Kriptovalyuta bazarında sabitlik və institusional artım - yarım illik nəticə

2025-ci ilin ilk yarısında kriptovalyuta bazarı mülayim dinamika nümayiş etdirərək, sənayenin sürətli böyümə mərhələsindən struktur dəyişiklikləri və institusional uyğunlaşma mərhələsinə keçdiyini əks etdirdi. Ötən illə müqayisədə, kriptovalyutaların ümumi kapitallaşması 96,2% artdığı halda, cari ilin yanvar–iyun aylarında artım cəmi 1,99% təşkil etmişdir ki, bu da mövcud makroiqtisadi şəraitdə yavaşlama deyil, sabitləşmənin əlaməti kimi qiymətləndirilməlidir.
Volatillik qlobal proseslərin əksidir
ABŞ-da makroiqtisadi göstəricilərin pisləşməsi, geosiyasi münaqişələrin davam edən təzyiqləri və dünyanın ən böyük iqtisadiyyatları arasında artan tarif gərginliyi fonunda birinci rüb mənfi nəticələrlə yadda qaldı və bazar kapitallaşması 18,61% azaldı. Bu korreksiya bazar iştirakçılarının artan qeyri-müəyyənlik və riskə qarşı dözümsüzlüyə reaksiyası kimi məntiqli qəbul olundu. Lakin artıq ikinci rübdə əhəmiyyətli bir bərpa baş verdi: ümumi artım 25,32% təşkil etdi. Bu artıma əsasən ABŞ-da bitkoin üzrə spot ETF-lərin təsdiqlənməsi və rəqəmsal aktivlərin ticarətində institusional iştirakın genişlənməsi mühüm təsir göstərdi.
BTC və ETH: Dominant mövqelərin güclənməsi
Bitkoinin kapitallaşması yarımil ərzində sabit şəkildə 2 trilyon ABŞ dolları səviyyəsindən yuxarı qaldı ki, bu da onun dəyərin uzunmüddətli saxlanması funksiyasını yerinə yetirə bilən və investisiya portfelinin diversifikasiyası üçün vasitə kimi çıxış edən əsas rəqəmsal aktiv statusunu bir daha təsdiqlədi. Əvvəllər əsasən birjaxarici kanallar vasitəsilə özünü göstərən institusional investor marağı, fiziki BTC ilə təmin olunmuş tənzimlənən birja fondlarının meydana çıxması nəticəsində böyük ölçüdə açıq bazar müstəvisinə keçdi.
Əməliyyat həcminə görə ikinci mövqeyini qoruyub saxlayan Ethereum (Binance platformasındakı bütün əməliyyatların 12%-i), mərkəzləşdirilməmiş iqtisadiyyatın infrastruktur komponenti kimi mövqeyini gücləndirməyə davam etdi. BTC və ETH iştirakı ilə aparılan əməliyyatların ümumi payı 86% təşkil etdi, bu da likvidliyin konsentrasiyasını və ikinci dərəcəli tokenlər üzərində spekulyativ aktivliyin payının azalmasını əks etdirir.
ETH-a olan tələbatı yalnız şəbəkənin texnoloji üstünlükləri və DeFi məhsullarının aktiv inkişafı deyil, həm də staking həcminin artması, eləcə də öz biznes məntiqi çərçivəsində Ethereum-dan istifadə edən korporativ istifadəçilərin peyda olması təmin etdi.
Artan praqmatizmin nəticəsi olaraq steyblkoinlərin payının artması
Bazar strukturunda ən diqqətçəkən dəyişikliklərdən biri steyblkoin dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artması oldu. Onların ümumi kapitallaşması 162,2 milyard ABŞ dollarına çataraq yarım il ərzində 23,6 milyard dollar artdı, Binance ekosistemində steyblkoinlərlə həyata keçirilən əməliyyatların payı isə 71%-ə bərabər oldu.
Bu dinamika sabit dəyərə malik alətlərə üstünlük verilməsinin artdığını göstərir ki, bu da həm likvid hesablaşma vasitələrinə tələbatın yüksəlməsi, həm də əsas aktivlərin yüksək volatilliyi fonunda qiymət riskinin minimuma endirilməsi ilə izah olunur.
Steyblkoinlərin istifadəsi getdikcə ticarət çərçivəsindən kənara çıxaraq transsərhəd hesablaşmalarda, likvidliyin təmin olunmasında, xəzinədarlıq axınlarının idarə edilməsində və hətta korporativ özəl əməliyyatlarda da tətbiq olunur ki, bu da onların hüquqi statusunun rəsmiləşdirilməsinin zəruriliyinə dair tənzimləyici orqanlara təzyiqləri artırır.
DeFi-də struktur dəyişiklikləri və real iqtisadiyyatla əlaqəli modellərin inkişafı
İlin birinci yarısında mərkəzsizləşdirilmiş maliyyə (DeFi) seqmentində aqressiv spekulyativ fəaliyyət mərhələsindən daha dayanıqlı və institusional uyğun modellərə keçid müşahidə olunurdu. Əsas diqqət real aktivlərin tokenləşdirilməsi (Real World Assets), hüquqi cəhətdən şəffaf mülkiyyət strukturları və ənənəvi maliyyə sistemi ilə inteqrasiyaya yönəlmişdi.
Bu vektorun dəyişməsi blokçeyn texnologiyasının səmərəliliyini hüquqi və iqtisadi müəyyənliklə birləşdirə bilən məhsullara artan tələbatdan xəbər verir.
Ticarət aktivliyi və bazar strukturu
Yarım ilin yekunlarına əsasən, Binance platformasında ticarətlərin strukturu spot ticarətin üstünlük təşkil etdiyini göstərir — bütün əməliyyatların təxminən 60%-i məhz bu seqmentin payına düşür. Derivativ alətlər dövriyyənin 30%-ni, marja ticarəti isə təxminən 10%-ni təmin etmişdir. İkinci rübdə fyuçers alətlərinə marağın artdığı müşahidə olunmuşdur ki, bu da daha peşəkar iştirakçılar arasında etimadın qismən bərpası və hedcinq strategiyalarından istifadə meylinin güclənməsi ilə əlaqələndirilə bilər.
İnstitusional təcrübələrin möhkəmlənməsi və 2025-ci ilin ikinci yarısına dair gözləntilər
Rəqəmsal aktivlər bazarı xarici çağırışlara yüksək adaptasiya qabiliyyəti və qısamüddətli şoklara qarşı davamlılıq nümayiş etdirdi. Sektorun institusionallaşması, infrastrukturun möhkəmlənməsi və yeni tənzimlənən məhsulların meydana çıxması sənayenin ikinci yarımildə daha balanslı inkişafına ümid etməyə əsas verir.
Bu kontekstdə normativ tələblərə uyğunluq, dövlət orqanları ilə qarşılıqlı əlaqə və şəffaflıqla məsuliyyət standartlarının formalaşdırılması ön plana çıxır.
Azərbaycanda rəqəmsal aktivlər bazarı həm istifadəçilər, həm də maliyyə sistemi iştirakçıları tərəfindən sabit maraqla qarşılanır. 2025-ci ilin yanvar–aprel aylarında yerli bankların kartları ilə aparılan nağdsız ödənişlərin aylıq həcmi təxminən 10 milyard manat (≈5,9–6 milyard ABŞ dolları) təşkil etmiş, ümumi əməliyyatlar sayı isə 91% artmışdır.
Bu dinamika maliyyə xidmətlərinin sürətli rəqəmsallaşmasını və yeni alətlərə olan etimadın artdığını əks etdirir.
Bu proseslər fonunda Azərbaycan Mərkəzi Bankı əhali və biznesin rəqəmsal aktivlərə artan marağını qeyd edərək, onların ölkənin maliyyə sisteminə inteqrasiyası üçün zəruri normativ bazanın hazırlanmasını sürətləndirmək niyyətində olduğunu bəyan etmişdir. Tənzimləyici qurumun bu mövqeyi mövcud iqtisadi prioritetlərə uyğun innovativ maliyyə həllərinin inkişafı üçün əsas yaradır.
Əgər bu tendensiyalar davam edərsə, rəqəmsal aktivlərin beynəlxalq maliyyə arxitekturasında rolu tədricən artacaq və onlar qlobal kapital bazarının alternativ deyil, paralel və tamamlayıcı seqmenti kimi çıxış edəcəklər.
Binance Research analitiklərinin tam hesabatı ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: