“E-köşk” çap mediasının indiki vəziyyətinə necə təsir edəcək? - rəylər fərqlidir


Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması ictimaiyyətə təqdim olunub.


Dünən bununla bağlı keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması dövlətin mediaya dəstək layihələrindən biridir. Ə.İsmayılov qeyd edib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.

Bu platforma çap mediasının indiki vəziyyətinə necə təsir edəcək?



AFN.az xəbər verir ki, İT üzrə mütəxəssis Osman Gündüz məsələ bağlı açıqlama yayıb. O.Gündüz qeyd edib ki, açıqlanan məlumatdan və hazırlanan portaldan görsənir ki, "rəqəmsal yayım platforması" dedikdə qəzet və jurnalların scan olunması, hansısa statik bir pdf versiyasının satışı və abunəçiliyinin təşkilini nəzərdə tutublar : “Qeyd edirlər ki, platforma ənənəvi qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə etməklə ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmağa kömək edəcək . Anlaşılmaz və ağlasığmazdır. İlin-günün bu vaxtında, ölkədə rəqəmsallaşmanın indiki səviyyəsində, internet medianın idiki inkişaf səviyyəsində, "yeniliklərdən xəbərdar" olmaq üçün 15-20 il əvvəlki texnologiyaya üstünlük vermək bilmirəm ki, MEDİA-nın necə və haradan ağlına gəlib. Qəzet və jurnal infrastrukturunu rəqəmsal transformasiya etmək, onların müxtəlif dilli veb, mobil və sosial resurslarının inkişafına dəstək vermək, təhlükəsizliyinə dəstək vermək əvəzinə Agentliyin belə bir bir layihəsi, yumşaq desək, xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir”. O.Gündüzün sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki , səmərəsiz prosesləri rəqəmsallaşdırmaq heç vaxt uğurlu olmur və daha ciddi problemlər yaradır: “Fikrimcə, qəzet və jurnalların onlayn versiyası işə başlamazdan öncə, hazırda Milli Kitabxanada mövcud olan arxivin rəqəmsallaşdırılması üçün dəstək verilməsi bəlkə daha əhəmiyyətli ola bilərdi. Anlayıram ki , Agentlik nəsə etmək istəyir, çalışır. Amma müşahidələr göstərir ki, Agentliyin bu tip addımları spontan xarakterlidir. Qurum gərək müxəcəssisləri, maraqlı tərəfləri cəlb edib, medianın inkişafı üçün normal bir konseptual baxış hazırlasın.
Maraqlı bir məqam da ondan ibarətdir ki, təşkilatçılar qeyd ediblər ki, bu layihə Prezidentin 2008-ci ildə təsdiq edilmiş “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hazırlanıb. Hansı ki, bu sənəd hazırlanan vaxtlarda ölkənin media mühiti tam fərqli olub. Fikrimcə MEDİA 10 illər öncəki sənədin ab-havasına deyil, maraqlı tərəflləri cəlb etməklə, Prezidentin tapşırıqlarına uyğun olaraq, müasir çağırışlara cavab verən media infrastrukturunun inkişafına yönəlik konseptual sənəd layihəsinin hazırlanmasına diqqət yetirsə daha faydalı olardı”.



"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid AFN.az-a açıqlamasında bildirdi ki, qəzetlərin pdf variantını təşkil etmək, abunə və satışını reallaşdırmaq təşəbbüsləri əvvəllər də müxtəlif media qurumları tərəfindən olub: “Elə də uğur qazanmayıb. Düzdür, orda bütün media cəmləşməmişdi. Amma o zaman əsaslandırırdıq ki, insanların qəzetlərin pdf variantına abunə olmaq, bunun üçün pul ödəmək vərdişləri yoxdur. MEDİA bir müddət əvvəl belə bir təşəbbüs qaldırdı və bunun müzakirəsi olmuşdu. Demək olar ki, bütün yazılı mətbuatla, qəzetlərlə, hətta bir neçə jurnalla yazılı müqavilə bağlayıb. Biz artıq qəzetlərin pdf variantlarını həmin platformaya göndəririk. Mən hesab etmirəm ki, burda çox böyük həcmdə abunə və satış olacaq. Amma bu da bir cəhddir, yazılı medianın fəaliyyətini hansısa formada davam etdirməsi üçün stimuldur. Müsbət qarşılayıram və arzulayıram ki, oxucularımız ənənəvi mediaya üstünlük versinlər. Vaxtilə dövlətin dəstəyi olmasaydı çap mediası sıradan çıxacaqdı, o dəstək indi MEDİA-nın timsalında davam edir. Biz fəaliyyətimizi davam etdiririksə, dövlətimizə borcluyuq. “E-köşk” də variantlardan biridir ki, yazılı mətbuata bir müddət fəaliyyətini davam etdirə bilsin”.



Hazırda fəaliyyətini dayandıran “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bildirdi ki, yeni sistem haqda müfəssəl bilgisi olmasa da, ümumilikdə ideya kimi müsbətdir: “Sistemdən çox müfəssəl bilgim yoxdur. Ancaq inşallah işə yarayar. İdeya kimi yaxşı ideyadır. Reallıqda nə dərəcədə uğurlu olacaq? Onu deyə bilmərəm. İşlək bir mexanizmə çevrilsə, faydalı olacaq. Elə olsa, bəlkə mən də qəzeti onlayn formatda bərpa edərəm”.

FƏRƏH



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu