"Məktəblərdə pul yığımı məcburi yox, könüllü olmalıdır" - təhsil naziri


“Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi”.


Bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib. AFN-in əməkdaşının "İslahatlar valideyn-məktəb münasibətlərini də əhatə edəcəkmi? Hazırkı VMA-lar ancaq qanunsuz pul yığımı ilə məşğul olur və təəssüf ki, təhsil qurumlarına edilən müraciətlər obyektiv araşdırılmır" sualına cavabında nazir qeyd edib ki, məktəbdə Müəllim-Valideyn Assosiasiyasını yaratmaq hüququ Azərbaycan qanunvericiliyində var: “Bir qisim valideynlər bu prosesdə iştirakının lehinə ola bilər, bir qisim yox. Bu assosiasiyanı Təhsil Nazirliyi yaratmayıb. Kiminsə uşağı buna görə dərsə gəlməməlidir deyə bir şey yoxdur. Valideynlərdən pul yığılırsa, bunun mexanizmi olmalıdır. Problem odur ki, bizdə hazırda bunun mexanizmi yoxdur. Bu qurum varsa, şəffaf olmalıdır, valideynin razılığı olmalıdır. Hazırda problemlər mexanizmlərin olmaması ilə əlaqədardır”.

E.Əmrullayevin sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu