Dinozavrları məhv edən asteroid ehtimal ki, nəhəng palçıq topu olub
66 milyon il əvvəl Yerdəki həyatın taleyi kəskin şəkildə dəyişdi. Meksikanın Yukatan yarımadasına düşən asteroidin zərbəsi dinozavrlar da daxil olmaqla bir çox heyvan növünü məhv edib. Amma bu asteroidin özündən demək olar ki, heç nə qalmayıb.
“Science” elmi jurnalında dərc olunan yeni araşdırma dinozavrları məhv edən bu asteroidin kimyəvi quruluşunu ortaya çıxarıb. Tədqiqata görə, bu asteroid nadir, gillə zəngin palçıq topu idi və günəş sistemimizin əvvəlindən olan materialları ehtiva edirdi.
Asteroidin diametri təqribən 6 ilə 9 mil (9,7 ilə 14,5 kilometr) arasında idi və Yerə dəydikdə demək olar ki, tamamilə buxarlanmışdı. Zərbənin yaratdığı toz buludları günəş işığını bloklayıb, illərlə davam edən soyutma dövrünü başladıb və bu, kütləvi məhvə səbəb olub.
Asteroidin kimyəvi izləri Yer kürəsinin bir çox yerində tapılan nazik gil təbəqəsi kimi qalıb. Bu nazik gil təbəqəsinin, ümumiyyətlə su, gil və üzvi birləşmələri ehtiva edən karbonlu xondrit adlı qədim kosmik qaya növünə aid olduğu müəyyən edilib.
Tədqiqatçılar qeyd ediblər ki, belə toqquşmalar nadir hallarda baş verir, lakin gələcəkdə Yer kürəsinin də oxşar asteroidlə qarşılaşması ehtimalı var. Buna görə də bu cür kosmik süxurların xüsusiyyətlərini başa düşmək gələcəkdə mümkün toqquşmanın qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.
Mənbə: CNN International