Azərbaycan NATO-ya üzv olmaq üçün tələsməlidirmi? - MÜZAKİRƏ


Azərbaycan NATO ilə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. NATO ilə ən vacib əməkdaşlıq sahəsi olan “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Silahlı Qüvvələrimizin zabitləri yüzlərlə təlim və seminarda iştirak edirlər. Bir sıra ekspertlər hesab edirlər ki, Rusiya qlobal deyil, regional gücdür və bu halda Azərbaycan NATO-ya üzvlüyə üstünlük verməlidir. Ümumiyyətlə, Azərbaycan NATO-ya üzv olarsa nə əldə edəcək, əks təqdirdə nə itirir?


Politoloq Fikrət Sadıqov AFN-ə bildirdi ki, əslində Azərbaycanın güclü bir dövlət kimi xarici siyasət prioritetləri var: “Hazırda Azərbaycan heç bir hərbi bloka qoşulmamağa üstünlük verir. Eyni zamanda NATO-ya hələlik üz tutmuruq. Ancaq NATO ilə sıx əməkdaşlıq edirik, bizim proqram çərçivəsində və ikitərəfli saziş əsasında bir sıra təlimlər, manevrlər, qərargah treninqləri keçirilir, hərbçilərimiz Brüsselin NATO məktəblərində təhsil alır, kurslar keçirlər. Biz hazırda Qoşulmama Hərakatının üzvüyük, eyni zamanda sədriyik. Əgər biz bu kursa üstünlük veririksə, hər hansı hərbi bloka üzv olmağı planlaşdırmırıq, hər halda indiki mövqeyimizdir. Gələcəkdə nə olacağı geoisiyasi vəziyyətdən, regionda təhlükəsizlik və stabillik məsələlərinin həll olunub-olunmamasından asılı olacaq”. Politoloqun sözlərinə görə, məsələn, bu gün Türkiyənin öz modeli var və biz bu ölkənin modelini götürürüksə o demək deyil ki, hansısa hərbi blokun üzvü olmalıyıq: “Biz bu blokla əməkdaşlıq etməyə hazırıq. Türkiyə NATO-nun aparıcı ölkəsi kimi bizim yanımızdadır. NATO-da hərbi və siyasi çəkisi kifayət qədər yüksəkdir. Fakt odur ki, hər məsələ bizim istəyimizlə həll olunmur. Məsələn, Ukrayna ilə Gürcüstan NATO-ya üz tutsalar da, indiyədək onları qəbul etmirlər. Bir çox təhlükələrlə üzləşirlər, Rusiyadan onlara hədə-qorxu gəlirlər, münasibətlər tam pozulub, sərhədlər bağlanıb və bu daxili vəziyyəti qeyri-stabilliyə gətirir. Biz çalışırıq ki, hər iki qütblə əməkdaşlığımızı pozmayaq və eyni zamanda hərbi bloka daxil olmayaq, bu bizim üstünlüyümüzdür. Bu heç də o demək deyil ki, bizi oraya üzv seçəcəklər, çünki onların çoxsaylı şablonları, standartları var. Uzun illər ərzində o standartlara əməl etmək lazımdır ki, bizi oraya daxil etsinlər. Eyni zamanda biz peşəkarlıqla torpaqlarımızı azad etmişik. NATO-nun üzvü olmadan bunu edə bilmişik. Bundan sonrakı addımlarımız da geosiyasi vəziyyətin dəyişməsindən asılı olacaq”.

Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, NATO kifayət qədər sabit bir qurumdur, ən azından Rusiya və Çin təhdidi NATO tərəfindən neytrallaşdırıla bilir: “Qlobal güc dünyanın hər yerində sözünü deməyə, diqtə etməyə nail ola bilir. Ancaq Rusiya son 30 ildə heç nəyə nail olmayıb. Tam əksinə, Rusiya məsələn, keçmiş SSRİ pespublikalarının, Şərqi Avropa ölkələrinə, NATO-nun genişlənməsinə qarşı çıxıb, hazırda həmin ölkələr NATO ilə əməkdaşlıq edir. Əksəriyyəti isə artıq NATO-nun üzvləridir. Rusiya daim raket əleyhinə sistemlərin öz sərhədlərinə yaxınlaşmasına qarşı çıxıb, ancaq hazırda görürük ki, Rusiyadan 400 km aralıda Pribaltikada NATO-nun raket əleyhinə sistemləri yerləşdirilib. Buna görə də qlobal güc kimi Rusiyaya baxılmır. Regional güc ola bilər, Gürcüstan, Ermənistan, Azərbaycan, Ukrayna kimi zəif hərbi potensiala malik ölkələrə qarşı təsir edə bilir. Azərbaycan artıq bu dəfə həmin təsirdən xisal oldu və dolayısıyla Rusiyaya yerini göstərdi. Bizim məhv etdiyimiz silahlar Ermənistan silahları deyildi, hamısı Rusiya istehsalı idi. Yenə də Ukraynada problem davam edir, Orta Asiyaya qarşı təzyiqlər var, onları orbitində saxlamağa çalışır. Ancaq Avropada Rusiyanın dəstəklədiyi bir dövlət qalmayıb. Yaxınlarda olan Balkanlardan belə Rusiya sıxışdırılıb çıxarılıb”. Ekspertin fikrincə, biz Türkiyə ilə əməkdaşlıq ediriksə, həmin ölkə NATO-nun üzvüdürsə demək Azərbaycanın bu istiqamətdə məlum düşüncələri var: “İkincisi, bu müharibə bitdikdən sonra prezident də bildirdi ki, biz türk modelini seçirik. Türk modeli NATO modelidir. Deməli, artıq biz seçimimizi etdik. Ancaq bunun konkret nə vaxt keçiriləcəyi, proseslərin nə vaxt bitəcəyi zaman ala bilər. İndidən söyləmək çətindir. Həm də proseslərin tam içində deyilik, biz aysberqin görünən tərəfini görə bilirik. Nə vaxta bitəcək, planlaşdırmada nə olduğu zaman tələb edir. Düşünürəm ki, yaxın üç ildə bu proseslərdə çox ciddi dönüş baş verəcək. NATO-ya üzv olmaq Azərbaycanın böyük bir arxa, dayaq və təhlükəsizlik zəmanəti əldə etməsinə əsas verir. Biz NATO-ya üzv olaraq qonşularımızla münasibətlərimizi davam etdirə bilirik, bu bizə mane olmaz. NATO kifayət qədər potensiala malik, reallıqda dünyanın ən güclü hərbi blokudur. Son 30 ildə NATO-nun bir qarış torpaq itirməməsi, ərazisinə bir mərmi belə atılmaması dediklərimi sübut edir”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu