Jurnalistlər əsaslandırılmış formada çağırılmalıdır - Ələsgər Əhmədoğlu


Son günlərin əsas müzakirə mövzularından biri Baş Prokurorluq-media münasibətləridir. Jurnalistlərin tez-tez quruma çağrılaraq xəbərdarlıq edilmələri ciddi narazılıqlar yaradıb. Media nümayəndələri arasında bu çağırışlara etiraz edənlər getdikcə artır. Yaranmış durumdan çıxış yolu kimi, media institutlarının prosesə cəlb edilməsini təklif edənlər də var. Yəni əgər hansısa jurnalistin qanunla qadağan edilmiş məlumatı yayması halı varsa, bunun Baş Prokurorluqdan əvvəl media institutları – MEDİA, Mətbuat Şurası və s. vasitəsilə həll edilməsi təklif olunur.


Bir neçə gün öncə açıqlama yayan Media Hüququ Qrupu bildirirdi ki, Baş Prokurorluğun yayılmış konkret yazılarda getmiş məlumatların doğru olub-olmadığını araşdırmaga borcludur və bununla bağlı həmin məzmunların müəlliflərindən nəyi isə soruşmaq səlahiyyəti var. “Lakin belə hallarda jurnalistlərlə davranış Konstitusiya və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş çərçivəyə uyğun olmalı, jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır”. Media Hüququ Qrupu elan edir ki, jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək, onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır.

Təcrübə göstərir ki, indiyədək Baş Prokurorluqda xəbərdarlıq edilən jurnalistlərin əksəriyyəti ora zənglə çağrılıblar. Əslində proses necə getməlidir? Jurnalist yazdığı yazıya (yaxud sosial şəbəkədə statusa) görə Baş Prokurorluğa hansı formada çağırılmalıdır? Media Hüququ Qrupunun üzvü, hüquqşünas Ələsgər Əhmədoğlu AFN.az-a açıqlamasında bildirdi ki, əgər Baş Prokurorluğun hər hansı bir qanunun pozulmasına yönəlik iradı varsa, bunu əsaslandıraraq dəvət etməlidir: “Hansı səbəblə, hansı qanuna istinadən şəxsi çağırırlar, bu, mütləq rəsmi çağırışda əsaslandırılmalıdır. Ümumiyyətlə, təəssüflə qeyd edim ki, Prokurorluq jurnalistlərə xəbərdarlıq səlahiyyətindən sui-istifadə edir, demək olar ki, heç bir əsaslandırma olmadan, mülahizələr əsasında bu səlahiyyətini icra eləməyə çalışır, bu da ciddi şəkildə problem yaradır”.
Bəs şifahi zənglə Baş Prokurorluğa gedən jurnalistlərin özlərinin “gunahı” varmı? Ə.Əhmədoğlu sualı cavablandırarkən burada jurnalistlərin hər hansı “günahı”nın olmadığını bildirdi: “Jurnalist nəticə etibarı ilə çağırışın şifahi və ya yazılı olmasına əhəmiyyət vermədən şifahi çağırışa gedib. Amma əgər bu tip məqamlarda əgər söhbət hüquq pozuntusundan gedirsə, Prokurorluq bu istiqamətdə öz səlahiyyətindən istifadə edirsə, bunu hökmən yazılı etməlidir. Şifahi çağırış keçərli deyil”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu