Qızlarımızı “Sən şəxsiyyətsən!” ruhunda böyütməliyik - MÜSAHİBƏ

Mən qəhrəmanımı uzaqda axtarmayacam. Qız uşaqlarını anamdan sonra mənə sevdirən ikinci qadındır o. Mənə 3 qız atası olmaq xoşbəxtliyini yaşadan qadın, həyat yoldaşım Həbibə Abdulla ilə müsahibəni sizə təqdim edəcəm. Müsahibədə qorxulu statistikalara yox, qız övladını necə böyütmək olar sualının cavabına, qızlara sevgi aşılayan fikirlərə yer verəcəyik.
Yadımdadır, Həbibə 3-cü qızımıza hamilə olanda ilk USM müayinəsində ona qızın olacaq deyilmişdi. Bəlkə də ürəyində mənə görə hansısa nigarançılıq vardı - üçüncü qızımız olacaqdı deyə. Növbəti USM müayinəsindən çıxanda mənə dedi ki, sənə bir şad, bir pis xəbərim var. Dedim buyur. “Həkim dedi ki, 90 faiz oğlandır uşaq...” – dedi. “Bəs şad xəbər hansıdır?” – deyə soruşduqda bir anlıq duruxdu. Sonralar həmişə deyir ki, o andan sonra dəqiq bildim ki, Səbuhi gerçəkdən qız uşaqlarının aşiqidir. Onunla müsahibəmdə isə mən əmin oldum onun 3 qız anası olduğu üçün xoşbəxt olduğuna. Qeyd edim ki, bu, həm də müsahibə janrında mənim ilk yazımdır. Beləliklə, tanınmış jurnalist, 3 qız övladı ilə fəxr edən, onların nümunəvi böyüməsində əvəzsiz paya sahib olan ana Həbibə Abdulla ilə müsahibəmi təqdim edirəm:
- Həbibə, sənə qəribə gəlirmi mənim səndən müsahibə götürməyim?
- Sözün doğrusu, bəli, qəribədir. Amma çalışacam ki, səmimi olum, çünki mövzu çox aktual və vacibdir.
- 3 qız anası olmaq, daha çox nə deməkdir – məsuliyyət, sevgi, yoxsa qorxu?
- Təbii ki, ana olmaq ilk növbədə məsuliyyət deməkdir. Qız, yaxud oğlan, fərqi yoxdur, övladın əvvəla, sağlamlığının, ikincisi isə insan kimi yetişməsinin məsuliyyəti var hər bir valideynin üzərində. Qız anası olmaq iki qat məsuliyyət deməkdir mənim üçün. Amma ona görə yox ki, mən qorxuram, hansısa situasiya, tendensiya məni narahat edir. Xeyr. Mən sadəcə qızlarımı stereotiplərdən uzaq böyütməyə çalışıram. “Sən qızsan, belə geyinməlisən”, “Sən qızsan bunu etməlisən”, “Sən qızsan onu danışmamalısan” kimi sözlər demirəm uşaqlara. Qızlarımızı “Sən insansan!” ruhunda böyütməliyik. Əgər bu gün qızlarımın müəllimləri hər biri ayrı-ayrılıqda mənə “mükəmməl övlad böyüdürsən, halal olsun” deyirsə, təbii ki, mən qızlarımla daha çox qürur duyuram və doğru yolda olduğuma əmin oluram.
- Mənim diqqətimi evdə həmişə bir məqam çəkir: sən uşaqları heç nəyə məcbur etmirsən. Dərs oxumağa, yemək yeməyə, oyun oynamağa və s. Uzaqbaşı xatırladırsan dərsin var, yemək vaxtıdır deyə. Bu, sənin xüsusi tərbiyə üsulundur, yoxsa, xarakterindir?
- Hərdən özümü laqeyd hesab edirəm, elə bilirəm ki, laqeydəm, amma görəndə ki, uşaqların dərsləri, sağlıqları hamısı nizamlıdır, anlayıram ki, basqının olmaması onlar üçün müsbət nəticə verir. Uşaq psixologiyası elədir ki, nəyi elə desən, ona həvəssiz yanaşacaq. Ona görə mən sadəcə dərs oxumayanda nə olacağını deyirəm qızlara. Məsələn, ən böyük “silahlarım”dan biri müəllimlərdir. Həmişə deyirəm ki, şagird dərsini yaxşı oxumayanda müəllimin maaşını azaldırlar. Ona görə qızlar daha məsuliyyətli yanaşırlar. Nərgiz (böyük qızımız, 4-cü sinif şagirdi – S.Q.) hələ də elə bilir ki, sinifdə nə qədər çox yaxşı oxuyan olsa müəllim o qədər çox maaş alır. Həm də onlar məhz qız olduqları üçün təzyiqdən çəkinirəm. Onsuz da bir neçə ildən sonra cəmiyyətə qarışdıqda bu basqını hiss edəcəklər üzərlərində.
- Həbibə, bilirsən ki, qız uşaqlarının abort edilməsi ilə bağlı ölkəmizdə statistika ürəkaçan deyil. Bu yaxınlarda rəqəm açıqlandı, məlum oldu ki, doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulması istiqamətində Azərbaycan dünya üzrə birinci yerə “sahiblənib”. Bu məsələ cəmiyyətdə birmənalı qarşılanmadı, hətta razılaşmayanlar da oldu. Sən dəfələrlə qadın məsləhətxanalarına, doğum evlərinə getmisən və hər dəfə müxtəlif halların şahidi olmusan. Ümumi mənzərə necədir? Qız uşaqlarına münasibət gerçəkdən faciəvidirmi?
- Təəssüf ki, bəli. Sonuncu dəfə mart ayında səhhətimlə bağlı Respublika Perinetal Mərkəzdə oldum. Bir gənc xanım aborta hazırlaşırdı, amma çox ağlayırdı. Əvvəlcə elə bildim hamiləliyində nəsə problem var, soruşdum, dedi ki, 2 aylıq hamilədir, test ediblər qız göstərib, yoldaşı və anası istəməyiblər bu uşağın doğulmasını. “Evdə bir qızım var, ikincinin qız olmasına razı deyillər, məcbur etdilər, gəldim abort etdirməyə” – dedi. Təsəvvür edirsən, ana öz qızını gətirib ki, bətnindəki qızı abort elətdirsin. Niyə? Qız övlad deyilmi? Nə üçün məhz oğlan övladın da olmalıdır? Niyə biz qadınlar özümüzə bunu rəva görürük? Mən həmin xanımla xeyli söhbət etdim, onu yolundan dönməyə, xəstəxanadan çıxıb abortdan imtina etməyə səslədim. Hətta ağladım. Mən deyəndə ki, evdə 3 qız övladım var və səhhətim imkan versə dördüncü, beşinci qızı da gətirərəm dünyaya, hər kəs məəttəl qalmışdı. Oradakı həkim, tibb bacıları belə təəccüblə qarşıladılar fikirlərimi. Sanki uzağı 2-dən artıq qız doğmaq hansısa qaydaları pozmaqdır. Bir oğlan övladının olması hansısa qanunda əksini tapıbmış kimi yanaşırlar bir çox insanlar. Belə deyil. Əvvəla, yuxarıda da dediyim kimi, qız, yaxud oğlan, fərqi yoxdur, ən vacib məsələ çalışıb sağlam övlad gətirməkdir dünyaya. Bunun üçün hamiləliyin düzgün izlənilməsi, müntəzəm yoxlamalardan keçilməsi lazımdır. İkincisi, valideynin əsas vəzifəsi övladını şəxsiyyət kimi, layiqli vətəndaş kimi yetişdirməkdir. Övlad Allahın insana verdiyi ən böyük nemətdir. Yaxşı övlad yetişdirmək isə insanın Allah qarşısında, cəmiyyət qarşısında gördüyü ən gözəl əməldir.
- Həmişə şikayətlənirsən ki, 3 qızım olduğunu bilənlər mənə deyir bir oğlan mütləq lazımdır. Səncə də mütləq lazımdırmı oğlan uşağı?
- Bu məsələdən günlərlə danışaram, etiraz edərəm, yorulmaram. Hətta mən hirslənirəm o sözü mənə deyən olanda. Üçüncü qızımıza hamilə olanda da çox adam deyirdi “hə, düz eləmisən, oğlan lazımdır”. Halbuki mən heç kimə deməmişdim ki, oğlum olacaq, yaxud oğlum olsun deyə üçüncü övladı gətirirəm dünyaya. Ümumiyyətlə isə bu məsələlərdə ailələrin işinə qarışmaq yersizdir. Axı kim nə bilir ki, mənim arzum oğlan doğmaqdır, yoxsa qız? Düşünürəm ki, artıq məni tanıyanların hamısına qızlarımla xoşbəxt olduğumu, 3 qız anası olduğum üçün özümü bəxtiyar hiss etdiyimi sübut edə bilmişəm. Qızlarıma “gözün üstə qaşın var” deyən olsa, qarşısında heç vaxt görmədiyi Həbibəni görər. Onlara öyrətmişəm, kim “sən qızsan, bunu edə bilməzsən” desə, cavabları “mən insanam” olacaq. Hər zaman bunu xatırladıram övladlarıma. Hər zaman da onların arxasında dayanacam.
- Təbii ki, tək olmayacaqsan, mən də səninlə bərabər olacam. Qızlarımın mənimlə bağlı fikirləri maraqlıdır. Bu, həm də mənim necə ata olmağıma aydınlıq gətirəcək, oxucularımız arasında da oxuyub nəticə çıxaran olsa, bizim üçün böyük xoşbəxtlik olar.
- Səni hədsiz çox sevirlər, bilirsən. Bəzən sinif yoldaşları, yaxud məhlədə bir yerdə oynadıqları uşaqlar ataları haqda pis danışırlar, qızlar məəttəl qalırlar. Xüsusilə Nərgiz gəlib mənə danışır, heyrət edir ki, adam necə atasından pis danışa bilər?! Sinif yoldaşları oğlanlar bir-birləri ilə ataları haqda şit zarafat etmişdilər, Nərgiz şokda idi. Deyir, mənim atama elə söz deyən olsa, döyərəm. Sən işdə olanda hər dəqiqə evdə səni axtarırlar, “görəsən, atam indi neynir” deyə maraqlanırlar, məndən sənə tez-tez zəng etməyi xahiş edirlər. Mən həmişə sənə demişəm, şükür ki, qızlarımın öz atam kimi ataları var.
- Bu günlərdə oğlu və gəlini tərəfindən təzyiqlərlə üzləşən yaşlı qadın haqda məlumat yayıldı. O da məlum oldu ki, həmin qadın hazırda qızının evində yaşayır. Təbii ki, bir daha vurğulayım, övlad övladdır, amma cəmiyyətdə bu məsələyə birmənalı münasibət olmadı. Mənə maraqlıdır, sən hansı hissləri keçirdin xəbəri oxuyanda?
- Çox ağır mənzərədir. İllərlə əziyyətini çəkib, böyüdüb boya-başa çatdırdığın oğul səni incidir və sən gedib qızının yanında qalırsan. Bəlkə bu gün ikinci, üçüncü övladını qızdır deyə abort etdirən analar-atalar da gedib nə vaxtsa həmin o bir qıza möhtac olacaqlar. Bizim cəmiyyətdə belə bir inam var ki, adətən valideynə qız övladı daha yaxşı baxır, daha çox can yandırır, nəinki oğlan. Düzdür, bunun statistikası aparılmayıb, dəqiq rəqəm yoxdur ortada, lakin elin də gözü tərəzidir deyib atalarımız. Amma mən yenə də övladı bu fikirlə böyütməyin tərəfdarı deyiləm. Qoy övladlarım uğur qazansın, karyerada irəliləsin, dövlətə, xalqa xeyirli olsun. Bu, hər şeyə dəyər.
- Necə düşünürsən, həm dində, həm qanunlarımızda qadına kifayət qədər haqq-hüquq tanındığı halda, bizdə qız uşaqlarına qarşı “hücum” nədən qaynaqlanır?
- Mən düşünürəm ki, selektiv abortların bir ucu gedib demoqrafik vəziyyətə çıxır. O mənada ki, ailələr çalışırlar ki, maksimum iki uşaq gətirsinlər dünyaya, onun da arasında balansı qorusunlar, bir qız, bir oğlan olsun. Fikrimcə, bir sıra sosial ödənişlər bərpa olunsa, bu problem aradan qalxar. Məsələn, çoxuşaqlı ailə anlayışı, uşaqpullarının verilməsi kimi məsələlər həllini tapmalıdır. Artıq elə vəziyyət yaranıb ki, 4 uşaqlı ailə çoxuşaqlı hesab edilir. 5 və daha çox uşaqlı ailələrin sayı xeyli azalıb. Uşaqpulları ilə bağlı artıq çox deylib, yazılıb, təəssüf ki, hələ nəticə yoxdur. İnanıram ki, hökumət əvvəl-axır bu istiqamətdə müsbət qərar verəcək. Məsələnin dini tərəfinə gəldikdə, təəssüf ki, ana bətnində olan uşaqdan qız olduğu üçün imtina edən ailələr arasında dinə meylli olanlar daha çoxdur. Baxmayaraq ki, abort dinə görə günah sayılır, namaz qılıb, oruc tutan insanlar qız-oğlan seçimi üçün buna gedirlər. Mən bunu şəxsi müşahidələrimə əsasən, əminliklə deyirəm. Bu məsələdə də rəsmi statistika yoxdur, lakin istər tanışlar arasında, istər xəstəxanalarda gördüklərim arasında bətnindəki körpə qız olduğu üçün abort etdirən hicablı xanımlar üstünlük təşkil edib həmişə. Halbuki gözəl dinimiz yer üzünə gələndə ilk buyruğu qızların məhv edilməsinə qarşı çıxmaq olub, mövcud olan bu eybəcər ənənənin qarşısını alıb. Yaxşı olar ki, selektiv aborta hazırlaşan ailələr bir daha fikirləşsinlər, həm Allah, həm insanlıq qarşısında məsuliyyətlərini daha dərindən düşünsünlər.
- Qızların təhsili ilə bağlı maraqlı yanaşman var. Hətta mənə də təbliğ etmisən, düşünürəm ki, oxucularımız üçün də faydalı olar...
- Bəli, mən qızlarımın təhsil almasında bir ana kimi maraqlıyam, lakin qərarlı deyiləm. Yəni, bu qərarı mən, sən, biz verməyəcəyik. Hər zaman danışdığımız kimi, qızlarımıza oxumağı, ali təhsil almağı təbliğ edəcəyik, lakin bunu onların qarşısında şərt kimi qoymayacağıq. Qoy onlar orta məktəbi yaxşı oxusunlar, bütün elmlərə vaqif olsunlar, istəsələr ali təhsil alarlar, istəməsələr almazlar, gedər hər hansı bir peşənin sahibi olarlar. Əgər hansısa desə ki, mən oxumaq istəmirəm, dərzi olmaq istəyirəm, var qüvvəmlə ona dəstək olacam. Dərzi məsəl üçün dediyim peşədir, istənilən peşəyə sahiblənə bilərlər. Qərarlarının nə olmasından asılı olmayaraq, dəstəyimi əsirgəməyəcəm. Bütün qız analarına səslənirəm: qızlarınızın arzularının, xəyallarının arxasınca getmək üçün onlara yardım edin, dəstək olun. Onları hamıdan, hər şeydən çox sevin! Heç vaxt düşünməyin ki, qızım bunu etsə camaat nə deyəcək. İmkan verin öz həyatlarını istədikləri kimi, onlara rahat olan kimi yaşasınlar. Siz onlara sadəcə yaxşı həyatın, yaxşı insan olmağın necə olduğunu öyrədin.
Səbuhi QAFAROV
“Bu yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur”