Ermənilər Xankəndinə qayıdır, biz niyə Xocalıya qayıtmırıq?

Ermənistan baş naziri Nikol Paşinyanın dekbarın 7-də Brüsseldə gözlənilən görüşü “Makron da iştirak etsin” deyərək, sabotaj etməsi gündəmin əsas mövzularındandır. Qeyd edək ki, onun bu təklifinə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev bəyanat verərək görüşün baş tutmayacağını bildirib.
Bu, Ermənistanın danışıqların Qərb platformasından kənarlaşdırılması təşəbbüsüdür. Heç şübhəsiz ki, burada Rusiya tərəfinin də həlledici rolu var. Bəs Azərbaycan bundan sonra hansı addımları atmalıdır? İlham Əliyevin 7 dekabr görüşündən imtina etməsi ilk addımdır, ardınca hansı tədbirlərə reallaşdırılmalıdır? REAL sədrinin müavini Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat” TV-yə danışıb. Ekspert bildirib ki, Azərbaycan tərəfi doğru qərar verib: “Söhbət Şarl Mişel, Avropa Birliyi institutları çərçivəsində 1 ildən çoxdur davam edən danışıqlardan gedir. Ortada bəlli nəticələr də var. Birgə komissiyaların fəaliyyəti, görüşlərin davam etməsi AB-nin uğuru idi. Faktiki olaraq Paşinyan və Ermənistan AB-nin uğurunu sabotaj edərək, Rusiyanın önə çıxmasına, “sülhməramlı moderatorluğu” əlindən verməməsinə xidmət edir. Paşinyanın açıqladığı bu qərar bəlkə də Rusiya ilə koordinasiyalı şəkildə verilib”.
Azərbaycanın atmalı olduğu addımlara gəlincə, N.Cəfərlinin sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətləri bir başqa məsələləri özündə ehtiva edir: “Yəni, sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması bura daxildir. Amma Xankəndi və ətrafında yaşayan erməniəsilli Azərbaycan vətəndaşları məsələsi bizim daxili işimizdir. Orda cavabdeh də beynəlxalq müqaviləyə görə, Rusiyadır. İndi Rusiya tərəfinə daha sərt şəkildə 10 noyabr sazişinin yerinə yetirilməsi ilə bağlı Azərbaycan tərəfinin tələbləri zaman qoymaq şərtilə çatdırılmalıdır. Məsələn, dekabr ayının 20-nə qədər qeyri-qanuni erməni silahlı dəstələri tərksilah olunmasa, Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirə bilər. Bu, bizim haqqımızdır. İkincisi, Laçın yoluna nəzarətlə bağlı konkret addımlar atmalıyır. Burada keçid məntəqələrinin Azərbaycan tərəfindən qurulması azdır. Paralel olaraq, Rusiya sülhməramlılarının da yoxlanması lazımdır. Çünki tutalım ki, biz orada sərhəd-keçid məntəqəsi, gömürk postu qurub yoxlamalar aparacağıq, amma bu Ermənistandan Xankəndinə gedib-gələnlərə aid olacaq. Amma sülhməramlılar ermənilarə silahlandırmaq istəyirsə, əlində avtomat Xankəndinə gedəcək, qayıdanda avtomatsız qayıdacaq. Bu, bəsit misaldır. Ona görə də burada çox ciddi nəzarət lazımdır ki, sülhməramlılar bu yoldan istifadə edirsə, ciddi nəzarət və qeydiyyat aparılmalıdır. Bunlar olmasa, Rusiya ordakı qondarma rejimi ayaqda tutmaq üçün, separatçıları dəstəkləmək üçün öz qoşunları vasitəsilə onları silahlandıracaq. Necə ki, biz bunun örnəyini görmüşük. Xatırlayırsınızsa, Ağdam ərazisində bir əməliyyat olmuşdu, rus sülhməramlılarının maşınından qeydiyyatsız silah-sursat çıxmışdı. Ona görə də Azərbaycan Laçın yolunun nəzarətini sırf öz üzərinə götürməlidir. Azərbaycan tərəfi beynəlxalq hüquqa, 10 noyabr sazişinin məntiqinə uyğun olaraq, öz tələblərini irəli sürməli və praktiki addımlarını atmalıdır. Rus sülhməramlıları erməniləri gətirir Xankəndində yerləşdirir, bəs biz niyə Xocalıda yerləşmirik? Xocalı bilirsiniz ki, əvvəldən tükr torpağı olub, orada heç erməni də yaşamayıb”.
FAMİL