“Şahdağ” Turizm Mərkəzi dövlətdən asılılığı azaltmağı hədəfləyib


“Dövlət tərəfindən “Şahdağ” Turizm Mərkəzinə investisiya qoyulur və bu vəsaitlə yeni hotellər, xizək yolları, kanatlar, əyləncə məkanları tikilir. 2024-cü ilin ortalarında 120 otaqlı yeni bir hotel istifadəyə veriləcək. Eyni zamanda xizək üzrə beynəlxalq səviyyəli yarışların “Şahdağ”da keçirilməsi üçün gələn həftədən tikinti işlərinə başlanacaq”.




Bunu jurnalistlərə açıqlamasında “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov deyib. Onun sözlərinə görə, mərkəzin gəlirləri ildən-ilə artır, paralel olaraq da dövlətdən asılılıq azalır: “Zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq”.



QSC sədri hesabatda göstərilən 100 milyon manata yaxın zərərin 2016-cı ildən bu günə qədərki toplam zərər olduğunu bildirib: “Bu, nəğd zərər deyil, orada vergilər və digər xərclər də var. Qeyd edim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir.

İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir. Həmçinin 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon, yəni 235 faiz daha artıq olub. 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi”.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu