Sahibkarlığın İnkişafı Fondundan absurd mövqe: KİV-ə verilən kreditlər niyə açıqlanmır?


Azərbaycanda medianın inkişafı ilə bağlı bir sıra addımlar atılır. Reallaşdırılan tədbirlərin medianın inkişafında rolu dartışıla bilən mövzu olsa da, ortada bir təşəbbüsün olduğu realdır. KİV-lərin durumu isə ağırdır. Bir tərəfdə nazirlərin, müxtəlif məmurların qeyri-rəsmi maliyyələşdirdiyi informasiya agentlikləri, saytlar, digər tərəfdə ömrünü mediaya həsr edən, öz gücü ilə sayt yaradaraq jurnalist fəaliyyəti ilə məşğul olan jurnalistlər. Rəqabət mühitinin olmadığı şəraitdə isə medianın inkişafından təbii ki, söhbət gedə bilməz. Bu halda əlac qalır dövlətin yaratdığı şəraitdən istifadə etməyə. Bu istiqamətdə mövcud olan variantlardan biri Sahibkarlığı İnkişafı Fondu xəttilə ayrılan kreditlərdən yararlanmaqdır.


AFN xəbər verir ki, Qaynarinfo saytı Sahibkarlığın İnkişafı Fondunun mediaya kreditlər ayırıb-ayırmaması məsələsini araşdırıb. Fondun mətbuat xidmətinin rəhbəri Gülnar Hüseyn bildiribi ki, bu günə qədər Fond tərəfindən KİV-in inkişafı layihələrinin dəstəklənməsi istiqaməti üzrə 42 layihəyə 8 milyon 579 min manat məbləğində güzəştli kredit verilib. "Bu kreditlər nəşriyyat işi və poliqrafiya da daxil olmaqla, KİV-in fəaliyyətinin genişləndirilməsini ehtiva edən layihələr üzrə verilib”, - deyə o əlavə edib. Lakin Gülnar Hüseyn konkret olaraq hansı media orqanlarına kredit verildiyini açıqlamayıb: "Bu məlumat konfidensialdır. Üçüncü tərəflərə ötürülməsinə icazə verilmir”.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə bildirib ki, Fondun verdiyi kreditlər kommersiya qurumlarının bir-birinə ötürdüyü vəsaitlər deyil. Ona görə də qurum bütün detalları açıqlamağa borcludur: "Bu, dövlət büdcəsinə aid vəsaitdir. Büdcədən ayrılan vəsaitin kimə getdiyi mütləq açıqlanmalıdır. "İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsi büdcədən ayrılan vəsaitlərin xərclənmə istiqamətinə görə məhz həmin Fondu informasiya sahibi hesab edir. Bu vəsaitlər kredit, qrant və bağış da ola bilər. Bunlarla bağlı bütün detallar açıq olmalıdır. Burada kredit alanların məlumatlarının gizlədilməsi heç bir halda yolverilən deyil. Əgər Sahibkarlığın İnkişafı Fondu banklar kimi özəl kommersiya qurumu olsaydı, o zaman müştərilər haqqında məlumat kommersiya sirri hesab edilə bilərdi. Amma bu Fond dövlət qurumudur və dövlət vəsaitlərini yönləndirir. Ona görə də bu məlumatlar açıq məlumatlar sayılır. Azərbaycan Konstitusiyasının 50-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi də bunun tələb edir. Siz onların verdiyi cavabı əsas götürərək məhkəməyə müraciət edə bilərsiniz”.

Hüquqşünas Xalid Ağəli də hesab edir ki, Fondun bu addımı qanunsuzdur. "Sahibkarlığın İnkişafı Fondu dövlət qurumu olduğunua görə özü bu məlumatları açıqlamalıdır. Yəni, sizin Fonddan tələb etdiyiniz məlumatlar əslində sorğu ilə əldə edilə biləcək məlumatlar deyil. Bunu qurum özü açıqlamalı, rəsmi saytında yerləşdirməlidir. Əgər saytda həmin məlumatlar yoxdursa, üstəgəl, sizin müraciətinizlə də açıqlanmırsa, bu, artıq kobud qanun pozuntusudur”, - deyə hüquqşünas vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu