“Qoç ət”in iftar saatlarında işləmə qərarı etiraz yaratdı - RƏYLƏR

Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Amma Azərbaycanda bəzi iaişə müəssisələri şəriət qanunları ilə işləyir. Bir sıra məşhur restoranlar Ramazan ayının ilk günündən etibarən müəssisənin fəaliyyətini yalnız iftar saatından başlayırlar ki, bu da vətəndaşların etirazına səbəb olub.
Redaksiyamıza “Qoç ət” restoranlar şəbəkəsilə bağlı oxşar şikayət daxil olub. Belə ki, aprelin 13-də şəbəkənin Nərimanov rayonunda yerləşən restoranlarından birinə nahar etmək üçün daxil olan daimi müştərilərinə bildirilib ki, Ramazan ayının başlaması ilə əlaqədar saat 6-dan sonra fəaliyyət göstərəcəklər. AFN-ə üz tutan şikayətçi bunun ölkə qanunlarına hörmətsizlik olduğu fikrindədir: “Mən daim bu restoranda nahar edirəm, iş yerimə yaxındır. İşimin ağırlığı və səhhətimlə əlaqədar oruc tutmuram, girmişəm restorana işləmirlər. Təbii ki, özəl müəssisədir, özləri müəyyənləşdirirlər qrafiklərini, amma ölkədə xidmət sahəsi hər kəsin öz kefinə görə işləyə bilməz. Digər tərəfdən, Azərbaycan çoxdinli ölkədir, müsəlman olmayan vətəndaşlar var. Üstəlik, “Qoç ət”in rəhbərliyi türkdür deyə Türkiyə vaxtı ilə işləyirlər. Siz Azərbaycanda fəaliyyət gösgtərirsiniz, bu ölkənin qaydaları ilə hərəkət etmək borcunuzdur. Paytaxtdakı restoranların əksəriyyətinin rəhbəri türkdür, hamısı Türkiyə vaxtı və Türkiyə qaydaları ilə işləsə o zaman paytaxtda yaşayan, işləyən, restoranlarda nahar edən qeyri-müsəlmanlar, oruc tutmayan müsəlmanlar ciddi problemlə üzləşərlər. Azərbaycan dini dövlət deyil, hüquqi dövlətdir. Bəli, mən razıyam, orucluq ayında restorana müştəri az gəlir, o zaman az personalla çalışsınlar, işçilərinin ehtiyac olmayan hissəsini məzuniyyətə göndərsinlər. Bundan çıxış yolu restoranı saatlarla bağlı saxlamaq deyil”.
Məsələ ilə bağlı “Qoç Ət” restoranlar şəbəkəsindən AFN-ə bildirildi ki, restoran Ramazan ayı boyunca yalnız iftar saatlarında işləyir: “Oruc tutub-tutmayanlara aidiyyatı yoxdur, sadəcə restoran olaraq biz yalnız iftardan sonra işləyirik. Bunun müştərilərlə hər hansı bir əlaqəsi yoxdur. Bizim restoranın müdriyyət sistemi belə qayda-qanun qoyur. Təkcə “Qoç Ət” deyil ki, başqa restoranlarda əyləşə bilərlər. “Qoç Ət” restoranının digər filialları da işləmir. Bizim rəhbərlik, Kənan müəllim, müdriyyət icazə vermir. Dünəndən başlanmasına gəldikdə isə biz müdriyyətin tabeliyindəyik, bizə belə deyirlər biz də belə etmək məcburiyyətindəyik”.
Restoranların Türkiyə vaxtını nəzərə alması ilə bağlı dini ekspert Tural İrfan bildirdi ki, əslində bizdə Ramazan ayı ilə bağlı fətvanı İran vaxtı ilə elan etdilər: “2011-ci ilə qədər Türkiyə vaxtına uyğun elan edilirdi. Həqiqətə uyğun olan da o idi və bütün İslam aləmi də eyni gündə orucunu açırdı. İran dünyada ümumiyyətlə, türkdilli xalqlara qarşı rəqabət aparır. Eyni zamanda sünni-şiə problemi də var. Qafqaz Müsəlmanlarının sədri də birbaşa İranda Ayətullah Xamneyini təqlid edir. İranda astronomik hesablamalarla deyil, siyasi maraqları üstün tuturlar. Siyasi marağı da odur ki, Türkiyəyə rəqib olsun. Azərbaycanda da onu təqlid edənlər var. Şamaxı rəsədxanası da Qafqaz Müsəlmanları İdarəsinin təsiri altındadır. Biz Türkiyəylə də, İranla da eyni coğrafiyada yerləşirik. Lakin bu vaxtın dəyişməsinin səbəbi odur ki, 2011-ci ilə qədər ölkədə Dini Komitə ilə məsləhətləşmələr keçirilirdi, obyektiv qərarlar qəbul olunurdu. Sonra İranda təhsil alanları Ruhani idarəsinə doldurdular. Sanki Qafqaz Müsəlmanları İdarəsi İranın burdakı bir nümayəndəliyidir. İslam dininə görə, Ramazan ayı dünəndən başlayıb. Bizdə miladi təqvimi istidafə edilir deyə çoxları bunu dəqiq bilmir”. İlahiyyatçının sözlərinə görə, Türkiyədə insanlar dinə meyillidirlər, oruc tuturlar: “Ola bilsin ki, Bakıda fəaliyyət göstərən türk restoranları da bunu nəzərə alıblar. Pandemiya da nəzərə alınır. Düzdür, bizdə hər şey tərsinədir, açıq havada maska taxdırırlar, içəridə fərqlidir. Yəqin ki, çox insan toplanmasını da nəzərə alıblar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarında bununla bağlı ayrıca maddə var: “Göstərilir ki, xidmət göstərən müəssisənin qapısında təşkilatın adı ilə bərabər xidmət göstərdiyi vaxtı yazıb göstərilməlidir və istehlakçıya bildirilməlidir. Lakin məcburi qayda yoxdur ki, hansı müəssisə nə qədər fəaliyyət göstərməlidir. Dövlətin qaydalarında belədir ki, istehlakçı məlumatlı olsun. O, biznes strukturdur və müstəqil olduğuna görə məcburi qaydalar yoxdur. İstehlakçının da seçim hüququ var. Mən şəxsən istəyərəm ki, gecə-gündüz hər yer açıq olsun, istehlakçının əlçatanlığı təmin olunsun. Lakin mənim istəməyimlə deyil, dövlətin bunları tənzimləyən heç bir qaydaları yoxdur”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, bu gün turizmdə məhdudiyyət var, gələnlər azdır: “Gələn turistlərin də restoran məsələsi adətən şirkət tərəfindən həll edilir. Orucluqla bağlı belə qaydalar tətbiq edən restoranlar var. Gəlmə turizmində olan məhdudiyyətə görə məncə bu, elə də problem yaratmayacaq. Daxili turizm isə əsasən regionlara aiddir. Rayonlarda qapalı deyil, restoranlar normal fəaliyyət göstərirlər. İndi elə vəziyyət yaranıb ki, pandemiya ilə bağlı da məhdudiyyət yaranıb. Bakıda fəaliyyətini məhdudlaşdıran hansısa restorana gəldikdə isə adi günlərdə yemək yeyən insanların sayı çox olur. Əhalinin bir qismi oruc tutduğuna görə yeməyə getmirlər. Bu zaman onu nəzərdə tuturlar ki, restoran artıq enerji, su, qaz işlətməsin. Qənaət rejiminə keçirlər. Əhalinin sayı restoranlarda azaldığı üçün bi sistemi tətbiq edirlər. Həm də işçilərə də maaş verməlidirlər, məsələn, ofisiantlar da saat hesabı işləyirlər. Türk restoranları bunu hesablayırlar və əlavə xərc etməsin deyə restoranın fəaliyyətini məhdudlaşdırırlar”.
NİGAR