutduğu iradlardan biri də bu üsulla satınalmalara üstünlük verilməsidir.


Palatanın bu günlərdə açıqladığı 2020-ci il üzrə hesabatında göstərilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi 2020-ci ildə həyata keçirməli olduğu 31 satınalmanın 17-ni kotirovka sorğusu yolu ilə reallaşdırmağı planlaşdırıb. Agentliyin builki satınalma planında 19 satınalmanın həyata keçirilməsi nəzərdə tutulur. Bu satınalmaların 10-u kotirovka sorğusu, 9-u isə açıq tender yolu ilə reallaşdırılmalıdır. Bu, aysberqin görünən tərəfidir desək, yanılmarıq. Satınalmalarda bu cür qapalı metod olan kotirovka sorğusuna üstünlük verən tək AXA deyil. Bir neçə gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı təqdim etdiyimiz araşdırmada yazıda da qeyd etmişdik ki, adıçəkilən qurum daha çox katirovka sorğularına üz tutur. Bu cür qurumlar az deyil və növbəti araşdırmalarımızda onlarla bağlı konkret faktları təqdim edəcəyik.
Tenderlərin azalması, kotirovka sorğularınn çoxalmasının səbəbi nə ilə bağlıdır?



Millət vəkili Vüqar Bayramov AFN-ə açıqlmasında bildirdi ki, tenderlərdə, eləcə də dövlət satınalmalarında şəffaflığın daha da artırlması, səmərəli mexanizmlərin tətbiq edilməsi prioritet məsələlərdəndir: "Bu istiqamətdə artıq daha sistemli fəaliyyət həyata keçirlir və güman olunur ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər təklif olunacaq. Nəticə etibarilə məqsəd ondan ibarətdir ki, tenderlərin şəffaflığını tam olaraq təmin etmək, eyni zamanda rəqabətli elektron tender sisteminin yaradılmasına nail olmaq mümkün olsun. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra hallarda dövlət satınalmaları zamanı bir mənbədən satın alma, o cümlədən rəqabətsiz tenderlərə də rast gəlinir. Bu da təbii ki, həmin tenderlər vasitəsilə vəsaitlərin şəffaf xərclənməsi ilə bağlı suallar yaradır. Bu baxımdan həmin mexanizmlərin təkmilləşdirilməsi olduqca vacibdir".
Millət vəkilinin sözlərinə görə, Maliyyə Nazirliyinin apardığı yoxlamalar göstərir ki, bir sıra dövlət qurumlarında 2020-ci ildə 80 milyon manatdan artıq vəsait ya təyinatından yayındırılıb və ya şişirdilib: "Bu isə ondan xəbər verir ki, dövlət satınalmalarında şəffaflığın gücləndirilməsi hazırda prioritet məsələlərdəndir. Bir mənbədən satın alma və ya rəqabətsiz tenderlərin keçirildiyi hallarda burada qalib şirkətin seçilməsi, məhz həmin tenderin necə keçirilməsi ilə bağlı monitorinqlərin və təhlillərin aparılmasına ehtiyac var. Düşünürəm ki, növbəti mərhələdə dərinləşmiş islahatların əsas istiqamətlərindən biri də məhz dövlət satınalmalarında şəffaflığın daha da artırılması olacaq. Bu istiqamətdə yeni mexanizmlərin tətbiq ediləcəyi gözlənilir. Güman olunur ki, 2021-ci ilin ikinci yarısı və növbəti illərdə tenderlərdə və dövlət satınalmalarında şəffaflığın daha da artırılması istiqamətində hökumət tərəfindən daha sistemli fəaliyyətin həyata keçirilməsini müşahidə edə biləcəyik".



İqtisadçı-ekspert Nazim Bəydəmirli bildirdi ki, açıq tender də əvvəlki kimi adı tender olsa da, bir növ kağız üzərində baş verir: "Ya yubadırdılar, ya tenderin şərtlərini uzadırdılar ki, hamı iştirak edə bilməsin. Kotirovka sorğuları daha asanlaşdırılmış formadır, bunu bəzən onunla əlaqələndirirlər ki, bu satınalmanı tez həyata keçirmək lazımdır. Bu bəhanələr dövlət qurumlarında kifayət qədərdir. Burada məqsəd, müxtəlif mexanizmlərlə özlərinə yaxın olan və tez bir zamanda qeydiyyatdan keçirilmiş şirkətlərin tələblərini ödəməkdir. Tələb dedikdə həmin tenderləri onlara vermək və mənimsəmələrə yol açmaqdır. Bu katirovka sorğularında təklif gələn şirkətlərin əksəriyyətinə baxdıqda görünür ki, həmin sorğular yerləşdirilməmiş, təqribən bir həftə, yaxud bir ay qabaq qeydiyyata alınmış müəssisələrlə birbaşa müqavilələr bağlanıb. Bu Azərbaycanda adi hala çevrilib". Ekspertin sözlərinə görə, Hesablama Palatası çox təəssüf ki, nəticəni müzakirə etməyə üstünlük verir: "Onun da funksiyası odur ki, bu məsələləri aydın olduqdan sonra əsasən prokurorluğa rəy göndərirlər. Yəni onların rəy göndərməkdən başqa funksiyaları yoxdur. Büdcə vəsaitlərində əvvəlki şəkildə mənimsənilməyə yol verilir, müxtəlif sahələrə vəsait çox ayrılmış olsa da, yenə də problemlər qalmaqda davam edir. Ümumiyyətlə, bu birbaşa korrupsiyadır. Məmurun, o qurumların rəhbərlərinin göstərişi ilə aparılan əməliyyatlardır. Tender keçiriləndə yenə də müxtəlif şirkətlər, hansı ki, 3-5 illik iş təcrübələri var, onlar iştirak edəndə bir o qədər sual yaranmır. Ancaq birbaşa müqavilələr bağlandıqda tenderə qədər sorğularla bunlar mənimsəmələrə yol açır".

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu