Ermənilərin törətdiyi ekoloji terrorun nəticələrini aradan qaldırmaq üçün bizə on illərlə vaxt lazımdır - MÜZAKİRƏ
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terrorlar törədiblər. Bu günlərdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mövzu ilə bağlı açıqlamasında olduqca maraqlı faktı ictimailəşdirib.
Nazir müavininin sözlərinə görə, Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub: “Həmin ərazi 1970-ci ildə baramaçılığın inkişafı üçün yaradılmışdı. Cəbrayıl rayonu işğala qədər ildə 240 ton barama istehsal edib. Ermənilər həmin tut bağlarını məhv edib, dəfələrlə yandırıblar. İşğala qədər Qubadlı rayonu ildə 70, Zəngilan 98, Cəbrayıl isə 240 ton barama istehsal edib. Ermənilər Cəbrayıl rayonunda minlərlə hektar ərazini dəfələrlə yandırıb, məhv ediblər. Dünya ictimaiyyəti mənfur qonşularımızın törətdiyi ekoloji terroru görməlidir”.
Aydın məsələdir ki, bu barbarlıq tək Cəbrayıl rayonunda deyil, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin hamısında törədilib. Mütəxəssislər isə bu fikirdədir ki, hazırda həmin ərazilərin yenidən bərpası istiqamətində işlər aparılsa da, bu, xeyli vaxt tələb edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev mövzu ilə bağlı AFN-ə açıqlamasında bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qiymətləndirmə işləri aparılır: “Qiymətləndirmə nəticələri əsasında həm torpaq, həm su mənbələrinin, həm də meşələrin bərpası ilə bağlı işlər aparılacaq. Mümkün olduğu qədər, ən qısa vaxtda o işlər aparılacaq. Torpağın münbit qatının bərpası üçün təbii proseslərlə bağlı 100 il vaxt lazımdır. Orada ilkin olaraq eroziya, deqradasiya prosesləri dayandırılandan və su ehtiyatları bərpa olunandan sonra işlər aparılacaq. Elə ərazilər var ki, susuzluqdan da səhralaşma baş verib, bitki örtüyü məhv olub. Kənardan antropogen təsirlər olmursa təbiət özü də özünü bərpa edir. Artıq meşəsalma, yaşıllaşdırma ilə də bağlı işlərə başlanılıb. Meşə ərazilərinin bərpası ilə bağlı xüsusi proqram hazırlanır. Minalardan təmizləndikdən sonra bütün rayonlarda meşə ərazilərinin bərpasına başlanılacaq”.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri Rauf Sultanov bildirdi ki, ermənilər bizim işğal etdikləri ərazilərimizdə təbii sərvətlərimizi, o cümlədən bioresurslarımızı məhv etməyi qarşılarına məqsəd qoymuşdular: “Onlar qızıl yataqlarımızdan istifadə ilə Ermənistanın büdcəsinin formalaşmasında iştirak ediblər. Erməni təcavüzkarları hər il Qarabağ ərazisindəki torpaqlarda yanğınlar törədirdilər. Həmin yanğın nəticəsində Azərbaycanın bitki örtüyünə və canlılar aləminə qarşı 30 il ərzində genosid siyasəti aparıblar. Bu proseslərlə bağlı hesablamalar aparılıb, neçə min hektarlarla meşə örtüyü məhv edilib. Meşə örtüyü bitki örtüyünə nisbətən günəş şüasını 10 dəfə artıq mənimsəyir, oksigen ifraz edir və bioresurslar yetişdirir.
Onunla da canlılar aləmi qidalanır və biosistem yaranır. Yanğınlar nəticəsində həm ağaclar, bitki örtüyü məhv olur, həm də onunla qidalanan biosfer məhv olur. Onun bərpa edilməsi isə çətindir. Təbiət ona dəyən ziyanı bərpa etmək imkanına malikdir. Ancaq erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində təbiətə, ətraf mühitə dəyən ziyanı bərpa etmək üçün həm təbiət, həm də insan əməyi ilə 30-50 il vaxt lazımdır. Həm də onlar bizim otlaqlar, örüşlərdən intensiv surətdə istifadə ediblər. Ermənilərin özlərinin yaydığı məlumata görə, işğal olunmuş ərazilərdə 1 milyondan çox xırda buynuzlu, 100 mindən çox iribuynuzlu heyvan vardı ki, bizim otlaqlarda normadan artıq otarılıb və həmin ərazilər sıradan çıxıb, ən münbit əraziləri məhv ediblər”.
R.Sultanov deyir ki, ETSN rəsmisinin bu yaxınlarda Cəbrayılda olarkən verdiyi informasiya çox maraqlıdır və beynəlxaql miqyasda buna diqqət yetirilməlidir: “Təkcə bir rayonda min hektarlarla torpaq sahələri, bitki örtüyü məhv edilib, təbii sərvətləri daşınıb. Hətta endemik ağac növlərini kəsərək Almaniyada tüfəngin qundağının hazırlanması üçün uzun müddət ağac məmulatı kimi istifadə ediblər. Erməni işğalçıları həmin ərazilərdə, xüsusilə də Cəbrayıl rayonunda narkotik maddələr də yetişdirirdilər və satışından əldə etdikləri vəsait Ermənistan büdcəsinə daxil edilirdi. İndi həmin ərazilərin yenidən bərpa edilməsi üçün xeyli vəsait tələb olunur. Həmin ərazilərin hamısı viran edilib və nə qədər vəsait sərf edilməlidir ki, həm şəhərlər, qəsəbələr, həm sənaye müəssisələri salınsın, kənd təsərrüfatı bərpa edilsin. QHT-lərin bu barədə hazırladıqları hesablamalara görə, dəyən ziyan 700 milyard manat təşkil edir. Biz onları məhkəməyə verəcəyik, dəyən ziyana qarşı vəsait ödəməyə borcludurlar”. Ekspert onu da vurğuladı ki, Azərbaycan erməni işğalçıları tərəfindən vurulan ziyanla bağlı dövlət səviyyəsində dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, BMT və digər qurumlar bu işə çox biganə qalıblar: “Təsəvvür edin ki, 5-6 aydır həmin ərazilər işğaldan azad edilib, ancaq hələ də minalardan tam təmizləmək mümkün deyil. Ermənistan tərəfi minalanmış ərazilərin təmizlənməsi üçün xəritələri verməsə, bu proses 8-10 il vaxt aparacaq. Hazırda müvafiq qurumlar həmin ərazilərin bərpası üçün intensiv iş aparırlar”.
NİGAR