Uranda günlər əvvəllər hesablanandan daha uzundur

Yeni müşahidələr Uranda bir günün əvvəllər hesablandığından 28 saniyə daha uzun olduğunu ortaya qoyub.
Alimlərin fikrincə "Hubble" kosmik teleskopu tərəfindən toplanan məlumatlar Uranın öz oxu ətrafında tam fırlanmasını 17 saat 14 dəqiqə 52 saniyəyə tamamladığını göstərir.
Bu, 1980-ci illərdə NASA-nın "Voyager 2" kosmik gəmisi tərəfindən edilən təxminlərdən 28 saniyə uzundur.
Fransız alimlərinin rəhbərlik etdiyi bir qrup Uranın fırlanma dövrünün daha dəqiq hesablanmasını təmin etmək üçün buz nəhənginin maqnit qütblərini izləyərək onillik avrora (qütb işığı) müşahidələrini təhlil edib.
Günəşlə məsafədə yeddinci planet olan Uranın günəş ətrafında fırlanma müddəti təxminən 84 yer ilidir.
Tədqiqatın aparıcı müəllifi, Paris Rəsədxanasından Loren Lami "Hubble"dan davamlı müşahidələrin bu tapıntıların əldə edilməsində çox vacib olduğunu deyib.
Lami və komandası təklif edib ki, bu üsul avrora və maqnitosferlə istənilən göy cisminin fırlanmasını təyin etmək üçün tətbiq oluna bilər.
"Nature Astronomy" jurnalında dərc edilən tapıntılar "Hubble"ın buraxılmasının qarşıdan gələn 35-ci ildönümü ilə üst-üstə düşür.
Xatırladq ki, kosmik teleskop 24 aprel 1990-cı ildə NASA-nın "Discovery" kosmik gəmisi tərəfindən orbitə yerləşdirilib.