Hansı daha təhlükəlidir: COVİD, yoxsa açıq havada maska?
Pandemiyanın özü ilə gətirdiyi və insanların da artıq həyat tərzinə çevrilən qaydalara etiraz edənlərin sayı getdikcə artır. Son günlər daha çox açıq havada maska taxılması ilə bağlı qayda narazılıq yaradıb. İnsanlar kafe və restoranlarda maskasız gəzdikləri halda açıq havasa maskasız gəzməyə qoyulan qadağa ilə barışmır. Artıq müxtəlif virtual etiraz aksiyaları meydana çıxıb. Açıq havada maska ilə gəzmək insan orqanizmində hansı problemlər yarada bilər?
İnfeksionist Mərdan Əliyev AFN-ə maskanın orqanizm üçün yaratdığı problemlə bağlı bildirdi ki, biz oksigeni alıb, karbon qazını veririk, bununla ağciyərlərimiz vasitəsilə oksigen ehtiyaclarımızı qarşılayırıq: "Ancaq biz maska taxanda verdiyimiz havanı yenidən alırıq və ona görə də oksigen aclığı yaranır. Buna da hipoksiya deyilir. Təbii ki, maskadan qısa müddət, fasilələrlə istifadə etdikdə bu özünü göstərmir, ancaq uzun müddət istifadə etdikdə orqanizmə ziyandır. Açıq havada, yaxud qapalı yerdə taxanda elə bir fərqi olmur, çünki hər ikisi eyni vəziyyətdir. Sadəcə açıq yerdə taxanda daha az, qapalı yerdə taxanda daha çox ziyanı olur". Həkim deyir ki, maskanı açıq yerdə taxanda da problem maskanın növündən asılıdır: "Əgər cərrahi maska taxılıbsa yanlarından hava keçə bilir. Açıq havada oksigen miqdarı çox olur. Qapalı yerlərdə daha çox oksigen ehtiyacı yaranır. Açıq yerdə daha gec hipoksiya əlamətləri əmələ gələ bilər. Bu gün ən çox istifadə etdiyimiz birdəfəlik cərrahi maskalardır. Ancaq N95 tipli maskalar var ki, filtrdi, onlar havanı daha çətin buraxır. Cərrahi maskalarda yanlarından hava daxil olsa da, ancaq digər maska da hava filtr vasitəsilə daxil olur. Onu uzun müddət taxmaq olmaz, açıb tez-tez fasilə vermək lazımdır".
İnfeksionist Azər Nağıyev isə əksinə açıq havada maska taxarkən heç bir problemin, fəsadın yaranmadığını deyir: "Qarşıdan yay ayları gəlir, pandemiya, yoluxma halları azalarsa ola bilər ki, açıq havada maska taxmaq qadağası götürülsün. Buna Operativ Qərərgahın ekspertləri qərar verəcək. Ancaq hazırda isti havalar deyil, sərindir. Hələ ki, yoluxmanın yüksəliş vaxtı açıq havada da maska taxmanı məsləhət görərdim. Ən azından təkcə korona yox, digər virus infeksiyaları var və onların qarşısını almaq üçün maska lazımdır. İnsanlar da maska taxmaqdan yorulub. Bizim adət etmədiyimiz bir haldır. Amma biz açıq havada məsələn, bir parkda gediriksə və bir nəfərlə rastlaşıb qarşı-qarşıya maskasız söhbət ediriksə, infeksiyaya yoluxacağıq. Nəqliyyatla bunun nə fərqi olur? İnsan öz həyətində maska taxmasa, ailə üzvlərindən başqa heç kimlə təmasda olmursa onda önəmli deyil. Ancaq şəhərdə, dayanacaqda, insanların çox olduğu parkda, biri ilə yaxın məsafədə dayanırıqsa yoluxa bilərik. Ona görə mən açıq havada belə maska taxılmasını tövsiyə edirəm və onun heç bir fəsadını görmürəm".
İnfeksionist Vüqar Cavadzadə qeyd etdi ki, insanların narahatlığı başa düşüləndir: "Havalar getdikcə istiləşir və nəfəs almaq çətinləşir. Bu təbii haldır. Yayda adi halda 40 dərəcə istidə nəfəs almaq çətinləşir. Maska təbii ki, insanların çətin nəfəs almasına səbəb olacaq. Amma mövcud vəziyyəti hər birimiz başa düşməliyik. Hazırda pandemiya dövründə yaşayırıq, virus geniş çəkildə yayılıb. Britaniya ştammı çox ağır gedir, hətta gənc nəsil arasında ağırlaşmalara səbəb olur. Mövcud vəziyyətlə bağlı bunu anlamalıyıq. Bir çox ölkələrdə maska taxmamağa görə cərimələr var. Biz maska taxmasaq, yoluxmaların artmasına səbəb ola bilər. Artıq yoluxma sayı 2 mini keçib. İndiki həssas bir dövrdə maskadan imtina etsək yoluxmaların artmasına səbəb olacaq. Operativ Qərargah qərar verib və bu da icra olunur. Orada da ümumi qərar verilib, açıq havada taxılmasın, qapalı yerdə taxılsın deyə fikir bildirilmir. Ümumi qərar verilməsə sui-istifadə halları artacaq".
Açıq havada maskadan istifadənin fəsadlarına gəldikdə isə həkim deyir ki, biz bir məqama diqqət yetirməliyik: "Ağciyər üçün maska taxmaq, yoxsa kovid infeksiyası daha təhlükəlidir? Təbii ki, kovid infeksiyası. Bir ildən artıqdır ki, pandemiya davam edir, insanlar maska taxır, ancaq dünyada hələ maskadan ölən olmayıb. Ancaq covid infeksiyasına yoluxan 2 milyon insan ölüb. Təbii ki, maskanın mənfi tərəfləri var. Ancaq müsbət tərəfləri mənfi tərəfindən milyon dəfə çoxdur. Maska tək infeksiyadan deyil, havada olan tozdan, allergenlerdən, kimyəvi maddələrdən qoruyur. Ona görə də fikrimcə, maskanın taxılmasına davam etməliyik. Bu, hava damcı infeksiyasıdır. Maskasızsınızsa və bir insan ətrafınızdan öskürərək keçirsə o zaman yoluxma riski var. Əgər maskadan xilas olmaq istəyiriksə vaksinasiya prosesində aktiv iştirak eləməliyik ki, cəmiyyətdən bu virus çəkilsin getsin. Vaksinasiya da olmayaq, maska da taxmayaq, bununla iş düzəlmir, epidemioloji vəziyyət sabitləşmir. Hər bir şeyin məntiqli tərəfi var".
Həkim-pediatr Vaqif Qarayev AFN-ə açıqlamasında bildirdi ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün iki yol var - təcrid və vaksin: “Təcrid vasitələri maska, dezinfeksiya və sosial məsafədir. Maskanın qoruması ilə bağlı mən bir faktı qeyd etmək istərdim. Hər il senyabr ayından may ayına qədər mövsümi viruslar tüğyan edirdi. Bu il niyə yoxdur? Var, amma çox ciddi bir mənzərə yaratmır. Mənim fikrimcə, bunun ən birinci səbəbi insanların maskada gəzməsidir. O vaxtlar heç COVİD yox idi, həkimlər deyirdi ki, maska ilə gəzmək lazımdı, insanların toplaşdığı yerə getməmək lazımdır. Onda bunu insanlar gözardı edirdi və xəstə-xəstə işə, hər yerə gedirdi, xəstəlik getdikcə uzanırdı. Ancaq bu il həddindən artıq azdır. Ümumiyyətlə, maska qoruyurmu? Bəli, qoruyur. Ancaq başqa məsələdir ki, küçədə, parkda, əyləncə yerlərində, insanların sıx toplaşmadığı yerlərdə fikrimcə, maska lazım deyil. Əgər orda insan sayı çox azdırsa insan niyə maskada gəzsin. Bir məsələ də var ki, Azərbaycanda vəziyyət çox pis idi. 62 min aktiv xəstə var idi, yoluxma həddindən artıq çox olduğuna görə ÜST tövsiyəsi ilə ölkələrdə açıq məkanlarda da maska taxılması məcburi oldu. Ancaq insanların narahatlığını da anlayıram. Son günlər şəkillər paylaşırlar ki, şəhərdəki kafelərdə insanlar maskasız otururlar, ancaq yarım metr o tərəfdə küçədə insanlar maskalıdır. Bunun məntiqi yoxdur, lazımdısa hər yerdə olmalıdır. Soruşduqda ki, niyə kafe, restoranlar işləyir, deyirlər ki, yazıqdırlar, işləməlidir, pul qazanmalıdır. Razıyam, işləməlidir, qazanmalıdırlar. Ancaq biz qorunuruqsa, hər yerdə eyni qayda ilə qorunaq. İndi körpə uşaqlar küçədə, açıq havada, əyləncə yerlərində olmalıdır, onlara elə ciddi qadağalar yoxdur. Ancaq valideynlər onların yanındadır, saatlarla maskada olacaq. Bu baxımdan insanların narahatlığını anlayıram. Amma baxın, yoluxma sayı günbəgün artır. Məni ən çox narahat edən ölüm sayının çox olması və sağalanların sayının az olmasıdır. Yoluxma çox, sağalan az, ölüm çox. Həkim olaraq onu deyirəm ki, hamı özünü qorumalıdır”.
Həkimin sözlərinə görə, son açılmalara qədər maska taxmaq baxımından vəziyyət pis deyildi, amma indi ya heç yoxdu, ya da ki, çənədə, biləkdədir: “ Burada hökuməti də günahlandırmaq istəyirəm ki, cərimə məqsəd olmamalıdr. İnfeksiyadan qorunmaq üçün bir vasitə olmalııdr. Bizdə insanları cərimə ilə qorxutduqlarına görə qorxmur, heç taxmır. Məsələn, bu bəlanı dünyaya yayan Çində ötən ilin dekabr-yanvar aylarında böyük cərimə məbləğləri var idi. Sonra başqa tədbirlərlə cəriməyə ehtiyac qalmayıb. Açıq havada maska taxılması təkcə bizdə deyil, başqa ölkələrdə də var. Düşünürəm ki, bir mərkəzdən, ÜST tərəfindən verilən qərardır. İnsan olaraq mən də insanların sıx toplaşmadığı yerdə maska məcburiyyətindən narazıyam. Ancaq epidemiyanın gedişatı göstərir ki, nə yolla olur olsun gərək qorunaq. Küçədə hər insanın da başının üstə bir polis qoymaq olmur. Baxırsan, küçədə biri maska ilə getsə də, qarşıdan gələn biri ilə görüşür, maskanı çıxarıb öpüşür, söhbət edir, gedirlər. Bu maskanın nə köməyi oldu? Bu gün əsas odur ki, nəqliyyatda vəziyyət son dərəcə bərbaddır və bunun düzəlməsi üçün içıq ucu görünmür. İnsanların narazılıqlarını anlayıram ki, deyirlər açıq havada maskada gəzirik, nəqliyyatda nəfəs-nəfəsə dayanıblar. Düz deyirlər, bundan çıxış yolunu yuxarıdakılar bilir”.
NİGAR