Texnologiya liderləri süni intellekt qaydalarına dair ABŞ senatorları ilə həmfikirdirlər
"Tesla" və "SpaceX"-in baş icraçı direktoru (CEO) İlon Mask texnologiya nəhənglərinin ABŞ Konqresində senatorlarla bir araya gəldiyi toplantıda süni intellekt qaydaları ilə bağlı ciddi konsensusun əldə edildiyini açıqlayıb.
BBC-nin məlumatına görə, Nyu-Yorkun demokrat senatoru Çak Şumerin rəhbərliyi ilə Konqresdə keçirilən ilk süni intellekt forumuna 22 texnologiya şirkəti rəhbəri, hər iki partiyadan senatorlar, həmkarlar ittifaqı və vətəndaş cəmiyyəti nümayəndələri qatılıb.
Mask mətbuata verdiyi açıqlamada ABŞ senatorları ilə görüşlərdə süni intellektlə bağlı tənzimləmələrlə bağlı razılığa gəldiyini qeyd edib.
O, iclasda senatorlara süni intellekt üçün hakim istədiyini bildirib: "Yəqin ki, bunların baş verdiyini görəcəyik. Bunun hansı dövrdə və ya tam olaraq necə ortaya çıxacağını bilmirəm".
Zukerberq isə ABŞ Konqresinin yenilikləri dəstəkləmək üçün süni intellektlə qarşılıqlı əlaqədə olması lazım olduğunu vurğulayaraq, standartların mühüm mövzularda bu modelləri formalaşdırmaq üçün hökumətlə işləyə biləcək Amerika şirkətləri tərəfindən müəyyən edilməsinin daha yaxşı olacağını deyib.
Respublikaçı senator Mayk Rounds da Konqresin hərəkətə keçməsinin zaman alacağına işarə edərək, "Biz çıxıb qanun yazmağa hazırıqmı? Qətiyyən yox. Hələ orada deyilik" - deyə bildirib.
Demokrat senator Kori Buker bildirib ki, bütün iştirakçılar hökumətin süni intellektlə bağlı tənzimləyici rolu olması ilə razılaşırlar, lakin qanunvericilik hazırlamaq çətin olacaq.