Demoqrafiq yaşlanmanın sürətlə artması turizm bazarında yeni tələb yaradır
İnsanın sağlamlığı onun canlı orqanizm kimi ən vacib həyati xüsusiyyətlərindən biri olmaqla, həmçininb mənəvi mədəniyyətinin ifadəsi, həyat tərzinin göstəricisidir. Eyni zamanda öz sağlamlığına davamlı bir dəyər kimi davranması üçün mənəvi ehtiyac yaradan dövlətin sosial və iqtisadi siyasətinin nəticəsidir. Görkəmli tibb alimlərinin fikrincə, sağlamlıq bütün millətin həyatı üçün sosial-bioloji bir təməldir. Yaradıcı əməyin enerji təminatı, sağlam nəslin dünyaya gəlməsi, sağlam genofondun təmin edilməsi, yaradıcılıq və mənəviyyat əsasında həyat - bütün bunlar yalnız sağlamlıq əsasında təmin oluna bilər.
Bütün dünyada, urbanizasiya prosesləri ilə müşahidə olunan elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi insanların sağlamlığına həm müsbət, həm də mənfi təsir edir. Bu prosesin mənfi nəticələrindən biri insan orqanizminin funksional imkanlarının azalmasıdır ki, bu da onun həyatını təmin edən ən vacib sistemlərin fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Həmçinin əhalinin xəstəliklərə yoluxma hallarının artması, yeni, qorxulu xəstəliklərin yaranması qeyd olunur. Məsələn, dünyanı təhdid altında saxlayan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq son dövrdə əhali arasında çaşqınlıq, insan orqanizmində stress, fiziki və zehni yorğunluğun artması müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına əsasən, əhalinin sağlamlıq durumu səviyyəsi əsas olaraq dörd faktordan - həyat tərzi, genetik, ekoloji faktorlar və milli səviyyədə səhiyyə sisteminin fəaliyyətindən asılıdır. Yalnız əhalinin sağlamlığı üçün bu amillərin əhəmiyyəti, əlbəttə ki, müxtəlifdir. ÜST-in məlumatlarına görə, bu amillər içərisində həyat tərzinin “çəkisi” daha yüksəkdir (50-55 %). Qloballaşma sayəsində və onun təsiri altında genetik amillərin payı 15-20, ətraf mühit amillərinin təsiri isə 20-25 % təşkil edir. Əhalinin sağlamlığına ən az təsir göstərən amil milli səviyyədə səhiyyə sisteminin fəaliyyətidir (10-15%). Bu faktor təbii ki, ölkələr üzrə dəyişir.
Bu amillərin içərisində demoqrafik amilləri də nəzərdən qaçırmaq olmaz. Demoqrafik amillər dedikdə, əhalinin qocalması prosesi və uşaqların azalması, təbii artımın aşağı düşməsi, miqrasiya prosesləri, urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni məişət və s. tələbatının kəskin şəkildə artması, gec evlənmə, boşanma hallarının artması və uşağın böyüməsi üçün zəruri olan ümumi “xərcin” artması və s. nəzərdə tutulur.
BMT ekspertlərinin təsnifatına görə, ölkə əhalisi arasında 65 və yuxarı yaşda olanların xüsusi çəkisi 4 %-dən aşağı olduqda əhali cavan, 4%-dən 7%-ə qədər olduqda qocalma ərəfəsində olan, 7% və daha yüksək olduqda isə qocalmış hesab olunur. Demoqrafik dəyişikliklər təqaüd yaşında olan əhalinin əmək qabiliyyətli əhaliyə nisbətində də özünü büruzə verəcək (UN World Population Prospects -2015).
Hazırda Azərbaycan əhalisi qocalma ərəfəsində olan ölkələrdəndir. 2015-ci ildə 65 və yuxarı yaşda olanların xüsusi çəkisi 5,6 % təşkil edir. Lakin yaxın illərdə Azərbaycanın da qocalmış əhaliyə malik ölkələr sırasına keçəcəyi gözlənilir. 2020-ci ildə bu göstərici 7,35 % olub. 2050-ci ildə 16,9% , 2100-ü ildə isə 23,9%-ə yüksələcəyi proqnozlaşdırılır (AMEA İqtisadiyyat İnstitutu, İqtisadiyyatın liberallıq potensialı, s.148).
Qocalar evində yaşayan yaşlı insanlar həssas təbəqəyə aid olan əhali qrupuna daxildir. Son vaxtlar biz pandemiya üzündən həddən artıq yüklənmiş sosial xidmət təminatçıları tərəfindən göstərilə bilən minimal qayğının əhatəsində və çox vaxt ətrafında sevdikləri belə olmadan dünyasını dəyişən insanların ürək ağrıdan hekayələrini eşitməkdəyik. Eyni zamanda bu ağır günlərdə bir çox yaşlı insanlar laqeydlik, yoxsulluq və sosial kənarlaşma şəraitində yaşamağa məcburdur.
Yəqin ki, bundan daha da məyusedicisi əksər hallarda onlara qarşı lazımsız bir yükə çevrilmələri ilə bağlı mənfi və həqiqətdən uzaq olan stereotip münasibətin təzahürü olardı.
Hazırda Avropa ölkələrinin əhalisi sürətlə qocaldığından - artıq hər dörd nəfərdən birinin yaşı 60 və daha çoxdur. Oradakı cəmiyyətlər yaşlanan insanların sağlam olması və öz icmaları daxilində fəal həyat tərzi keçirə bilmələri istiqamətində səylər göstərir. Ümid edirəm ki, bu böhran və onun gətirdiyi fəsadlar cəmiyyətlərin yaşlı insanlara qarşı mövqeyində və davranışlarında olan mənfi halların aradan qaldırılmasında dönüş nöqtəsi olacaq. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu pandemiya zamanı hökumətlər və vətəndaş cəmiyyətindəki tərəfdaşları ilə yaşlı insanlara dəstək olmaq üçün çalışır və bu, həm yaşlıların hüquqlarının qorunmasına, həm də onların yaşadıqları cəmiyyətlərə inklüzivliyinin təmin olunmasına dəstək olur.
Müasir dünyada sağlam həyat tərzinin insan üçün yüksək əhəmiyyətli olmasını dərk etmək meyli müşahidə olunur. Sağlamlığa qayğı, həyat aktivliyinin artması müasir dəyərlər sisteminin ayrılmaz hissəsidir. Mənəvi zənginləşmə ilə bərabər, yaxşı fiziki formaya malik olmaq istəyən insanların sayı artmaqdadır. İşə götürənlərin də öz işçilərinin sağlamlığına münasibəti dəyişib - onlar fiziki cəhətdən sağlam olan işçi qüvvəsində maraqlıdırlar.
Sağlamlığı şərtləndirən amillərdən biri isə sağlamlıq-müalicə turizminə bütün yaş təbəqələri üzrə vaxtaşırı müraciət olunmasıdır.
Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, müalicə və reabilitasiya - ən əhəmiyyətli turist motivasiyasıdır. Belə ki, UNWTO -nun 2016-cı ildə dərc olunmuş hesabatına görə, 2015-ci ildə beynəlxalq turistlərin yarıdan çoxu (53% və ya 632 mln. nəfəri) istirahət və digər əyləncə məqsədləri ilə səyahət ediblər. Səyahətlərin 14%-i işgüzar turizm və biznes-səyahətlərinin payına düşür, turistlərin 27%-i digər səbəblərdən, məsələn, dostları və ya qohumları ilə görüşmək, dini səfərlər, ziyarət, eləcə də müalicə-sağlamlıq məqsədilə səyahətə çıxıblar. Səyahət edən turistlərin 6%-nin səfər məqsədi göstərilməyib.
Bu mənada, demək olar ki, müalicəvi turizm qlobal miqyas alır və onun bazarı aktiv formalaşma mərhələsindədir.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, II Qlobal Sağlamlıq Turizmi Forumunda “Qlobal sağlıq turizmi Amman” deklorasiyası qəbul olunub. Deklorasiyada Sağlamlıq Turizminin 8 əsas istiqaməti (alt seqmenti) müəyyən edilib:
1) tibbi turizm,
2) dental turizm(diş)
3) spa turizmi
4) kulinariya turizmi (sağlam qida, slow food konsepsiyası)
5) idman turizmi
6) 3-cü yaş qrupu turizmi -Assisted residential turizm
7) velnes turizm
8) əlçatan sosial turizm.
Həmçinin Bakıda keçirilən 3-cü Qlobal Səhiyyə Forumu, Sağlamlıq Turizmini “hər kəs üçün həyat tərzi seçimi” olaraq elan edərək Qlobal Sağlamlıq Turizm Şurasının fəaliyyətlərini inkişaf etdirmək və canlandırmaq məqsədilə öhdəliklər müəyyən edib.
Bütün bu çağırışlar onu deməyə əsas verir ki, sağlamlıq məsələsi bir günün və ya bir ayın işi deyil. Məhz bu amil 12 aya paylanmış sağlamlıq turizmini inkişaf etdirməyi və yaşlılar turizminin inkişafına metodoloji və konseptual yanaşmanı qaçılmaz edir.
Yaşlılar turizmi hazırda ən aktual turizm istiqamətlərindəndir. Eyni zamanda qeyd edilməlidir ki, müxtəlif ölkələr, məsələn, Skandinaviya ölkələri, Avropa ölkələri yaşlı nəslin istirahəti üçün müəyyən addımlar atır. Biz bunu “3-cü yaş qrupu turizmi” adlandırmışıq. Yaşı 65 üzərində olan təbəqə üçün müxtəlif ölkələrdə sosial paketlər nəzərdə tutulur. Həmin vətəndaşların ölkə daxilində və xaricdə istirahətlərini təşkil edirlər. Bizim də hədəfimiz ondan ibarətdir ki, orta və yaşlı nəslin sağlamlığı ilə bağlı Naftalan, İstisu, Qalaaltı və s. istiqamətlərdə istirahət etmələri üçün paketlər, turizm marşrutları təşkil olunsun. Eyni zamanda daxili turizmdə yaşlı təbəqə üçün marşrutların yeni bir istiqamət kimi işlənməsi vacibdir.
Biz də düşünürük ki, klassik dəyərlərə sadiq qalaraq, innovativ yanaşmalarla yeni markalaşma siyasətinin həyata keçirilməsinə çalışaq. Ümumiyyətlə, hesab edirik ki, hər bir turizm növündə nəsillərarası bölgüyə imkan vermək olmaz. Bunların hamısı paralel məhsullar və eyni bazara xitab edir. Azərbaycanda sosial sağlamlıq turizmi təsissatlarının yaradılması həm yerli insanların reabilitasiya və müalicəsinə, həm də sözügedən ölkələrdən təqaüdçülərin cəlb olunması ilə hökumətlərarası sazişlər əsasında həyata keçirilə bilər. Bu da təbii ki, valyuta gətirən fəaliyyət sahəsi kimi təşviq edilərək, əlavə dəyər yarada bilər.
Kurortlarda istirahət edən və müalicə olunan turistlərin əsas hissəsi - fiziki cəhətdən zəif və xəstə insanlardır. Onların arasında yaşlıların xüsusi çəkisi yüksəkdir. Buna görə də kurortların əksəriyyəti yüksək komfort və rahatlığı ilə seçilir. Müalicə ümumi müddəti 10-30 gün təşkil edən müəyyən prosedurların aparılmasını nəzərdə tutur. Buna görə də sanator-kurort müalicəsi əsasında həyata keçirilən turist səyahətləri digər turist səyahətlərindən daha uzunmüddətlidir. Sanator-kurort müalicəsinə, orada qalmaq xərclərindən əlavə, müalicə prosedurlarının dəyəri də daxildir. Yüksək komfortluluq səviyyəsi ilə birgə, bu ödəmələr sağlamlıq-müalicə turizmini qiymət baxımından daha da bahalı edir.
BMT-nin Əhali Fondunun yaşlılarla bağlı məhz pandemiya riskinin minimuma endirilməsi ilə əlaqədar 4 əsas prioritet istiqamətini diqqətə çatdırmaq istərdim:
1) COVID-19-la mübarizədə yaşlı insanların müdafiəsi ilə bağlı tədbirləri prioritetləşdirmək;
2) Yaşlı insanların fikrini dinləmək;
3) İctimai fikirdə və təcrübədə yaşa görə ayrı-seçkilik fenomeni ilə mübarizə;
4) Qanunverici və hüquqi çərçivələrə yaşlanma prizmasından yenidən baxış.
Ənənələri daha da dərinləşdirmək üçün “Qlobal sağlamlıq hamı üçün” və “Turizm hamı üçün” hərəkatını və fəaliyyətlərini genişləndirməyə böyük ehtiyac duyulur. Əlillər, yaşlılar, azyaşlı uşaqları olan ailələr də daxil olmaqla, ən geniş auditoriyaya uyğun mühit, məkan və xidmətlər infrasturkturu (sağlamlıq turizmi klasterləri) yaratmaq labüd və zəruridir.
Buna görə də Azərbaycan sağlamlıq turizm istiqamətlərini, məhsullarını və xidmətlərini bütün səyahətçilər üçün əlçatan etmək və bütün dünyada əlçatan turizmi təbliğ edən cəmiyyətlərlə işbirliyi halında olmaq vacibdir.
Əlçatan (sosial, yaşlılar) turizmi nə üçün inkişaf etdirməliyik?
Demoqrafik yaşlanmanın sürətlə artması ilə tələb təklifi üstələyir. Bu da yeni bazar tələbi meydana gətirir. Bu yanaşmada əsas kriteriyalardan biri də odur ki, artan qlobal rəqabət də nəzərə alınmaqla, yaşlıların cəmiyyətdə bərabər iştirak hüquqlarına səyahət və turizm təminatçıları tərəfindən hörmət edilməlidir.
Məsələn, Avropa turizm sənayesi təchizatçılarının yalnız 9% -i “əlçatan” təkliflərə malikdir. Avropadakı 3 milyondan çox turizm şirkəti əlçatanlıq bazarına adekvat xidmət göstərməyə hazır deyil. 2021-ci ilədək proqnozlaşdırılan tələbi ödəmək üçün əlavə 1,2 milyon müəssisənin əlçatan xidmətlər göstərməsi lazımdır.
Xüsusi qayğıya ehtiyacları olan insanlar - böyük və böyüyən potensial bazar
ÜST-ə görə dünyada təxminən 1 milyard əlil var (dünya əhalisinin 15%). ÜST və Dünya Bankı (2011) qocalma və əlillik arasında sıx bir əlaqə olduğunu qeyd edir. Çox vaxt “əlil” hesab oluna bilməyən yaşlı insanlar (65 yaşdan yuxarı) gündəlik fəaliyyət göstərməkdə oxşar çətinliklərlə üzləşirlər.
Yaşlılar əlçatan turizm bazarının 65%-ni təşkil edir
Avropada hər 5 nəfərdən 1-i 60 yaşdan yuxarıdır. Onlar səyahət etmək, həyatdan zövq almaq və sağlam qalmaq istəyirlər. Avropalı yaşlılar ildə 6-7 dəfə səyahət edirlər. Yaşlı əhali sayəsində səyahət etmək qabiliyyəti və xüsusi ehtiyacları olan insanların sayı artır. Əlçatan bir mühit, nəqliyyat və xidmətlər tələbini artırmaq turizm sektoruna böyük fayda gətirə bilər.
Hesab edirəm ki, Azərbaycan reallığında da bu seqmentin inkişaf etdirilməsinin böyük maddi və mənəvi dəyəri var.
Ruslan Quliyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı