ABŞ səfirinin Şuşa səfəri: dəyişən siyasi reallıq


ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə Şuşaya səfər edib. AFN.az xəbər verir ki, səfirin uzun müddətdən sonra bu səfəri reallaşdırması və ABŞ-ın ölkəmizdəki səfirliyinin bu xəbəri, eyni zamanda səfərdən fotoları paylaşması birmənalı qarşılanmayıb. Xatırladaq ki, ABŞ səfirinin indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərdən imtina etməsi ictimai qınaqla üzləşmişdi. Bu səfəri zəruri edən nə oldu?




Siyasi şərhçi Müşfiq Abdulla saytımıza açıqlamasında Mark Libbinin Şuşa səfərinin ciddi marağa səbəb olduğunu bildirdi: “Məlum olduğu kimi, 2021-ci ildən etibarən Azərbaycan dövləti ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin və diplomatik nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərini təşkil edirdi. Mütəmadi həyata keçirilən bu səfərlər daha çox tanışlıq xarakteri daşıyırdı. Lakin hər dəfə bəzi ölkələrin, o cümlədən ABŞ-ın Bakıdakı səfiri o ərazilərə, xüsusilə də Şuşaya getməkdən imtina edirdilər. Səfirlik bu mövqeyinin səbəbini açıqlamasa da, imtinanın birbaşa ABŞ-dakı erməni diasporunun və lobbisinin təzyiqi altında baş verdiyi aydın idi. Görünür, Vaşinqton erməni diasporu və erməni lobbisi ilə münasibətləri korlamaq istəmirdi. Həm də burada ABŞ səfirliyinin mövqeyinə təsir göstərən daha bir mühüm məqam həmin dövrdə siyasi şəraitin də fərqli olması idi. Məlumdur ki, o dövrdə ermənilər Qarabağa, Şuşaya qayıdacaqlarına dair xülyalar səsləndirir, kampaniya xarakterli bəyanatlar irəli sürürdülər. Eyni zamanda Qarabağda separatçı rejim hələ fəaliyyətini davam etdirirdi. Bütün bunlar ABŞ-ın xarici siyasətinə təsir göstərirdi. ABŞ bu məsələdə Azərbaycanın maraqlarını tam nəzərə almırdı, daha çox ermənilərin maraqlarını əsas götürürdü. Ancaq indi siyasi reallıq dəyişib. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib. Hətta işğaldan azad edilmiş ərazilərdə, keçmiş separatçı rejimin mövcud olduğu ərazilərdə seçkilər də keçirib, öz konstitusion hüququnu tam bərpa edib. Ona görə də ABŞ səfirinin indiki şəraitdə Şuşaya səfər etməsi artıq ABŞ-ın yeni siyasi reallıqları qəbul etməsindən xəbər verir. Yəni artıq ABŞ da ermənilərin kütləvi şəkildə Qarabağa geri dönməyəcəyini anlayır. Eyni zamanda rəsmi Vaşinqton onun da fərqindədir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini yenidən mübahisəli ərazi kimi təqdim etmək ABŞ-ın iki ölkə arasında sülh istiqamətində atdığı addımlara zərbə vura bilər. Bu, ABŞ-ın sülh missiyasına ziddir. Artıq Ermənistan özü konstitusion və qanunvericilik səviyyəsində olmasa da, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib. Tərəflərin sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində xeyli addım atdıqları, yaxınlaşdıqları bir məqamda ABŞ-ın erməniyönlü mövqe tutaraq, ermənilərin maraqlarından çıxış edərək yenidən işğaldan azad edilən ərazilərə səfərdən imtina etməsi ötən ildən davam edən Vaşinqton platformasında ABŞ-ın vasitəçilik səylərini, sülh təşəbbüslərini zədələyə bilər. Ona görə də hesab edirəm ki, ABŞ siyasi reallıqları nəzərə alan bir mövqe sərgiləyir”.



M.Abdulla səfirin bir neçə gün əvvəl ölkə mediasına verdiyi müsahibədə işlətdiyi ifadələri də xatırlatdı. Bildirdi ki, bu səfər həmin ifadələri kompensasiya etmir: “Səfir işğaldan azad edilmiş ərazilərə, yaxud Şuşaya səfəri “siyasi şou” adlandırmışdı. Bu qətiyyən siyasi şou deyil. Azərbaycan öz suveren əraziləri ilə tanışlıq xarakteri daşıyan səfərlər təşkil edir və ermənilərin oralarda törətdiyi vəhşilikləri, etnik təmizləməni, ekoloji terrorun ağır nəticələrini beynəlxalq ictimaiyyətə təqdim edir. Odur ki, Mark Libbinin bunu siyasi şou adlandırması yerinə düşməyən, uğursuz termin idi. Siyasi şou daha çox ABŞ-ın Nümayəndələr Palatasının 2022-ci ilin sentyabrında seçkilərdə erməni diasporunun səsini qazanmaq üçün Ermənistana səfər etməsi, yaxud ABŞ-ın Ermənistandakı səfirinin Azərbaycanla şərti sərhədə gəlib oradan siyasi bəyanatlar verməsi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməsi idi. Azərbaycanın öz suveren ərazilərinə səfərlər təşkil etməsi qanunsuzluq deyil. Əgər belədirsə, o zaman səfir Libbi siyasi şounun iştirakçısına çevrilib. Hesab edirəm ki, səfir bu səfərlə artıq rəsmi Vaşinqtonun mövqeyini Azərbaycana çatdırıb. Bu mövqe isə Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, yeni status-kvo ilə barışmasından ibarətdir”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu