Süni intellekt bəşəriyyət üçün təhlükəyə çevrilir
Dünyanın ən zəngin investorları süni intellekt sektoruna milyardlarla yatırımlar edirlər. Hədsiz böyük rəqabət formalaşıb bu mühitdə. Güman ki, ən yaxın zamanlarda biz tamamilə yeni bir texnoloji dünyanın şahidi olacağıq.
AFN.az xəbər verir ki, bunu İT mütəxəssisi Osman Gündüz deyib. O, süni intellekt sahəsində araşdırmaları dayandırmaqla bağlı məşhur müraciətə imza atan İlon Maskın özünün süni intellekt şirkəti yaratmasını şərh edib. İT sektorunda bütün oyun qaydalarının pozulduğunu deyən mütəxəssisin sözlərinə görə, süni intellektin bəşəriyyət üçün təhlükələr yarada biləcəyini söyləyib buna imza atanlar özləri bu sahədə böyük işlərə girişirlər. Belə ki, İlon Maskın "Tesla", "SpaceX", "Starlink", "Twitter", "Neuralink" və s. şirkətlərinə daha biri əlavə olunub. Bir neçə gün öncə o, X.Aİ süni intellekt şirkəti yaradıb. Mask hazırda bu şirkət üçün ən yaxşı mütəxəssisləri və investorlar cəlb etməklə məşğuldur.
Maraqlıdır ki, hazırda ən öndə gedən "ChatGPT" süni intellekt həllinin sahibi olan "Open.Aİ" şirkətinin formalaşmasında da İlon Mask iştirak edib. Sonradan fikir ayrılıqları olduğundan bu şirkətdən kənarlaşıb: "Güman etmək olar ki, İlon Mask hazırda bazar dəyəri 30 milyard dollar olan bu qurumdan ayrılmaqla hesablaşmaq istəmir. Həm də, onun da imzası olan müraciətə etinasızlıq dünyanın ən zəngin insanını, necə deyərlər hirsləndirib. Görünən odur ki, süni intellekt bazarında kəskin rəqabət formalaşmaqdadır".
O.Gündüzün sözlərinə görə, texnologiyaların inkişafının yarada biləcəyi təhlükələrlə bağlı oxşar müraciətlər əvvəllər də olub: "Xatırlayıram ki, bir neçə il öncə süni intellektdən müharibələrdə istifadə edilməməsi ilə bağlı məşhurların hökumətlərə müraciəti olmuşdu. Amma heç bir nəticəsi olmadı. Görünür, İlon Maskın "Apple" və "Ripple" kimi nəhəng qurumların rəhbərlərinin və məşhur universitetlərin professorlarının da süni intellekt sahəsində araşdırmaların dayandırılması ilə bağlı məktubuna mövcud bazar oyunçuları tərəfindən heç bir reaksiya verilməməsi bu bazara yeni, daha nəhəng oyunçuların daxil olmasına səbəb olacaq. Bütün qeyd olun təhlükələrə baxmayaraq, bəşəriyyət süni intellektin bu formada sürətli və rəqabətli formada inkişafından nə qazanacaq? Xeyri, yoxsa fəsadları çox olacaq? Hələlik bunu proqnozlaşdırmaq asan deyil".