Ana dilimizi ölməyə qoymayaq!
İmtiyazlarından, sərvətlərindən yararlandığı, torpağında böyüdüyü vətəninin, ölkəsinin dilini bilməyən birini birmənalı olaraq nankor adlandırıram. Uzun zamandır ki, maraqlı bir tendensiya yaranıb və cəmiyyətdə sürətlə kök atmaqdadır. Belə ki, xarici dillərdən hər hansı birini bilməyən insanın iş tapması və uğurlu karyera qurması getdikcə müşkülə çevrilir. Əksər hallarda ingilis və rus dilini mütləq şəkildə bilmək işə götürən tərəfin əsas tələblərindən biridir. Bu səbəbdən də valideynlər övladlarının gələcək iş həyatında uğur əldə etməsini təmin etmək üçün onların ya rus bölməsində, ya da ingilis təmayüllü təhsil ocaqlarında oxumasını seçirlər.
Təbii ki, oxuyub-yazdığı dildə danışmaq uşaqlara daha asan gəlir və onlar kiçik yaşlarından ana dilində danışmaq vərdişindən məhrum olurlar. Mən bunun əleyhinə deyiləm, yaxşı, başa düşürəm ki, günü-gündən qloballaşan dünyada əmək bazarında rəqabətə davam gətirmək üçün əlavə dil bilgiləri mütləqdir. Ancaq dediyim kimi, bu, əlavə dil olmalıdır və Azərbaycanda fəaliyyət göstərən hər bir müəssisə əgər bu millət üçün çalışırsa, ona xidmət edirsə, işə qəbul zamanı ana dilini səlis bilməyi əsas tələb kimi qoymalıdır.
Əslində bütün bunların kökündə qloballaşma və inteqrasiya proseslərinin mənfi nəticələri dayanır. Qloballaşma və inteqrasiya xalqların mənsub olduğu fərdi mədəniyyətlərin və milli mənəvi dəyərlərin tədricən unudulub yerində bütün dünya xalqları üçün ümumi bir mədəniyyətin formalaşmasına şərait yaradır. Dil hər bir xalqın fərdiliyini özündə təcəssüm etdirən çox mühüm bir amil olduğu üçün bu proseslərin təsiri ilk öncə ana dilində hiss olunur. Bunun nəticəsidir ki, bu günlərdə cəmiyyətimizdə “ingilis dili beynəlxalq dildir” və ya” ikinci ana dilidir” kimi ifadələr tez-tez işlənməyə başlayıb. Çox təəssüflə etiraf etməli olduğum başqa bir səbəb isə son zamanlar insanlarımızın xarici dildə danışmağı prestij hesab etməsidir. Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, xarici dildə danışan insan daha səviyyəlidir. Əgər sosial şəbəkələrdə yazılan statuslara və rəylərə fikir versək, görərik ki, əksər fikirlər ingilis, rus, ya da türk dilində yazılıb. Amma mən bunun ana dilimizə hörmətsizlik olduğunu düşünürəm. Mən özüm 3 xarici dil bilirəm, amma onlardan yalnız dərs və iş prosesində, bir də əcnəbi insanlarla danışarkən istifadə edirəm. Bu günə qədər xarici dildə hansısa fikir paylaşdığımı xatırlamıram, çünki ana dilində danışmağı onu təbliğ etməyin əsas üsulu hesab edirəm. Bir də ki, mənim ana dilim hər bir fikri, emosiyanı və situasiyanı ifadə edə biləcək qədər zəngin dildir, bunun üçün hansısa xarici dilə ehtiyacım yoxdur.
Röyanə CƏFƏR